Ana səhifə / Sosial / Məcburi köçkünlər dözülməz şəraitdə yaşayır – ŞİKAYƏT

Məcburi köçkünlər dözülməz şəraitdə yaşayır – ŞİKAYƏT

Bu gün ölkədə qaçqın və məcburi köçkünlərin xeyli hissəsi evlə təmin edilsə də, bir hissəsi hələ də çətin şəraitdə yaşayır. Mərdəkandakı “Bakılı” sanatoriyası da qaçqın və məcburi köçkünlərin dözülməz şəraitdə yaşadığı ünvanlardan biridir.
“Bakılı” sanatoriyasında yaşayan 48 qaçqın və məcburi köçkün ailəsinin adından Hurriyyet.org-a müraciət edən Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri İlqar Əlinin sözlərinə görə, orada yaşayan insanların vəziyyəti dözülməzdir: “Sanatoriyada demək olar ki, insanların yaşaması üçün heç bir şərait yoxdur. Uşaqlar hamısı revmatizm xəstəliyindən əziyyət çəkir. Ona görə, müvafiq qurumların, əsasən də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu məsələyə diqqət yetirməsini xahiş edirəm”.
“Bizim bu bataqlıqdan çıxmağımıza kömək edin”
Adı keçən sanatoriyada yaşayan Ağdam rayonu Muradbəyli kəndinin sakini Hacıyev Teymur Kərəm oğlu isə burada zülümlə yaşadıqlarını deyir: “Bu xarabada vərəm xəstəliyinə tutuldum. Amma Ağdamda hər şəraitimiz var idi. İki oglum var, ikisi də revmatizim xəstəliyindən əziyyət cəkir. Çünki otaq nəmişlikdi. Aciz vəzyyətdə qalmışam. Bilmirəm, dava-dərmana, yoxsa dolanışıga pul tapım. Bu vəziyyətdən, pulsuzluqdan əsəb olmuşam. Xahiş edirəm, bizim bu bataqlıqdan çıxmağımıza kömək edin”.
“Direktor da Təhsil Nazirliyinə müraciət etməyə qorxur…”
Teymur Hacıyevin sözlərinə görə, sanatoriyada yaşayan məcburi köçkün uşaqları sanatoriyanın kafel-metlaqlı otağında təsil alırlar: “Otaqda istilik sistemi yoxdur. Bir neçə gün öncə, direktorla mübahisə etdim ki, belə olmaz, uşaqlarımız revmatizim xəstəsi olub. Direktor da Təhsil Nazirliyinə müraciət etməyə qorxur, deyir ki, “birdən məni işdən çıxardarlar”. Biz haqqımızı istəyirik, insan kimi yaşamaq istəyirik. Xahiş edirik aidiyyatı orqanlar tədbir görsünlər”.(hürriyət.org)

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …