Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Kürün suyunu kimlər azaldır? – VİDEO

Kürün suyunu kimlər azaldır? – VİDEO

Son günlər ölkədə əsas müzakirə mövzularından biri Azərbaycanın əsas təbii su mənbəyi olan Kür çayının aşağı axarında suyun həcminin kəskin şəkildə azalmasıdır.
Kür çayının aşağı axarında suyun azalması ilə bağlı problemlər əvvəllər də dəfələrlə müzakirə olunub.
Hətta, 3 il əvvəl – 2020-ci ildə AMEA Coğrafiya İnstitutu tərəfidən Kür çayının aşağı axınında müşahidə edilən kəskin azalma ilə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticəsində müəyyən edilib ki, Kür və Araz çayları boyunca, eyni zamanda Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri, Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsi problemin yaranmasında mühüm rol oynayıb.
Məlumat üçün bildirək ki, ümumi uzunluğu 1 515 km olan Kür çayının yarıdan çoxu – 906 km-i Azərbaycan ərazisindən axır. Kür çayını qidalandıran əsas mənbələr arasında Araz çayı başda olmaqla bir-sıra çaylar (Qanıxçay. Şəmkirçay. Tərtərçay, Xaçınçay və s.) mühüm rol oynayır. Bu çayların bir çoxu da Azərbaycan ərazisindən axır.
Hazırda həmin çaylar, o cümlədən Kür çayının yatağında böyük qum-çınqıl karxanaları fəaliyyət göstərir. Kür çayının aşağı axınında  suyun səviyyəsinin azalmasına paralel olaraq qum-çınqıl istehsalı da sürətlə artır.
Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, 2018-ci ildə Azərbaycanda 972,9 min ton qum istehsal olunduğu halda cəmi 3 il sonra – 2021-ci ildə qum istehsalı təxminən 2 dəfə artaraq 1 milyon 822,3 min tona çatıb.
Çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı istehsalı da bu 3 il ərzində 2 dəfədən çox artaraq 1 milyon 476,5 min tondan 3 milyon 566,9 min tona yüksəlib.
Onu da bildirək ki, ölkədə qum-çınqıla olan tələbatın artmasını 2021-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə keçirilən “Qum-çınqıl hasilatı üzrə mövcud çətinliklər, biznes imkanları və perspektivlər” mövzusunda forumda KOBİA-nın sədri Orxan Məmmədov işğaldan azad olunmuş ərazilərdə tikinti sektorundakı canlanma ilə əlaqələndirib.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …