Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Küçələri “bəzəyən” toyuq dönəri: Niyə nəzarət edən yoxdur?

Küçələri “bəzəyən” toyuq dönəri: Niyə nəzarət edən yoxdur?

İndi şəhərin mərkəzində, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə az qala hər tinin başında bir dönərxana ilə qarşılaşmaq adi haldır.

İçinə bir dönərçi ilə aparatın zorla sığışdığı balaca bir məkan və ətrafa yayılan qoxu.

Müştərisi kifayət qədər olan dönərxanalar həm bu fürsətdən, həm də alıcının sorğu-suala o qədər meyilli olmadan alıb yeməsindən istifadə edərək necə gəldi hazırladığı dönərini satmaqla məşğul olurlar. Çox vaxt ala-çiy, yaxud üzəri yanıb qaralmış dönəri “yonub” çörəyin arasına yığırlar. Sonra da üzərinə sürtdüyü bol mayonezlə ətin hansı rəngdə olduğunu ört-basdır edərək müştəriyə təqdim edirlər.

Bir az diqqətli olan insan dönərxana işlədənlərin əksəriyyətinin həm satıcılığı, həm ustalığı özünün etməsinin şahidi olar. Əlini gah pula, gah çörəyə uzadan dönərçilərin bu hərəkətinə isə başı telefona qarışan müştəri heç əhəmiyyət vermir. Bir vaxtlar toyuq dönərinin satışı qadağan olunsa da, indi toyuq dönəri daha çox satılır. Üstəlik dönərdən tez-tez zəhərlənmə halı da yaşanır. Dönər yedikdən sonra hər özünü pis hiss edən həkimə getməsə də, bu qidalar insan orqanizmində öz fəsadını gec-tez verir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, ki, dönərdən zəhərlənmələrin bir çox səbəbləri var:

“Satılan dönərlərdən zəhərlənmə halları çox olur. Zəhərlənməni də daha çox toyuq dönəri yaradır. Bunun da bir çox səbəbləri var. Ətin emal prosesi isti otaqda aparılır. Otağın temperaturu nəzərə alınmır. Emal prosesi uzun çəkir və əti mikroçirklənməyə məruz qoyurlar. Maya dəyərinin az olması üçün mənşəyi məlum olmayan toyuqlardan dönər hazırlayırlar. Bunların hamısı müzakirəyə açıq mövzulardır”.

Hazırlanan dönərin tez-tez çiy olması probleminə gəlincə, mütəxəssis bildirib ki, bu hal dönər satanların tələskənliyindən, qaydalara əməl etməməsindən baş verir:
“Çox vaxt dönərçilərin müştəriləri çox olur. Onlar da müştərini geri qaytarmaq istəmir, onun yerinə ala-çiy dönər satmağa üstünlük verirlər. Dönərin bir hissəsi kəsildikdən sonra yeni qatın bişməsi üçün gözləmək lazımdır. Amma çox zaman dönərçilər bunu gözləmirlər. Yarıbişmiş vəziyyətdə olan, yəni daxili istiliyi 75 dərəcəyə çatmayan ət məhsulları birbaşa zəhərlənmə verə bilər. Ətin bişməsi üçün iç istilik ən azı 75 dərəcə olmalıdır. Məsələn 65 dərəcə istiliklə hazırlanan dönər insanları zəhərləyir”.

Mütləq təlimdən keçməlidirlər

Ağa Salamov onu da bildirib ki, dönər hazırlamaqla məşğul olanların maarifləndirilməsinə ehtiyac var. Belə ki, hansısa bir assosiasiya, qurum tərəfindən bir təlim mərkəzi olmalı və dönər ustası olmaq istəyən iddiaçılar orada təlimə cəlb olunmalıdırlar.

“Həmin mərkəzdə təlim keçməyən, sertifikatı olmayan, dönər hazırlamağın düzgün şərtlərindən xəbərsiz olan dönərçiləri bu işdən kənarlaşdırmaq lazımdır. Standartları bilməyənlər necə dönər hazırlaya bilərlər?”, – deyə texnoloq vurğulayıb.

Ən çox yaşlıların, uşaqların dönərdən zəhərlənmə ehtimalının olduğunu deyən Ağa Salamov, ölüm halının istisna olunmadığını da vurğulayıb:

“Toyuqda salmonella bakteriyası var ki, o da qida zəhərlənmsinin başlıca səbəblərindən biridir”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …