Ana səhifə / Sosial / “Lələ Təpənin fotolarını soxacam o şərəfsizin gözünə!” – Millət vəkili yazır…

“Lələ Təpənin fotolarını soxacam o şərəfsizin gözünə!” – Millət vəkili yazır…

Artıq o dönəm gəldi ki, üfüqdə Dağlıq Qarabağla ilgili bəlli işartılar görünməyə başlayıb. Nəhayət! Bəli, bu pafos deyil. Nəinki pafos, heç zaman-zaman dünyanın haqq işimizə candərdi vermiş olduğu dəstək, 23 ildir Beynəlxalq Təşkilatlar tərəfindən başımız altına qoyulan yastıq, stenoqram xətrinə söylənən gəlişi gözəl kəlmələr, ATƏT-in Minsk qrupunun turistik səfərlərindən doğan illuziya, hətta BMT-nin havada sayrışan qətnamələri də deyil.

Bu Azərbaycanın gücüdür. Öz sevmədiklərini və onu sevməyənləri belə hesablaşmağa məcbur etdiyi güc!

***

Dünən plenar iclasda Milli Məclisin sədri, hörmətli Oqtay Əsədov deputat çıxışlarına xitabən maraqlı bir ifadə işlətdi: “Hamı müharibə ritorikasına köklənib. Oysa, biz sadəcə erməni təxribatına cavab olaraq qarşı tərəfi layiq olduğu formada yerində oturtmuşuq. Vəssalam. Azərbaycan ordusu müharibə edəcək olsa, bir Allah bilir haralara qədər irəliləyər”. Əslində gerçək olan da budur: Ermənistan yüngül qapazla müvazinətini itirdi. Tərəfimizdən bir neçə həmlə yetdi ki, gedib haykanuşların ətəyində gizlənsinlər, 60-70 yaşında bomju xatırladan saqqallı kişiləri səngərə dövr etsinlər, 18-20 yaşında qadınları dəstək amacı ilə (?!) ön cəbhəyə göndərsinlər, day-daylarına, himayəçilərinə, quyruq buladıqlarına it kimi, küçük kimi yalvarsınlar…
Atəşkəs üçün!

Öncə Sarkisyan başından yekə açıqlamalar verib, “əvvəlki təmas xətti bərpa olunsun” – deyirdi. Sonra adama necə qulaqburması, gərəkli təlimat verdilərsə anındaca sakitləşdi. Quzu balası kimi. Məcburən. Variantsızlıqdan. Düşmən və ələkçiyə qıl verənlər isə son 23 ildə gerçəkdən belə bir durumla rastlaşmamışdılar: Amerika açıq mesajla bizlərə dəstəyini ifadə etdi, Avropa Şurasının sədri Ermənistana qarşı sərt açıqlaması ilə gündəmə gəldi, xristian faktoru nəhayət ki, seçim məsələsində düşmənlərimizin işinə yaramadı, Pakistan 100 minlik ordu, Türkiyə 1 milyonluq könüllü ilə sərəncamımızda olduğunu söylədi, Azərbaycan ordusu atəşkəs dövründən bu yana ilk dəfə torpaq aldı, bizlərə qalibiyyət hissini, sevincini daddırdı…

***

Siyasi müxalifətimizin erməni manşetlərindən düşməyən “lider”i var ha, Azərbaycan hakimiyyətini “Rusiyadan qorxub sakitləşdiniz” –deyə durmadan ittihamlayır. Lütfən, biriləri o səbatsızın qulağına pıçıldasın ki, hətta eyni adlı kontekstdə belə mənəvi aşınmaya sürüklənən Ermənistanın özüdür. Sırf Rusiyanın soyuqqanlığı səbəbilə! Və ya Yerevanın mərkəzində düzənlənən kütləvi mitinqlər, gorbagor olmuş əsgər analarının aqressiyası, hərbi ekspertlətin “Smerç” tipli raket sistemi niyə bizə yox, qarşı tərəfə satılıb?”, politoloqların “arxamızda güc olmasa batdıq”- ritorikası da hədəf olaraq bəlli istiqamətə yönəlib: Putin Administrasiyasına! Rusiyanın dövlət başçısının 2 gün öncə mətbuat konfransında verdiyi: “münaqişə tərəflərin öz iradəsi ilə həll olunmalıdır” – açıqlaması isə Ermənistana vurulan növbəti tərs şapalaqdır. Sadəcə mesaj sətiraltı çatdırılıb:“məndən əlinizi üzün, münaqişə ocağı yenidən alovlansa qarışmayacam”

***

Dünyanın tirajlı mətbuat səhifələrindən Azərbaycan mediasının kuluarlarına qədər yol tapan “5-6 rayonun geri qaytarılması realdır” – sızması isə əmin olun ki, sıradan və təsadüfi bir məsələ deyil. Bəlli dairələrdən ötürülən, eyni zamanda Azərbaycanı növbəti danışıqlara qədər rahatlatmaq və Ermənistanı öz taleyi ilə barışdırmaq məqsədi güdən bu eyham əslində hər iki tərəfdə ictimai rəyi yoxlamağa hesablanıb. Ki, ən azından qazanılmış müddət ərzində dünya hegemonlarının manevr etmə imkanı olsun, tərəflər sakitləşsin, qarşıdurma səngisin. Fəqət, bu kontekstdə belə Azərbaycanın narahatlığı yoxdur. Çünki bütün hallarda son sözü xalqın seçdiyi və güvəndiyi insan – Prezident deyir. Ermənistan isə belə bir formatda “öz müqəddəratını həll etmə lüksü”ndən məhrumdur. Orada əsas “dəngə”lər ölkə xaricindəki kriminal lobbi tərəfindən müəyyənləşdirilir. O lobbi ki, 1999-cu ilin oktyabrında Qarabağ danışıqlarından qane olmadığı üçün Parlament qətliamını düzənlədi, gələcəkdə öz məqsədlərini həyata keçirmək naminə Sarkisyan kimi “əl meymunu”nu dünya güclərinə tövsiyyə edib hakimiyyətə gətirdi, Ermənistanın üzdə olan bütün perspektivli siyasi liderlərini terror və sui-qəsdlərə məruz qoyub zərərsizləşdirdi, Köçəryanı şantaj yolu ilə siyasi səhnədən uzaqlaşdırdı, dünən isə…keçmiş Prezident ağzını açıb müharibə açıqlaması verən kimi evində qumbara partladı…

Xalqın Prezidentə, Prezidentin dövlətə dəxli olmamağının məziyyəti bax budur: Ermənistan tablosu! “Kumanda” kimin əlindədirsə taleyinlə də bağlı qərarı o(nlar) verir….
***
Sabah isə Strasburqa səfərimiz başlayır. Yenə Avropa Şurasının plenar iclas salonunda, komitə zallarında erməni gədələrini təhəmmül etməli, onların iftira və riya dolu çıxışlarını, sərsəmləmələrini cavablandırmalı olacayıq. Liberallar qrupunda belə bir üz qarası ilə tet-a-tet otururam. Qırmızı da sifəti var. Öz də Petrosyanın Dağlıq Qarabağ məsələləri üzrə müşaviri olub . Yanvar sessiyasında əməllicə tutaşdıq. Adam elə sifətinə də uyğun formada qırmızı-qırmızı deyirdi ki, sizin torpaqlarınızı biz yox, Dağlıq Qarabağ erməniləri zəbt edib. Həmin torpaqların isə qarışını belə qaytara bilməyəcəksiz…
P.S Əlimdə Lələ Təpənin fotoları var. Dəst-dəst hazırlamışam. Soxacam o şərəfsizin gözünə…

Elşən Musayev, Milli Məclisin deputatı

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın