Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Lavrovun bəyanatı və balaca ölkələrin acı taleyi… – TƏHLİL

Lavrovun bəyanatı və balaca ölkələrin acı taleyi… – TƏHLİL

Bu gün Sergey Lavrov bildirib ki, Rusiyanın təklif etdiyi “vahid və bölünməz təhlükəsizlik” prinsipi Qərb tərəfindən qəbul olunaraq hüquqi öhdəlik şəklinə salınsaydı, Qarabağ və Dnestryanı münaqişələr həll olunardı, Ukrayna hadisələri isə baş verməzdi.

Bunu tərcümə etməyə çalışaq.

Lavrov demək istəyir ki, Qərb Rusiyanın öz nüfuz sahəsi saydığı regionlara, ən başda postsovet məkanına müdaxilə etməyə çalışmasaydı, Moskva bu münaqişələri yaratmayacaqdı və davam etdirməyəcəkdi. Yəni bu ərazilərdə separatizm ocağı Qərbin Rusiya sərhədlərinə doğru irəliləməsinə mane olmaq məqsədilə alovlandırılıb.

Putin Rusiyası 2-ci dünya savaşından sonra olduğu kimi, Qərblə nüfuz dairələrinin bölüşdürmək niyyətini heç vaxt gizlətməyib, hətta bunu rəsmi təklif şəklində masaya qoyub. Bu təklif 2008-ci ilin iyununda Rusiya tərəfindən irəli sürülən “Avropanın Təhlükəsizliyi haqqında Müqavilə”də (ruscası: Договор о европейской безопасности – DEB) əksini tapıb. Orada “vahid və bölünməz təhlükəsizlik” konsepsiyasından bəhs olunurdu və bildirilirdi ki, müqavilənin hər bir iştirakçısı tərəfindən istənilən addım digərlərinin təhlükəsizlik maraqları nəzərə alınaraq atılmalıdır. Yəni NATO və Avropa Birliyi şərqə doğru genişlənməməlidir, ən azı postsovet məkanı Rusiyanın təsir dairəsindəki region olaraq tanınmalıdır. Təklif 1 il sonra Rusiya prezidenti Dmitri Medvedevin BMT Baş Assambleyasındakı çıxışında da səsləndirildi. Zəif olan tərəfin güclü ilə paritetə nail olmaq niyyətini əks etdirən bu təklifi Qərb qəbul etmədi. Rusiyanın Gürcüstan və Ukraynaya hücumu bu anlaşılmazlığın birbaşa nəticəsi idi.

Bu gün Rusiya yenidən Qərblə masaya oturub, həmin şərtlər əsasında anlaşmaq istəyir. (Yalta-2 variantı.) Qərbin mövqeyi ortada olduğu üçün bu barədə uzun yazmağa ehtiyac yoxdur. Rusiyanın hərbi bazalarla çevrələnməsini, onun sərhədlərində intensiv hərbi təlimləri, postsovet ölkələri Gürcüstan və Ukraynaya dəstəyin artmasını görürsünüz. ABŞ dövləti (burada ABŞ dövləti ilə ABŞ prezidentini ayırmaq lazımdır) Rusiya ilə belə bir alverin qəti əleyhinədir. Avropada bu alverə tərəfdar olan ayrı-ayrı siyasi qüvvələr var, lakin institutlaşmış Avropa buna qarşıdır. Avropa Birliyinin 2016-cı ilin iyununda açıqladığı xarici siyasət və təhlükəsizlik siyasəti üzrə yeni qlobal strategiyada postsovet məkanının Rusiyanın maraq zonası kimi tanınması rədd edilir və bildirilir ki, AB-nin şərq qonşuları öz gələcəyini özləri müəyyən etməlidir.
Lakin acı olan məqam budur ki, Azərbaycan kimi kiçik dövlətlər hələlik öz taleyini müstəqil həll etmək imkanından məhrumdur. Rusiya etnik-ərazi münaqişələrini “yaxın xaric” adlandırdığı bu ərazilərdə öz təsirini qorumaq və Qərblə alver predmeti kimi əlinin altında saxlayır. Taleyimiz böyük ölçüdə Rusiya-ABŞ rəqabətinin nəticələrindən asılıdır.

Şahin Cəfərli, politoloq

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın