Ana səhifə / Sosial / Məhkəmə önündə “qul bazarı”ndan reportaj: “Yekəqarın “Leksus”da gələcək…”

Məhkəmə önündə “qul bazarı”ndan reportaj: “Yekəqarın “Leksus”da gələcək…”

Bizdə “qul bazar”ları həmişə olub. XX əsrin əvvəllərində neftlə zəngin Azərbaycanın hambal bazarları, qulxanaları var imiş.

İndi XXI əsrin ilk 20 ili geridə qalmaq üzrə olsa da, Bakının dörd bir yanında “qul bazar”ları görmək olar: “Xalqlar Dostluğu” körpüsünün altında, Zabratda, Bakıxanovda…

Onların güzəranını öyrənmək üçün sonuncudan başladıq. Bakıxanov qəsəbəsindəki köhnə stansiya yaxınlığında, yol kənarında öz əmək alətlərini yerə qoyaraq müştəri gözləyirlər.

“Qul bazarı” sakinləri ilə Sabunçu rayon Məhkəməsi arasında olsa-olsa 100 metrlik məsafə var. Məhkəmənin həyətində bahalı maşınlar sıraya düzlənib.

Bu maşın sahiblərinin əksəriyyəti hakimlərdir və hər bir işdə onlar ədalətli hökm çıxarmalıdırlar. Yəni, ədalətlə ədalətsizlik arasında 100 metrlik məsafə var desək, yanılmarıq.

***

“Vallah qul bizdən yaxşıdır. Çörəyini, suyunu vaxtında verirlər. Bizimki zülmdür e, zülm. Hər gün səhərdən axşama kimi gəl dayan burda, gözlə ki yekəqarın, boynuyoğun biri “Leksus”da yaxınlaşacaq, səni aparıb bağında, villasında hambal kimi işlədəcək.

Neynəyək? Balamıza çörək aparmaq üçün səsimizi çıxarmırıq. İş yox, güc yox, kirayə pulu, siqaret pulu, evin “rasxod”u…

Elə gün olur bir müştəri də olmur ki, gedib həyətində işləyib 15-20 manat alasan”, – deyə adını deməyən fəhlələrdən biri gileylənir.

Onunla həmkar olan digəri isə çəkiliş aparmağımızı qınayır: “Əşi, siz yazanda guya nə olur ki?! Bu camaata iş yerləri açmaq lazımdır.

Rayondan gəlmişik, ev-eşiyimizi qoyub çörək dalınca qaçırıq. Rayonda işim olsa, bu yaşımda Bakıda nə azzarım var?! Özləri milyonlar qazanırlar, bizi bu günə salıblar”.

“Qul bazarı” adlanan bu yerin işçilərinin hamısı narazıdır, güzərandan, zəmanədən, haqsızlıqdan şikayətçidir. Hansını dindirirsən, çəkiliş aparmamaq şərti ilə dərdini danışır.

İstəmirlər ki, toplaşdıqları bu yeri də onlara çox görüb əllərindən almasınlar. Onlar hər cür zəhmətə qatlaşırlar. Onlar pullu adamların bağlarında, həyətlərində işləyirlər.

Və bu zəhmətkeş insanların üzündə insanın əzabının son həddini görməmək mümkün deyil. Onların sabaha ümidi azdır, bu gün üçün, bir qarın çörək və ac qalmamaq üçün işləyirlər…

 

 

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …