Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Məişət zorakılığı kənar müdaxilədən və ağır maddi durumdan doğur”

“Məişət zorakılığı kənar müdaxilədən və ağır maddi durumdan doğur”

Qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır. Baş Prokurorluğun məlumatına əsasən, təkcə bu ilin I yarımili ərzində 33 qadın qəsdən adam öldürmə üzrə cinayətlərin qurbanı olub. Zorakılığa məruz qalan qadınlar niyə öldürülür? Bu cinayətlər hansı zəmində baş verir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə Azvision.az -a açıqlamasında bildirib ki, məişət zəminində qadınların zorakılığa məruz qalması əsasən ailələrə kənar müdaxilələrin olması və ya həmin ailənin iqtisadi vəziyyətinin aşağı olması zamanı baş verir.

“Məişət zorakılığının baş verməsində müxtəlif səbəblər var. Amma ailələrə kənar müdaxilə bu sırada ilk pillədədir. Problemlərin qarşısını almaq mümkünür. Lakin bəzən döyülən şəxslər məişət zorakılığının qurbanı olduğunu bilmirlər. Çünki məişət zorakılığı ilə bağlı anlayışları yoxdur. Belə hadisələri sırf cinayət törədən və ya zərərçəkənin təhsilsiz olması ilə əlaqələndirmək olmaz. Eyni zamanda şəxslərin narkotik istifadəçisi olması və ya sərxoş halda bu hadisəni törətdiklərini də deyə bilmərik. Məsələn, hadisə olub, araşdırma zamanı məlum olub ki, qadının istəyi olmadan, ailələrin müdaxiləsi ilə nikaha məcbur edilib. Məcburi evlilikdə qadın sonradan şiddətə və zorakılığa məruz qalır, sonda qətl edilir”.

Qadın ölümlərinin ildən-ilə artdığını deyən R.Süleymanzadə qeyd edib ki, məişət zorakılığı yaxın qohumluq münasibətlərində birgə və ya əvvəllər birgə yaşamalardan sui-istifadə etməklə bir şəxsin digər şəxsə qarşı törətmiş olduğu fiziki və ya mənəvi-psixoloji zorakılıqdır:

“Məişət zorakılığı hadisələrində çox zaman zərərçəkmiş şəxs ölənə qədər dəfələrlə işgəncəyə məruz qalır, amma bu barədə aidiyyatı qurumlara məlumat vermir. Nəticədə belə ölüm hadisələri olur. Bu dövrdə vətəndaşlar dövlət qurumları, hüquq-mühafizə orqanlarına vaxtında müraciət etməlidirlər”.

Komitə rəsmisi qeyd edib ki, 2021-ci ilin yanvar ayından 30 iyul tarixinə qədər 16 məişət zorakılığı faktı ilə bağlı zərərçəkənə mühafizə orderi verilib.
“Bu, elə də böyük rəqəm deyil. Səbəb isə məlumatsızlığın olmasıdır. Bu dövrdə komitəyə 166 ərizə-şikayət daxil olub. Onların 111-i ilə bağlı rayon icra hakimiyyətlərindən artıq cavab alınıb. Qadınlara qarşı işgəncələrin qarşısını almaq üçün təkcə dövlət yox, vətəndaş cəmiyyəti instututları da yardımçı olmalıdır. Eyni zamanda əhali tərəfindən ictimai qınaq da olmalıdır. Belə olmasa, o zaman qadın ölümlərində saylar daha da çoxalacaq”.

R.Süleymanzadə bildirib ki, pandemiya dövründə belə cinayətlərin sayında əvvəlki illərlə müqayisədə artımlar müşahidə edilir:

“İstər-istəməz mütəmadi olaraq işə gedən şəxslərin qapanmalarda evdə qalması ailədə söz-söhbətə səbəb olur. Bunun böyük əksəriyyəti də maddi sıxıntılar və digər problemlər bağlı olduğundan təbii ki, öz-özülüyündə ayrı çətinliklər yaradır”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …