Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Məchul kvotalar: 6725 nəfər işçi axtarılacaq, amma kənardan

Məchul kvotalar: 6725 nəfər işçi axtarılacaq, amma kənardan

Maraqlıdır, daxili əmək bazarında hansı mütəxəssislər tapılmır?

Bəzi ölkələrdə işçi qüvvəsi çatışmadığı üçün digər ölkələrdən həmin işçi qüvvəsini tapmaq zəruri hesab olunur. Digər tərəfdən, əksinə, əmək bazarında təklif tələbi üstələyir. Azərbaycanda yalnız ikinci variant mövcuddur, buna görə də yerli kadrlar prioritet məsələsi olmalıdır.

Gələn il ölkəmizdə işləmək istəyən əcnəbilər üçün 6725 yer üçün kvotanın açılması planlaşdırılır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

O, əlavə edib ki, kvota işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində formalaşdırılıb: “Ölkədə işlə təmin edə bilməyəcəyimiz ixtisaslar var. Çalışırıq ki, bu ixtisaslar üçün yüksək ixtisaslı mütəxəssislər dəvət olunsun. Nazirlik ehtiyacları digər sahələrdə yerli əmək bazarının imkanları hesabına qarşılayır”.

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənovun AYNA-ya dediyinə görə, kvota yerlərinin sayı get-gedə azalır: “Belə ki, təxminən 10 il əvvəl 10 min nəfər idisə, indi 7 min nəfərdir. Ancaq bu, işlə bağlı müraciət edən miqrantların sayının az olması anlamına gəlmir. Çoxları kvotalara əsasən deyil, iş icazəsi ilə və ya o olmadan belə, işləmək hüququna malikdirlər. 2019-cu ilin yanvar ayına olan məlumata görə, ölkədə 30 min xarici əmək miqrantı var idi. Kvotaya görə, onlar, əsasən neft-qaz və tikinti sektorlarında çalışırlar. Qalanları ticarət, logistika, turizm, səhiyyə və digər sahələrdə fəaliyyət göstərirlər”.

Kvota və iş icazələri hökumətin əmək miqrasiyasına münasibətini tənzimləyən vasitələrdir. Allahverənov deyib ki, kvotalar, boş qalan yerlərdə yerli mütəxəssis olmadıqda verilir: “İş icazəsinə gəldikdə, onu əldə etmək üçün işəgötürən Miqrasiya Xidmətini, bu işçini işə götürməyin vacibliyinə dair inandırmalıdır. Əlbəttə ki, mütəxəssisin qeyd etdiyi kimi, işəqəbul agentlikləri yatmır və xarici mütəxəssislərin cəlb olunması üçün yeni metodlar hazırlayır. Lakin müvafiq xidmətlərimiz da yuxuya getməyib”.

“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov AYNA-ya bildirib ki, əksər vəzifələrdə yerli kadr tapmaq mümkündür: “Bəzi mütəxəssislər yetərli olmaya bilər, lakin bunlar nadir hallarda baş verir. Belə ki burada bizə tamamilə yad olan ölkənin mətbəxinin aşpazlarını misal göstərmək olar”.

“Maraqlıdır, 6725 rəqəmini haradan əldə ediblər? Bəlkə də bizimlə işləmək istəyən insanların sayının ortalama nəticəsinin göstəricisidir. Burada vəziyyətin, əmək bazarının təhlili lazımdır. Xaricdən gələn işçiləri yazmaq üçün lazım olan peşələrin siyahısını dərc etsinlər. Görmək çox maraqlı olardı. Siyahıda ayrı bir ixtisas üçün nə qədər insana ehtiyac duyulduğu da göstərilməlidir. Bu cür mütəxəssislərin həqiqətən yerimizdə yetişdirilib-hazırlanmadığını öyrənmək lazımdır. Yoxdursa, kurslar açıb təlim keçə, universitetlərdə müvafiq şöbələr açıb xaricə təhsil almağa göndərə bilərlər”, – ekspert vurğulayıb.

C.İsmayılov, yerli kadrlarla eyni vəzifələrdə çalışan əcnəbilərin daha yüksək məcavib aldıqlarını diqqətə çatdırıb: “Bundan əlavə, pulsuz aviabiletlərə sahib olduqları kimi, müxtəlif bonuslara da sahibdirlər. Hər bir müraciətin əsaslandırılması olmalıdır”.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev AYNA əməkdaşı ilə söhbətində BP təcrübəsini xatırladıb: “Əvvəllər BP-də çalışanların çoxu əcnəbi işçilərdən ibarət idi, indi isə daha çox yerli işçilər fəaliyyət göstərir. Neft sektorunda xaricilərin sayı 5%-dən azdır. Lakin hələ də bir çox sahələr var ki, xariciləri daha çox cəlb edir. Məsələn, “Azərkosmos” işə malayziyalıları dəvət edir “Şimal-2” elektrik stansiyası yaponların iştirakı ilə bərpa edildi. Hindistanlı mütəxəssislərin köməyi ilə Mingəçevir Su Elektrik Stansiyasının idarəetmə sistemi bərpa olundu”.

“Müqavilə əsasında ölkəmizə gələn əcnəbilər çox vaxt təkcə özləri işləmir, həm də yerli kadrları hazırlayırlar. Kvotaya gəlincə, ölkə daxilində azdır. Burada öz biznesi olan əcnəbilərin çoxu ailələrini və qohumlarını bura gətirir. Bu, xüsusən Pakistan, Banqladeş, Çin və Türkiyə vətəndaşlarına aiddir”, – deyə ekspert vurğulayıb.

Group of high school students listening a lecture in the classroom. Focus is on happy female student.

Təhsil eksperti Nadir İsrafilov əcnəbi kadrlarla bağlı fikirlərini AYNA-ya açıqlayıb. O bildirib ki, ölkə gəncləri daha populyar peşələri – hüquqşünas, iqtisadçı, diplomat və s. seçirlər: “Bir çox ixtisaslar isə, dövlətin ehtiyacı olsa da, yaxın gələn olmur. Keçən il Quba bölgəsində alma ağaclarına naməlum bir xəstəlik dəydi və mən Hollandiyadan mütəxəssis dəvət etməli oldum. Kənd təsərrüfatı sahəsində kadrlarımızı yetişdirə bilmirik. İndi bəzi ixtisaslar çıxarılır, bəziləri əlavə olunur”.

“Yaxşı maddi-texniki bazaya və insan resurslarına sahib universitetlərimiz var və onlarda bir çox ixtisas üzrə təlim təşkil etmək mümkündür. Yaxud xaricdə təhsil almağa tələbələrimizi göndərə bilərik. Məsələn, İtaliyaya təhsil almağa göndərilən ilk azərbaycanlı opera müğənnisi Şövkət Məmmədova oldu. Bu da yerli opera sənətinin inkişafına öz töhfəsini verdi”, – deyən N.İsrafilovun sözlərinə görə, kvotalar yalnız Azərbaycanda olan mütəxəssislər üçün lazımdır və həqiqət budur, eyni zamanda boşluqları doldurmaq üçün yerli kadr hazırlamaq lazımdır.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …