Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Lavrovdan sonra Putinin Bakıya gələcəyi gözlənilir – TƏHLİL

Lavrovdan sonra Putinin Bakıya gələcəyi gözlənilir – TƏHLİL

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya rəsmi səfəri bu gün başlayır.

Ehtimal ki, cənab Lavrovun Bakıya rəsmi səfəri həm Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağa həsr edilmiş sammitin nəticələrinin yenidən müzakirəsi, həm də Vladimir Putinin gözlənilən avqust səfəri ilə bağlı olacaq.

Rəsmi Moskvanın təşəbbüsü ilə keçirilən Sankt-Peterburq sammitində Dağlıq Qarabağ ətrafında yenidən alovlanan münaqişə müzakirə edilib.

Azərbaycan və Ermənistan dövlət başçılarının da iştirak etdiyi görüşün detalları hələ də tam olaraq ictimaiyyətə açıqlanmayıb.

Sergey Lavrov Bakıya təkrar səfərlə rəsmi Bakını Qarabağla bağlı danışıqları davam etdirməyə inandırmaq niyyətindədir.

Aprel döyüşlərindən sonra mövqeyini nisbətən də olsa gücləndirən Azərbaycan tərəfi artıq Qarabağla bağlı güzəştə getməyəcəyini artıq bir neçə dəfə açıq şəkildə dilə gətirib.

Buna görə də rəsmi Kreml Azərbaycan tərəfini yeni və daha ədalətli şərtlər əsasında danışıqlara cəlb etməlidir. Rusiyanın Dağlıq Qarabağ məsələsində əsas açar ölkə olduğu faktı danılmazdır. ATƏT-in Minsk qrupunun, ABŞ, və Fransa kimi ölkələrin danışıqlar prosesindəki rolu isə 20 ildən artıq bir dövrdə yeni mərhələyə qədəm qoymamışdır.

Image copyrightPRESİDENT.AZ
Image captionVladimir Putin 2013-cü ilin avqust ayında Bakıya səfəri zamanı

Cari ilin avqust ayında İran prezidenti Həsən Ruhaninin və Rusiya prezidenti Vladimir Putinin də Azərbaycana rəsmi səfərləri gözlənilir.

Vladimir Putinun Bakıya avqust ayında səfəri “hazırlanır”, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Cənubi Qafqazda vəziyyətin daha da həssaslaşdığı bir dövrdə regionun aparıcı ölkələrinin də fəallığı artmaqda davam edir. Aydın məsələdir ki, Azərbaycan və Ermənistan arasında baş verə biləcək iri miqyaslı müharibə regionun bütün ölkələrinə təsirsiz ötüşməyəcək.

Bu baxımdan İran və Rusiya da tərəfləri iri müharibədən çəkinməyə çağırmaqda davam edir. Həsən Ruhaninin Bakıya rəsmi səfərinin tam olaraq səbəbi açıqlanmasa da, müxtəlif mənbələrdən verilən məlumatlara əsasən səfər zamanı üçtərəfli yeni əməkdaşlıq memorandumu imzalanacaq. Memorandumun hansı sahələri əhatə edəcəyi də hələ ki sual altındadır.

Şimal-Cənub dəhlizi

Vladimir Putinin gözlənilən Bakı səfəri zamanı müzakirə mövzusunun Qarabağ olacağı isə heç şübhə doğurmur. Ölkə başçısının əvvəlcə Bakı daha sonra isə Yerevana edəcəyi rəsmi səfər də bu faktı təsdiqləyir. Münaqişənin alovlanmasından sonra da münaqişə tərəflərinin önəmli bir konsensusa gəlmədiyini nəzərə alsaq, demək olar ki cənab Putin Bakı səfəri zamanı daha real məsələləri müzakirə edəcək. Məsələn, münaqişə tərəflərini yeni silahlı qarşıdurmadan çəkindirmək kimi.

Bir digər vacib məsələ də beynəlxalq Şimal–Cənub tranzit dəhlizi layihəsidir. Böyük ehtimal Rusiya dövlət başçısı bu layihənin gələcəyini də öz azərbaycanlı həmkarı ilə müzakirə edəcək.

Şimal – Cənub beynəlxalq dəhlizi İran, Çin, Hindistan, Azərbaycan, Ermənistan, Qazaxıstan, Oman, Suriya kimi ölkələrin ərazilərini əhatə edəcək beynəlxalq yük daşıma layihəsidir.

Layihənin əsas ideya müəllifi olan Rusiya bu yolla beynəlxalq yük daşıma xərclərini 20% azaltmaq məqsədi güdür. Ekspertlərin hesablamalarına görə, layihənin baş tutacağı təqdirdə beynəlxalq yük daşımaları əvvəlkinə nisbətən çox daha tez müddətə başa gələcək.

Azərbaycanın layihədə iştirakının Rusiya üçün vacib olduğu aydın faktdır. Rəsmi Bakının layihəyə marağını artırmaq üçün Vladimir Putinin Dağlıq Qarabağla məsələsində hansısa güzəştlərə gedib-getməyəcəyini demək çətindir.

Rusiyalı ekspertlər cənab Putinin 7 rayonun azad edilməsi ilə bağlı Ermənistana təzyiq göstərəciyini iddia etsələr belə, aprel döyüşlərindən sonra ciddi itkilər verən Ermənistana belə bir təzyiqin göstərilməsi böyük daxili çaxnaşma yarada bilər.

Məhz buna görə də, Moskvanın bu məsələdə Ermənistan rəhbərliyinə təzyiq göstərəcyi hələ ki, real görünmür. BBC

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın