Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Sosial / Məcburi köçkünlər: “Bizi köçürmələri üçün nə edək, yataqxananı yandıraq?” – REPORTAJ, FOTOLAR

Məcburi köçkünlər: “Bizi köçürmələri üçün nə edək, yataqxananı yandıraq?” – REPORTAJ, FOTOLAR

Bakının Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən məcburi köçkünlər vəziyyətlərindən şikayətçidirlər. Onlar bildirirlər ki, yataqxananın kommunal xətlərində problem olduğu üçün yaşayışları bir qədər də çətinləşib. Məcburi köçkünlər həmçinin qeyd edirlər ki, yataqxanalarda kanalizasiya sistemi də bərbad durumdadır. Köçürüləcəkləri günü gözləyən sakinlər qeyd etdilər ki, şəraitsiz vəziyyətdə yaşamaqdan artıq canları da xəstə düşüb.

Musavat.com-un əməkdaşı olaraq yataqxanalarda olub, məcburi köçkünlərin vəziyyətləri ilə tanış olduq. Müşahidə etdik ki, Şərifzadə küçəsi 1 ünvanında yerləşən, ötən ilin yay ayında yanğın baş verən  yataqxananın yarısında vəziyyət yaxşı olsa da, digər yarısında məcburi köçkünlər çətin durumdadırlar.

Belə ki, hadisədən sonra yataqxananın yalnız yanğın baş verən hissəsi təmir olunub. Buradakı kommunal xətlər də dəyişdirilib. Yanğından zərər görən yataqxananın həyətində yerləşən, məcburi köçkün ailəsinin məskunlaşdığı kiçik daxma da təmir edilib, yaşanılası vəziyyətə gətirilib. Lakin qeyd etdiyimiz kimi yataqxananın digər hissəsi üfunət qoxuyur, şəraitsizlik baş alıb, gedir.

Söhbət etdiyimiz məcburi köçkünlər bildirdilər ki, belə getsə yataqxananın yarısını da özləri qəsdən yandıracaqlar. Çünki artıq çətin şəraitdə yaşamağa dözmürlər: “Burada əksəriyyət ailələr 1 otaqda yaşayırlar. Bu bir otaq bizim həm yataq, həm də qonaq otağımızdır. Bura yeni köçdüyümüz zaman uşaqlarımız körpə idi. İndi isə uşaqlar böyüyüb, evlənmə yaşına çatıblar. Ancaq şəraitsizlikdən heç kim balasını evləndirə bilmir. Bura illərdir ki, gəlin gəlmir. Hökumətin bizi nə zaman köçürəcəyini gözləyirik. Bizi köçürmələri üçün yataqxananı yandıraq”.

Yataqxanalardakı ümumi vəziyyət barəsində daha öncələr də materiallar hazırlamışıq. Ona görə də bu barədə çox geniş təsvirlərə yer vermirik. Sadəcə onu qeyd edək ki, yataqxanalardakı ümumi vəziyyət getdikcə pisləşir. Hər kəs üçün ümumi hamam, ümumi mətbəx, ümumi tualet var. Belə bir şəraitdə isə xüsusilə yaşlıların yaşaması çətindir. Yataqxananın dar koridorlarında bişən yeməklər isə içəridə havasızlıqla bərabər, nəmişlik də yaranıb. Ancaq məcburi köçkünlər bildirdilər ki, buradan yaşamaqdan başqa çarələri yoxdur. Qarmaqarışıq kommunal xətlər isə tez-tez qəzaların, yanğınların baş verməsinə səbəb olur.

Yataqxanada məskunlaşan Füzuli rayonundan olan məcburi köçkün Aytəkin Xuduyeva bildirdi ki, iki uşağı ilə birlikdə illərdir ki, burada qalır: “Çətin vəziyyətdəyik. Bir otağın içərisində qalmışıq. İki oğlum da böyüyür, ancaq başqa otaq yoxdur ki, orada yatsınlar. İllərdir ki, zülmlə yaşayırıq. Ancaq ümid edirik ki, bizi tezliklə buradan köçürəcəklər”.

Onu da qeyd edək ki, artıq Bakı Slavyan Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yeni mənzillərə köçürüləcəyi ilə bağlı xəbərlər yayılıb. Bunu universitetin rektoru Nurlana Əliyeva deyib.

Professor BSU-nun ümumilikdə 4 yataqxanasının olduğunu bildirib: “Onun üçündə məcburi köçkünlər yerləşdirilib. Qalan digər yataqxananın da bir mərtəbəsində 26 köçkün ailəsi yaşayır. Həmin yataqxanada həm əcnəbi, həm yerli tələbələr, həm də xaricdən universitetimizə dəvət edilmiş müəllimlər yaşayırlar”.

Rektor qeyd edib ki, ötən il həmin yataqxanada cari təmir işləri aparılıb: “Bu yaxınlarda bizə belə bir gözəl xəbər verilib ki, yataqxanadakı köçkünlər başqa mənzillərə köçürüləcəklər. Bu isə bizim üçün əlavə imkanlar deməkdir, yəni əcnəbi tələbə və müəllimlərimizin sayını artıra, eyni zamanda, əməkdaşlıq etdiyimiz xarici universitetlərin tələbələri üçün Yay məktəbləri təşkil edə bilərik”.

Musavat.com-a danışan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib ki, məcburi köçkünlər mərhələli şəkildə köçürülür: “Qəzalı binalarda yaşayan məcburi köçkünlər mərhələ-mərhələ yeni mənzillərə köçürülürlər. Gələcəkdə yataqxanalarda, digər yerlərdə yaşayan ailələrin də köçürülməsi işinə baxılacaq. Hazırda isə proses əsasən hər an uçma təhlükəsi olan binalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi istiqamətində gedir. Gündəmdə olan məsələ əsasən budur. Yataqxanalarda və digər obyektlərdə qalanların da köçürülməsinə gələcəkdə baxılacaq. Konkret vaxt deyə bilmərəm ki, Şərifzadə küçəsində və ya Bakı Slavyan Universitetinin yataqxanalarında məskunlaşan sakinlər nə zaman köçürüləcəklər”.

 

 

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …