Ana səhifə / Sosial / Lavrov: “ABŞ diplomatları vaxtaşırı qadın paltarı geyinir…”

Lavrov: “ABŞ diplomatları vaxtaşırı qadın paltarı geyinir…”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyada işləyən ABŞ diplomatları vaxtaşırı qadın paltarı geyərək icazəsiz aksiyalara və informatorlarla görüşlərə qatılıblar.

“PALTARLARINI TUALETDƏ DƏYİŞİRLƏR”

Onun sözlərinə görə, “ABŞ səfirliyinin diplomatlarının dəfələrlə Rusiya müxalifətinin mitinqlərində, hökumətə qarşı mitinqlərdə iştirakı qeydə alınıb”. Nazir bildirib ki, bu halların bəzilərində diplomatlar xarici görkəmlərini dəyişiblər.

Lavrov diplomatın qadın geyimində girdiyi ayaqyolunda paltarını dəyişərək adi kişi kostyumu geyməsindən danışıb. Onun sözlərinə görə, ABŞ səfirliyinin əməkdaşları xüsusi diplomatik nömrəsi olmayan, icarəyə götürülmüş maşınlarla ölkəni gəzirlər. Nazir qeyd edir ki, “onları Kalininqrad, Leninqrad, Murmansk vilayətlərində, Novorossiysk və Çeçenistanda görüblər”.

“Donbasla sərhəddə eninə-uzununa hər yeri gəziblər”, – deyə nazir bildirib.

“DİPMİSSİYA ƏMƏKDAŞINI ZİRZƏMİYƏ APARIBLAR”

Bir gün öncə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova “Rossiya 1” telekanalının efirində söyləyib ki, ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ABŞ-dakı diplomatik missiyasının əməkdaşını öz tərəflərinə çəkməyə çəhd göstəriblər. Guya onlar bu cəhdi həmin diplomat Rusiyanın keçmiş baş naziri Yevgeny Primakov üçün dərman almaq istəyəndə ediblər.

Zakharova qeyd edib ki, bütün gərəkən arayış və sənədlər hazır olsa da, diplomat dərman üçün aptekə gəldiyi zaman Amerika xüsusi xidmət orqanlarının əməkdaşları ona yaxınlaşaraq onu mağazanın mobil rabitənin tutmadığı zirzəmisinə aparıblar. Guya konsulluq işçisini zirzəmidə bir saata yaxın saxlayıblar, onu qanunsuz dərman ticarətində suçlayaraq şantaj ediblər və bu yolla onu öz tərəflərinə çəkməyə çalışıblar. Zakharova gileylənib ki, həmin əməkdaşın əlindən dərmanı alıblar, pulunu da qaytarmayıblar.

XATIRLATMA

Son bir ildə Rusiya ilə ABŞ arasında diplomatik münasibətlər kəskin pisləşib.

ABŞ nümayəndələri bildiriblər ki, ötən il diplomatik pasportlarla Rusiyaya gəlmiş iki dövlət qulluqçusu burada zəhərlənib. Onlardan biri xəstəxanaya düşüb. Digər bir hücumsa Moskvada baş verib: Moskvadakı ABŞ səfirliyinin qarşısında mühafizəçi Amerika diplomatını yerə yıxıb. Amerikalı dövlət qulluqçuları həmçinin bildiriblər ki, onların Moskva və başqa şəhərlərdəki mənzillərinə girilib, əşyaları dağıdılıb, qaz plitəsi işə salınıb, evə yandırılmış siqaret qoyulub.

Bu yaxınlarda Birləşmiş Ştatlar Rusiya diplomatik missiyasının 35 əməkdaşını ölkədən çıxarmaq barədə qərar qəbul edib. Prezident Barak Obama öz nitqində persona non grata elan olunmuş şəxsləri birbaşa “kəşfiyyat agentləri” adlandırıb. Rusiyanın Xarici İşlər Nazirliyi diplomatlarının ABŞ-dan çıxarılmasına cavab olaraq simmetrik tədbirlər görəcəyini vəd edib. (Azadliq.org)

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın