Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Sosial / Kür suyunun yarısı itkiyə gedir: günah kimdədir?

Kür suyunun yarısı itkiyə gedir: günah kimdədir?

“Qlobal iqlim dəyişmələri son 30 ildə dünyanın hər yerində, həm şimal, həm də cənub yarımkürəsində, həm də orta qurşaqlarda özünü büruzə verir. Xüsusilə şimal ölkələrində buzlaqların əriməsi nəticəsində torpaq ərazilərin su ilə əhatə olunması, bu problemin ortaya çıxması ilə özünü göstərir”.

Bu sözləri Bakupost.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev qlobal istiləşmədə su ehtiyyatlarının azalmasından danışarkan deyib:

“Afrika, Asiya və digər quraqlıq olan ölkələrdə isə temperaturun, buxarlanmanın artması su resurslarının azalmasına, eyni zamanda quraqlığa doğru meyilliliyin artmasına gətirib. Bu da kənd təsərrüfatında torpağın məhsuldarlığının azalmasına, ərazilərin nisbətən quraqlığa doğru meyl etməsi özünü göstərir.Xüsusilə Azərbaycanda son 5-6 ildə havaların isti keçməsi, su resurslarımızın azalması özünü büruzə verir. Ona görə də iqlim dəyişmələrinin təsiri nəticəsində havanın temperaturunun artması, yağıntıların azalması qlobal problem kimi qarşıdadır.
Ssenarilər göstərir ki, əgər dövlətlər, bu prosesin qarşısını almasalar və bu prosesə səbəb olan parnik qazlarının artmasının qarşısını almasalar gələcəkdə bu daha da kəskinləşə, temperatur 3-4 dərəcə arta bilər. Hətta 4 dərəcədən çox da ola bilər. 1995-ci ildə konvensiyaya qoşulduq, protokolu da imzaladıq daha sonra 2015-ci ildə Paris razılaşması hazırlandı. Həmin razılaşmada isə qarşıya qoyuldu ki, ölkələr atmosferə atılan qazın miqdarını azaltmaqla temperaturun 1990-cı il ilə müqayisədə 1,5, maksimum 2 dərəcə hüdudunda artması ilə məhdudlaşdıra bilsin. Lakin son 4-5 ildə bu sahədə o qədər də ciddi iş görülmədiyindən, iki ay öncə konvensiyanı imzalayan tərəflərin 26-cı görüşü zamanı məsələ bir daha vurğulandı. Hökumət və dövlətlərdən çox ciddi addımların atılması, parnik qazlarının miqdarının əvvəlki dövrlə müqayisədə ciddi şəkildə artmasının qarşısının alınması istiqamətində tələblər qoyuldu. Əsas sənaye ölkələri olan Çin, Yaponiya, ABŞ, Rusiya kimi ölkələrdən ciddi addımlar atmaları tələb olundu”.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycandan bu sahədə ciddi iş tələb olunmur. Lakin Azərbaycan özü də 35% bu qazların azaldılması istiqamətində öhdəlik götürülüb:
“Biz əsrin əvvəlindən mazotdan istifadədən imtina etməklə təbii qazla enerji istehsalına geniş yer verdik. Ona görə də bu sahədə öhdəliyimizə uyğun olaraq atılan qazların azaldılması həyata keçirilib. Azərbaycan, bu öhdəliyin üzərində durub və gələcəkdə də bu istiqamətdə işləri davam etdirmək istəyir. Biz beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində 35% -dən də yuxarı bu azalmanı həyata keçirməyi öhdəlik kimi götürmüşük. Əlbəttə, digər dövlətlər tərəfindən də bu kimi işlər həyata keçirilsə, gələcəkdə iqlimin daha da sərtləşməsinin, təbii fəlakətlərin intensiv və sərt keçməsinin qarşısı alınar. O cümlədən, kənd təsərrüfatı, sahilyanı ərazilərdə su resurslarımızın azalmasına səbəb olan amillərin də qarşısı alına bilər. Artıq bizim 10-15 % su resurslarımız azalıb. Ölkədə 30 milyard kub metr su ötən əsrin sonlarında var idisə, indi bunun miqdarı ondan 4-5 milyard azdır. Qonşu dövlətlərin sudan istifafəsini də nəzərə almaqla ümumi su resurslarımız ölkə ərazisində 20-21 milyard kub metr kimi qiymətləndirilir. Xüsusilə bu son illərdə müşahidə olunub. Məhz bunun səbəbindən iri su anbarlarının Mingəçevir, Şəmkir və digər su anbarlarını doldurmaqda çətinlik yarandı. Bunun nəticəsində Kürün aşağı hissəsində çayda su azaldı. Bu isə Kürün su səviyyəsinin aşağı olduğundan güclü küləklər, dalğalar zamanı Xəzərin duzlu suyunun Kür boyu hərəkət edərək Salyan rayonu istiqamətində genişlənib və həmin ərazilərdə əhalinin su təchizatında problem yaradıb. Şirin su əvəzinə artıq çayda duzlu su müşahidə olunub. Bu kimi proseslərin qarşısı alınması üçün ölkədə lazımı işlər həyata keçirilir, Kürün deltasında işlər görülür, eyni zamanda su anbarlarında suyun doldurulması istiqamətində suvarma zamanı mövcud olan 30-40% su itkisinin qarşısının alınması, kənd təsərrüfatında suyu damcılama yolu ilə suvarmanın həyata keçirilməsi kimi işlər qarşıda durur. Bu sahədə müxtəlif dövlət proqramları, planlar belə işlərin həyata keçirilmısini vacib hesab edir ki, biz sudan səmərəli istifadə edək. Hazırda 12-13 milyard kubmetr su götürülür ki, bunun 4-5 milyardı itkiyə gedir, qalan 7 milyarda yaxını isə istifadə olunur. Bu itkilərin qarşısını alsaq cəmi 7-8 milyard kubmetr su götürülə bilər. Qalan su çayda qalıb, ekoloji axını təmin edə bilər, həm də çayların aşağı hissəsində su təchizatında lazımı tələblərin həyata keçirilməsinə kömək edə bilər. Eyni zamanda əhali sudan qənaətlə istifadə etməlidir ki, bu sahədə mövcud problemlər olmasın”.

Həmçinin oxuyun

“Hansısa “ağır çəkili” nazirin tapşırığına görə 6 kilometr artıq yol getməli oluruq” – Video

“VAZ dairəsi”nin hərəkət sxemindəki dəyişiklik sürücülərin narazılığına səbəb olub.Yeniavaz.com xəbər verir ki, onlar ünvana çatmaq üçün …