Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Lukaşenko Bakıya niyə gəlmişdi? – ŞƏRH

Lukaşenko Bakıya niyə gəlmişdi? – ŞƏRH

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfər edib. İki günlük səfər zamanı Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşlər keçirib. Görüşlərdə qarşılıqla maraq kəsb edən məsələlər müzakirə olunub, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması haqda razılıq əldə olunub.

Belarus prezidenti çıxışında vurğulayıb ki, Azərbaycan Belarusa ən yaxın dostu kimi bel bağlaya bilər: “Əgər Sizə Azərbaycanda nədəsə faydalı ola biləriksə, buna həmişə hazırıq. Siz bizim imkanlarımızı yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz”.

Prezident İlham Əliyev isə qeyd edib ki, ölkələrimiz arasında çox yaxın, etimada əsaslanan münasibətlər formalaşıb: “Biz həmişə bir-birimizi dəstəkləyirik, bizi maraqlandıran, narahat edən məsələləri səmimi müzakirə edirik. Biz bir-birimizi, necə deyərlər, dəfələrlə sınamışıq. Biz bir-birimiz, həmçinin bütün ölkələr üçün də etibarlı tərəfdaşlarıq. Zənnimcə, bu da Belarusu və Azərbaycanı yaxınlaşdırır. Çünki ölkələrimiz prinsipial siyasətə və sağlam münasibətlərə görə beynəlxalq aləmdə haqlı olaraq nüfuz qazanıblar”.

Belarus prezidentinin Azərbaycana səfərini AzVision.az-a şərh edən millət vəkili Asim Mollazadə deyib ki, hər iki ölkə uzun illərdir dost və tərəfdaş kimi münasibətlər qurub.

“Azərbaycan və Belarus arasında iqtisadi sahədə bir sıra layihələr uğurla həyata keçirilir. Azərbaycan iqtisadiyyatı şaxələndicə iqtisadi münasibətlərimiz daha da güclənir. Hesab edirəm ki, enerji və kənd təsərrüfatı sahəsində mövcud olan əməkdaşlığı inkişaf etdirə bilərik. Bu, hər iki ölkə üçün önəmlidir”.

Millət vəkili Belarus beynəlxalq arenada Azərbaycanı dəstəkləyir: “Siyasi sahədə Belarus Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Hesab edirəm ki, Belarus Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər. Bu baxımdan ölkələrimiz arasında əlaqədar daha da inkişaf etməli, yeni iş birlikləri həyata keçirilməlidir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Belarusla Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir: “Bakıdakı görüşdə prezidentlərin əsas fikri bundan ibarət oldu ki, iki ölkə arasında qısa müddət ərzində ticarət dövriyyəsi artırılmalıdır. Bunun üçün potensial var. Məsələn, 2017-ci ildə Belarusla Azərbaycan arasındakı əmtəə dövriyyəsinin həcmini 700 milyon dollara çatdırılması planlaşdırılıb. Lukaşenkonun Bakıya verdiyi təkliflərdən biri budur: “Biz Azərbaycanda kənd təsərrüfatı müəssisələrini tam təhvil verməyə hazırıq”. Artıq iki ölkə arasındakı əməkdaşlığın konkret nümunəsi var: Gəncədə Belarus markalı traktorların istehsalına başlanılıb.

Bundan başqa Belarus Azərbaycanın dərman istehsalı bazarına maraq göstərir. Azərbaycan dərman istehsalında tamamən idxaldan asılıdır. Azərbaycan hökuməti bu asılılığı azaltmaq üçün müxtəlif dövlətlərlə danışıqlar aparır. Artıq Bakı ətrafında bir neçə dərman zavodunun tikintisi başlayıb. Azərbaycan hökuməti bu işə böyük vəsait ayırıb. Ona görə də müxtəlif dövlətlər pay almaq istəyirlər.Azərbaycanda dərman istehsalına əsas iki ölkə maraq göstərir: Rusiya və İran. Belarus da bu prosesə qoşulmaq niyyətindədir. Vaxtilə Belarus Azərbaycan kimi dərman idxalından asılı idi. Hazırda ölkədə istifadə olunan dərmanların yarından çoxu Belarusda istehsal olunur.

Aleksandr Lukaşenko Bakıya səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığından da danışdı. Bu, Lukaşenko üçün vacib mövzu idi. Çünki, Belarus prezidenti son zamanlar Rusiyanın Belarusa münasibətdə enerji siyasətindən narazıdır və alternativ imkanlar axtarır. Ancaq “Belarus Azərbaycan neftini hansı yolla ala bilər və qiymət baxımından bu hər iki ölkənin maraqlarına cavab verəcəkmi?” sualı hələ açıq qalır. Prezident İlham Əliyev bildirib ki, energetika sahəsində əməkdaşlıq uzunmüddətli və möhkəm olmalıdır. Çünki neft əməliyyatları və neft ixracatı sahəsində uzunmüddətli tədarüklər lazımdır. Buna baxmayaraq, Lukaşenko Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstana və Ukraynaya qoyduğu yatırımların onun ölkəsinə istiqamətlənməsinə ümidlidir”.

E.Şahinoğlu vurğulayıb ki, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Belarusun Azərbaycana verdiyi dəstəkdən məmnundur: “Belarus Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdır. Bu, prezidentlərin imzaladığı birgə bəyanatda yer alıb. Bu bənddə “ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı” cümləsinə xüsusi yer verilib. Bunun nəticəsidir ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir.

Prezident İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşdə bildirib ki, “biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər”.

Aydındır ki, İlham Əliyev Belarus prezidentinin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistan prezidentinin Azərbaycan əleyhinə yönəldilmiş siyasətinə mane olduğunu nəzərdə tutur. Bir neçə dəfə bu cür toplantılarda Belarus və Qazaxıstan prezidentləri Ermənistan prezidentinin Azərbaycan əleyhinə təşəbbüslərinin qarşısını alıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sonuncu İrəvan toplantısı da buna nümunədir. Belarus prezidenti həmin toplantıdan narazı qaldığını Ermənistanın paytaxtında keçirilən birgə mətbuat konfransında açıq dedi, gündəmə çıxarılan mövzuların çiy olduğunu vurğuladı. Digər tərəfdən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İrəvan toplantısında iştirak etməməsi Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katibin seçilməsinə imkan vermədi. Həmin baş katib Ermənistanın təmsilçisi olmalı idi. Aleksandr Lukaşenko Ermənistan-Azərbaycan qarşıdurmasına praqmatik nöqteyi-nəzərdən yanaşır. Lukaşenko Azərbaycana gəldiyi qədər Ermənistana getmir. Çünki, Lukaşenko bilir ki, o, Azərbaycanla Ermənistana eyni münasibət göstərsə, rəsmi Bakı ilə iqtisadi və ticarət əməkdaşlığının miqyasını artıra bilməyəcək. Lukaşenkoya hazırda yeni bazarlar lazımdır. Belarus prezidentinin Azərbaycana səfəri də məhz bu faktorla bağlı idi”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın