Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Kürdə su qıtlığı: əkin sahələrini təhlükə gözləyirmi?

Kürdə su qıtlığı: əkin sahələrini təhlükə gözləyirmi?

Kür çayının suyu azalıb, getdikcə çayın yatağı daralır və quruyur. Kürün keçdiyi rayonlarda yaşayan sakinlər bu gedişatla yaz-yay aylarında kənd təsərrüfatı bitkilərinin suvarılmasında ciddi problemlərin yaranacağından narahatdırlar.

Virtualaz.org xəbər verir ki, sakinlər Kürün Salyan rayonu ərazisindən keçən hissəsində torpaq adacıqların yarandığını bildirirlər. Onların sözlərinə görə, qış fəslində çayda su quruyursa, bu isti aylarda su qıtlığının olacağından xəbər verir.

Yaranmış vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevlə əlaqə saxladıq. Baş hidroloq əvvəllər də qış aylarında çaylarda sululuğun azaldığını, lakin bunun yaz-yay aylarında su qıtlığına səbəb olmadığını deyir.

“Bu ilk dəfə deyil, analoji vəziyyət əvvəlki illərdə də baş verib. Məsələn, 2011, 2013, 2015-ci illərdə də bu vaxtlar Kür çayında suyun səviyyəsi aşağı olub. İndi qış dövrüdür, dekabr, yanvar, fevral aylarında çaylarda az sululuq dövrü olur. Çünki dağlı ərazilərdə yağıntı qar şəklində yağır”, – deyə ekoloq bildirib.

A.Verdiyev qeyd edib ki, yazda su qıtlığı olacağını indidən demək düzgün olmaz: “Bunun üçün yaz dövründə düşən yağıntının miqdarını bilmək lazımdır. Martın sonu, aprel ayından başlayaraq yağışlar başlayır və çaylarda sululuq artır. Biz də həmin dövrdə qar ölçmə işləri aparırıq və çayların vəziyyəti ilə bağlı proqnoz verə bilirik. İndidən su qıtlığı olacağını demək düzgün olmaz”, – deyə ETSN rəsmisi vurğulayıb.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …