Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Məcburi köçkün rayonların teatrlarının bağlanması təklifi etiraz doğurdu

Məcburi köçkün rayonların teatrlarının bağlanması təklifi etiraz doğurdu

Professor Məryəm Əlizadə: “Teatr nə  qədər çox olsa, insanların mənəvi qidası bir o qədər artar, cinayətlər, yaramaz işlər azalar”

“Qaçqın teatrları nəyə lazımdır, bağlasınlar”. Aparıcı Rövşanə Bektaşinin efirdən səsləndirdiyi bu fikirlər artıq neçə gündür ki, müzakirə olunmaqdadır. Aparıcı qeyd edib ki, kiçik teatrlar heç də gərəkli deyil:

“Düşünürəm ki, balaca-balaca teatrlardansa, onu böyük etsinlər. Nəyə lazımdı bu cıqqılı teatrlar? İrəvan  Gənc Tamaşaçılar, Şuşa teatrları nəyə lazımdır? Yerindən duran ora sənət gətirir, biz də xəcalət çəkirik. Şuşa Teatrı nə edir?”

Aparıcının qalmaqalı fikirlərinə tezliklə adıçəkilən teatrların rəhbərləri tərəfindən reaksiya bildirildi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov report.az saytına açıqlama verərək bildirib ki, bəzi insanlar teatrları belə düşünülməmiş sözlərlə nəzərdən salırlar: “Bu, Azərbaycan mədəniyyətidir, peşəkar milli teatrımızın ayrılmaz bir qoludur. İstər Şuşa Dövlət Musiqili Dram Teatrı olsun, istərsə də İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Azərbaycandakı məcburi köçkün teatrlarının dünyada analoqu yoxdur, bu teatrlar yaşamalıdır. Burada çalışan insanlar fədakardırlar ki, belə bir vəziyyətdə bu teatrları yaşadıblar. Bu aparıcının teatrın fəaliyyətindən, repertuarından, tarixindən heç xəbəri yox imiş. Belə fikirlərə qəti şəkildə etiraz edirik. 10 milyonluq xalqının qarşısına çıxıb belə sözlər söyləmək bilmirəm nəyə qulluq edir. Bu, çox düşünülməmiş fikirlərdir. Qaldı ki, ”teatra hərə bir sənət gətirir” sözünə, sənəti gətirmirlər, sənəti yaradırlar, yaşadırlar. Onu yaradanlar fədakar insanlardır, onlara dəstək olmaq lazımdır, belə sözlər demək lazım deyil”.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882-ci ilin əvvəllərində İrəvanda yaranıb. Həmin illərdə şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun “Tamahkarlıq düşmən qazanır”pyesini tamaşaya hazırlayıb. 1886-cı ildə isə teatra  Firudin bəy Köçərli rəhbərlik edib. Onun rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri”, “Müsyö Jordan və dərviş Məstəli şah” , “Hacı Qara” , Sultanməcid Qənizadənin “Dursunəli və ballıbadı” və sair pyeslər tamaşaya qoyulub.

Teatr dövlət statusunu 1928-ci ildə alıb, 35-ci ildə isə teatra Cəfər Cabbarlının adı verilib. 

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlanan zaman ermənilər teatrın bütün ləvazimatlarını yandırıblar. Bakıya gələn teatr bir müddət Akademik Milli Dram Teatrının nəzdində teatr-studiya kimi fəaliyyət göstərib. Yalnız 2008-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə paytaxtın Binəqədi rayonunda yerləşən Məhəmməd Əmin Rəsulzadə adına Mədəniyyət Sarayı Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verilib. Tanınmış aktyor İftixar Piriyev 2000-ci ildən bu günə qədər teatra rəhbərlik edir. Çox sevindirici haldır ki, teatr son illərdə Türkiyədə, İranda, Gürcüstanda, Rusiya Federasiyasının Dağıstan vilayətində uğurlu qastrol səfərlərində olub.

Image result for İftixar Piriyev

Mövzu ilə bağlı “Yeni Müsavat” qəzetinin əməkdaşı Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mövqeyini öyrənib. Teatrın direktoru İftixar Piriyev mövzuya münasibət bildirərkən deyib: “Teatrımız dövlətçiliyimizin bugünkü mənzərəsini özündə ehtiva edən əsərlərlə geniş fəaliyyət göstərir. Bildiyiniz kimi, teatrın binası var. Lakin orada, sadəcə, məşqlərimizi aparırıq. Tamaşalarımızı isə böyük teatrların səhnələrində təqdim edirik. Eyni zamanda həm respublika miqyaslı, həm də respublikadan kənar qastrol səfərləri həyata keçirməklə fəaliyyət göstərir. Teatrımız əsasən vətənpərvər ruhlu tamaşalara müraciət etdiyinə görə özünəməxsus tamaşaçıları var, salonlarımız həmişə dolu olur. Aparıcının dediyi fikirlərə gəldikdə isə, ilk növbədə bu barədə mütəxəssislər fikir bildirməlidir. Daha sonra dövlətin teatr sənəti, onun inkişafı haqqında özünün strategiyası var. Bu əhatədə məsələ öz həllini tapmalıdır. Amma hər  tamaşaçı və ya vətəndaş teatr sənəti ilə bağlı fikir söyləyəndə ona cavab vermək, sözlərini dəyərləndirmək düşünürəm ki, doğru olmazdı”.

Şuşa Dövlət Musiqili Dram Teatrının əsası hələ 1848-ci ildə Şuşada qoyulub. Məlum olduğu kimi, həmin dövrlərdə Şuşa mədəniyyət beşiyi hesab edilirdi. Vaxtaşırı tamaşalar səhnələşdirilir, konsertlər təşkil olunurdu. Şuşa Dövlət Musiqili Dram Teatrı isə rəsmi olaraq 1990-cı ildə fəaliyyətə başlayıb. Lakin 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra kollektiv Bakıya pənah gətirib. Yaradıcılıq fəaliyyəti ilə öz acılarını unutdurmağa çalışan teatr hazırda Gənc Tamaşaçılar Teatrının binasında məşqlərini davam etdirir. Əməkdaşımız qalmaqalla bağlı teatrın mövqeyini öyrənməyə çalışsa da, zəngləri cavabsız qalıb.

Bəs “qaçqın” adlandırılan bu teatrlar bağlanılsınmı? 

Image result for Məryəm Əlizadə

Teatrşünas, professor Məryəm Əlizadə sualımıza bu cür cavab verdi: “Mədəniyyət və Turizm Nazirliyində o işləri gözəl bilən insanlar çalışır və onlar çox gözəl bilirlər ki, teatrlar xalqa nə dərəcədə lazımdır. Ötən il  Varşavada oldum. Təsəvvür edin ki, bir şəhərdə 38 teatr var. Yəni ki, teatr nə  qədər çox olsa, insanların mənəvi qidası bir o qədər artar, cinayətlər, yaramaz işlər azalar, insanlar mədəni məkanlara toplaşarlar və sairə. Nə olsun, Rövşanə Bektaşi belə bir fikir söyləyir? Qoy söyləsin. Müxtəlif fikirlərə dözümlü  olmalıyıq. Amma mənim fikrim budur ki, əksinə, teatrların sayını artırmaq lazımdır, nəinki azaltmaq.  Çox sevindirici haldır ki, dövlətimiz də bu mövqedədir və bacardığı qədər dəstək göstərir”.

Həmçinin oxuyun

1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur – VİDEO

Bakıda təəssüf ki, hələ də evlərinin ünvanı, adı bəlli olmayan küçələr mövcuddur. Söhbət Bakının Suraxanı …