Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / “Kontakt Home” ilə məşhur rejissor arasındakı məhkəmə çəkişməsi davam edir

“Kontakt Home” ilə məşhur rejissor arasındakı məhkəmə çəkişməsi davam edir

Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Kontakt Home”un bağlı olduğu “ABC-Telecom” MMC şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb.
İddia ölkənin tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC (VÖEN – 1403588261) tərəfindən qaldırılıb.
Məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışovanın icraatına verilib. Məhkəmə iddiasının müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr səbəbi ilə qaldırıldığı bildirilir.
Qeyd edək ki, “Cinemazadeh” MMC “ABC-Telecom” MMC-yə qarşı ötən ilin sentyabr ayında da eyni iddianı qaldırıb və işə Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyev tərəfindən baxılıb. Belə görünür ki, Bakı Kommersiya Məhkəməsi “Cinemazadeh” MMC-nin iddiasını təmin etməyib və bu səbəbdən şikayətçi tərəf Bakı Apellyasiya Məhkəməsinə üz tutub.
Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.
Onu da qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. “Cinemazadeh” MMC paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin baş direktoru Zaur Darab-zadənin dəstəyi ilə yaradılıb.  Daha əvvəl “Cinemazadeh” MMC-yə məxsus olan “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadə olub və yalnız ötən il Darab-zadə domein adından imtina edib.
“Kontakt Home” mağazalar şəbəkəsi isə “ABC-Telecom” MMC-yə məxsusdur.  “ABC-Telecom” MMC (VÖEN- 1401005061) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib. Yeniavaz.com 

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …