Ana səhifə / Sosial / Mədət Quliyevdən boşalan postu kim tutacaq? – Xidmət rəisliyinə şanslı namizədlərin adı açıqlandı

Mədət Quliyevdən boşalan postu kim tutacaq? – Xidmət rəisliyinə şanslı namizədlərin adı açıqlandı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat yubanır. 5 aydan bir qədər artıq müddətdir ki, bu posta namizədlərin sırasından seçim edilmir.

2011-ci ildən 2015-ci ilin oktyabrına qədər bu vəzifəni hazırda Dövlət Təhlüksəizlik Xidmətinin (DTX) rəisi olan general-leytenant Mədət Quliyev tutub. Onu Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) məlum olaylardan dərhal sonra hakimiyyətin etibarlı kadrlarından biri kimi quruma nazir müavini təyin etdilər.

Az sonra isə MTN ümumiyyətlə buraxıldı və bazasında DTX yaradılaraq M.Quliyev bu quruma rəis təyin olundu. Buna qədər Penitensiar Xidmətin rəhbərliyinə M.Quliyevin qayıdacağı haqda fikirlər olsa da, təyinatdan sonra vəziyyət tam aydınlaşdı. Hazırda Penitensiar Xidmətin rəisi vəzifəsi boşdur. Aylardır ki, qurum rəhbərliyinə ən müxtəlif şəxslərin gətiriləcəyi haqda müzakirələr aparılır.

Ən real namizəd kimi hazırda Penitensiar Xidmətin rəisi vəzifəsini icra edən, illərdir qurumda rəis müavini vəzifəsini tutan Hüseynağa Əlixanovun adı çəkilir. H.Əlixanovun öz işini bilən, qüsursuz xidmət aparan kadrlardan olduğu deyilir. Bildirilir ki, H.Əlixanovun təyinatı üçün elə bir ciddi problem yoxdur. Bununla belə, qurum rəhbərliyinə iddialı olanlar da az deyil.

Məsələnin bu tərəfi də var ki, H.Əlixanov kimi Penitensiar Xidmətdə müavin olan Nizaməddin Cəlilovun da, Penitensiar Xidmətin əməliyyat üzrə rəisi Mirsaleh Seyidovun da adları bu posta iddialılar sırasında çəkilir. Ədliyyə Nazirliyi Cəzaların İcrasına Nəzarət Müfəttişliyinin rəisi Malik Ələkbərovun da bu posta təyinat alma şansı olduğu deyilir. Bir müddət əvvələ qədər İsmayıllınınkeçmiş polis rəisi Nizami Qocayevin də adı bu posta əsas iddialı şəxs kimi çəkilirdi. Son nəticədə Nizami Qocayev Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Gəncə regional şöbəsinə təyinat aldı.

Azərbaycanda heç kimin gözləmədiyi şəxsin bu və ya digər posta təyinatı praktikası geniş yayılıb. Bu səbəbdən də tamamilə mümkündür ki, Penitensiar Xidmətin rəisi postuna təyinat zamanı da bu praktikaya müraciət oluna bilər.

Məsələn, rəis təyin olunacaq şəxs ədliyyə sistemindən deyil, DİN və ya prokurorluq sistemindən gətirilə bilər. Bu baxımdan adları çəkilən namizədlərin hansının təyin olunacağını proqnozlaşdırmaq da çətindir.

mia.az

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın