Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Məhərrəmlik bitdi, toy mövsümü başladı

Məhərrəmlik bitdi, toy mövsümü başladı

Şadlıq evləri qiymətləri qaldırmayıb, amma…

Ötən gün Məhərrəmliyin ikinci ayı olan Səfər ayı da başa çatdı. Bu gündən etibarən isə  ölkədə yeni “toy mövsümünə” start verilir.

Toyların başlanmasına isə daha çox sevinənlər şadlıq saraylarının rəhbərləri və müğənnilər, sənət adamlarıdır. Çünki toy dəvətnaməsi alan istənilən şəxs toya minimum 50 manat ödəyir. Əgər ayda 3-4 toy dəvətnaməsi gələrsə, bu o deməkdir ki, aylıq maaşın yarısını toylara sərf etməlisən. Məhz bu səbəbdən böyük əksəriyyət toy dəvətnaməsi alanda sevinə bilmir.

Yuxarıda qeyd etdiyimiz kimi, istənilən toya minimum 50 manat ödənilir. Paytaxt Bakıda elə şadlıq sarayları var ki, orada menyu qiymətləri 110-120 manatdan başlayır. Məsələn, “Ağ saray” şadlıq evində menyunun qiyməti 120-150 manatdır. “Kral” şadlıq sarayında 110-130-150-170, “Neon Grand”da 120-150, “Hollywodd”da 120-150,  “Böyük saray” şadlıq evində isə 200-250-300 manatdır. Ödənişsiz xidmətlərə isə populyar müğənnilər, kranla video çəkiliş, dəvətnamə, rəqs qrupu, mələklər, dekorativ tərtibat, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, bəy-gəlin maşını, foyedə bar xidmətlərinin sifarişi pulsuzdur. Menyu qiyməti nisbətən ucuz olan şadlıq sarayları isə “Palma Palace” (27-30 manat), “Xəmsə” (32-120), “Kəmalə-Nərmin” (28-35 manat) və digərləridir.

O da məlumdur ki, artıq 2 ildən çoxdur ki, ölkədə toy böhranı yaşanmaqdadır. Bunu həm şadlıq saraylarının əməkdaşları, şou-biznes nümayəndələri, sakinlər də təsdiqləyir. Hətta bir çox şadlıq evləri “toysuzluqdan” ya bağlanıb, ya da mərasim evlərinə çevriliblər.

Maraqlıdır, bəs yeni toy mövsümündə vəziyyət necədir?

Şadlıq evləri menyunun qiymətlərində və yaxud tərkibində dəyişikliklər edəcəkmi?

“Ağ saray” şadlıq evinin Rəşad adlı inzibatçısı qeyd etdi ki, menyunun tərkibində və qiymətində dəyişiklik olunmayacaq: “Həmişəki qaydada işləyəcəyik. Sifarişlərimiz də qaneedicidir”.

“Kral” şadlıq sarayının Mətləb adlı işçisi də kifayət qədər sifariş aldıqlarını qeyd etdi: “Vəziyyət normaldır. Menyuların qiymətlərində isə heç bir dəyişiklik olmayacaq”.

“Təbrik” şadlıq evinin əməkdaşı da sifarişlərdən razı qaldığını dedi: “Camaatımızı nəzərə alaraq qiymətlərdə heç bir dəyişiklik etməyəcəyik. Sifarişlərlə bağlı məsələdə də  hər şey öz qaydasında gedir”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə şadlıq sarayları, restoranların sahibləri müəllif qonorarı ödəyəcək.  Müəllif qonorarından yayınmaq istəyənləri isə ağır cərimə və həbs gözləyir. Məsələ ilə bağlı yuxarıda qeyd etdiyimiz hər üç şadlıq sarayının əməkdaşlarının mövqeyini öyrənməyə çalışdıq. Bizə verilən cavablardan belə məlum oldu ki, şadlıq sarayları yeni qərardan xəbərsizdir. Hər üç əməkdaş yeni qərarın hələlik onlar üçün aydın olmadığını qeyd etdi.

Bəs qərar gələcəkdə toy qiymətlərinə təsir edə bilərmi?

İqtisadi yazar Dünya mövzuya bu cür şərh bildirdi:

“Bu qərarın işləmə mexanizmini görmürəm. Çünki  uzun illər Vergilər Nazirliyi kimi böyük struktur şadlıq evlərini, müğənniləri lazımi qədər vergilərə cəlb edə bilmirsə, düşünmürəm ki, Müəllif Hüquqları Agentliyi işinin icrasına nail ola biləcək. Ola bilsin ki, şadlıq evləri öz gəlirlərindən çox cüzi bir miqdarda, simvolik rəqəm müəyyənləşdirsin və müəyyən bəstəkar və şairlərə həmin məbləği ödəsin. O ki, qaldı  məsələnin menyu qiymətlərinə təsir etməsi, yalnız cüzi bir təsir ola bilər. Bəlkə də şadlıq evlərinin rəhbərləri həmin pul müğənnilərin ödənişindən çıxsın. Çünki müğənnilər mahnı oxuyub gəlir əldə edir. Düşünürəm ki, məsələ şadlıq evləri və müğənnilər arasında olan razılaşmaya əsasən həyata keçiriləcək. Bu da müğənnilərin ciblərinə təsir edəcək. Lakin bir daha qeyd edirəm ki, həmin qərarın işləmə mexanizmi inandırıcı görünmür. Amma başlanğıc üçün bu qərar əlbəttə ki, lazımlıdır”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …