Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / Lənkərandan olan YAP üzvü iflic olub, Yasamalda köməksiz qalıb

Lənkərandan olan YAP üzvü iflic olub, Yasamalda köməksiz qalıb

Lənkəran sakini Rahim Məmmədzadə altı aydır ki, iflic olub, gözləri tutulub. Ağır vəziyyətdə olan yataq xəstəsi Yasamal rayonu, C. Qaryağdı küçəsində kirayədə qaldığı mənzilində qonşularının ümidinə qalıb. O, əlilliklə əlaqədar pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, indiyə kimi qapısını açan olmayıb.

Bu şikayətlə virtualaz.org saytına müraciət edən 64 yaşlı şikayətçi deyir ki, bu vəziyyətdə kirayə qaldığı evdə tək yaşayır. Yerindən tərpənə bilmədiyindən haqqını da müdafiə etməkdə çətinlik çəkir.

“Mən Lənkəran rayonu, Liman şəhərində anadan olmuşam. YAP üzvüyəm. İxtisasca həkiməm, 1977-ci ildən bu yana çalışmışam, müharibə veteranıyam. Bakıya da işlə əlaqədar gəlmişdim. Amma iflic olandan sonra gözlərim tutulub, yerimdən qalxa bilmirəm, şikəst olub qalmışam. Vəziyyətimlə əlaqədar əlillik pensiyası almaq istəyirəm, amma 6 aydır müraciət etsəm də, mənimlə maraqlanana yoxdur. Xahiş edirəm, bir vətəndaş kimi mənə kömək edin…”

R. Məmmədzadə deyir ki, artıq gözlərinin biri tamamilə tutulub, digəri isə hələ ki, 30 faiz görür.

“Sağ tərəfim, sağ əlim tamamilə quruyub. Qələm tuta bilmirəm, sizə şikayəti də qonşum yazıb. Düzdür, qeydiyyatım Lənkəranadır, amma ora bu vəziyyətdə necə gedim?”, – R. Məmmədzadə qeyd edir.

Vətəndaşın şikayəti ilə əlaqədar bir neçə həftə əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən şikayətin araşdırılacağı və tədbir görüləcəyi deyilsə də,belə məlum olur ki, indiyə qədər heç bir tədbir görülməyib.

Xatırladaq ki, əlilliyin qiymətləndirilməsi müvafiq müalicə-profilaktika müəssisələrindən göndəriş daxil olduğu halda şəxs (pasport və ya onu əvəz edən digər sənəd təqdim etməklə) pasport qeydiyyatında olduğu (yaxud faktiki yaşadığı) rayona (şəhərə) xidmət edən TSEK tərəfindən müayinə olunur. Həkim-məsləhət komissiyasının rəyinə görə xəstənin TSEK-ə gəlməsi mümkün olmadığı hallarda, müayinə evdə və ya vətəndaşın müalicə olunduğu xəstəxanada aparılır.

Həmçinin oxuyun

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi …