Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Klintonun Trampa uduzması və Bakı üçün nəticələr – TƏHLİL

Klintonun Trampa uduzması və Bakı üçün nəticələr – TƏHLİL

Bəli, növbəti dəfə, özü də lap ürəkdən ABŞ-dakı seçki sistemini yamanlamaq olar, amma ki, fakt faktdır və Donald Trump artıq prezidentdir.

İndi hamı bunun çox gözlənilməz bir olay, hətta böyük şok olduğunu deyir. Fəqət, Federal Təhlükəsizlik Bürosu Hillari Klintona qarşı araşdırmalara yenidən start verəndə, özü də bunu seçkinin həlledici bir məqamında edəndə dərhal yazmışdıq ki, bundan sonra H.Klintonun seçkini udmasına yalnız və yalnız ümid etmək qalır…

Yox, demirik ki, bu yeganə bir amil idi. Hətta bizim diqqətli oxucular etiraz edə bilərlər ki, FTB çox tez bir zamanda H.Klintona qarşı hər hansı bir iddianın irəli sürülməyəcəyini və “elektron poçt qalmaqalı”nda cinayət tərkibinin olmadığını bildirdi…

Düzdür, fəqət, bunun H.Klintona köməyi olmadı, hətta ona qarşı şübhələri və inamsızlığı bir az da artırdı, çünki çox qısa müddətdə minlərlə məktubun araşdırılmasının mümkün olmaması hər kəsə aydın idi…

Əslində isə çox şey Hillarinin əleyhinə idi. Vaxtilə birinci xanım, hətta dövlət katibi olması da ona dividend gətirmirdi. Üstəlik, xanım siyasətçinin yorğun olmasını və hətta sağlamlıq probleminin olduğunu sezmək üçün də qeyri –adi fəhm sahibi olmağa ehtiyac yox idi… Mosuldakı əməliyyat da onun əleyhinə işləyirdi…

Bilirsiniz, H.Klintonun seçki zamanı ən böyük səhvi nə oldu? Hillarinin seçki texnoloqları seçici auditoriyasını Trampın çıxışlarında nələrin cəzb etdiyinin axıra qədər fərqinə varmadılar. Onlar lap axıra qədər D.Trampa qeyri-ciddi adam kimi baxdılar və belə bir detalı unutdular ki, onun qeyri – ciddi çıxışlarını dinləyən xeyli adam var…

Hillari Amerika seçicisi üçün “oxunmuş kitab” idi. Hətta əminik ki, əgər Trampın Jirinovskisayağı çıxışları olmasaydı, onun topldağı seçici səsləri bir az da az olacaqdı. Seçki dövründə Hillari yeni bir şey deyə bilmədi və bu, hətta amerikalı təhlilçilərin də diqqətindən qaçmadı. Amerika təhlil adamları da açıq şəkildə deyirlər ki, seçicilər H.Klintona çarəsizlikdən, necə deyərlər, başqa seçim imkanı olmadığından dəstək verirdilər…

D.Trampa gəldikdə isə, o seçici üçün siyasət baxımından “ağ vərəq” idi. Bu adam standart “Amerika arzusu” obrazına daha çox uğun gəlirdi – daima nəsə axtaran, təşəbbüskar və öz səyi sayəsində 4 milyard dollarlıq sərvət qazanan bir kəs…

Etiraf edirəm ki, bir siyasi təhlilçi kimi, o, mənim üçün də daha çox maraqlı idi. Bunu bir neçə dəfə yazmışam və bir daha təkrar edirəm ki, birincisi, D.Tramp ABŞ siyasətində personallıqla institutisionallığın sərhədini tam şəkildə təsəvvür etmək üçün yardımçı ola bilər. Söhbət dövlət maşınının birinci adamın qeyri-standart qərarlarına, kaprizlərinə və yanlışlıqlarına nə qədər müqavimət göstərə bilməsindən gedir…

Bir məsələ çox, olduqca böyük politoloji maraq kəsb edir. Görəsən, “ABŞ maraqları” deyilən, birinci adamın və yaxud da ki, bir qrupun siyasi iradəsindən asılı olmayan prinsiplər mövcuddur, yoxsa hər şey konkret adamların istək və arzularından, simpatiya və anti-patiyalarından asılıdır?..

İkincisi, ABŞ-la Rusiya arasında soyuq münasibətləri çox görmüşük. Heç olmasa, bir dəfə baxıb görək, bu iki ölkə arasında isti müansibətlər nəyə gətirib çıxa bilir.

Azərbaycana gəldikdə isə, bunun ölkədə, onun siyasi elitasında hansı nəticələrə gətirib çıxara bilməsi haqda media dərhal yazdı. Bəli, böyük ehtimalla bizim məmur elitasında D.Trampın seçilməsindən yararlananların və hakimiyyət olimpində özünə etibarlı yer edənlərin və yaxud da öz mövqelərini bir az da gücləndirənlərin olacağını istisna deyil…

Amma “Tramp və Azərbaycan” məsələsi heç də bir vektorla məhdudlaşmır, bir neçə istiqaməti əhatə edir. Mən bütün bunların üstündə ona görə ətraflı dayanmıram ki, hətta İnternetdən Trampın bioqrafiyası ilə tanış olmaqla da müəyyən qənaətlər əldə etmək və bəzi siyasi nəticələr çıxarmaq mümkündür…

Trampa oliqarx demək istəmirəm (H.Klinton seçkiyə ondan təxminən iki dəfə çox maliyyə cəlb etmişdi!). Ən azı ona görə ki, ondan fərqli olaraq Amerika demokratiyası və seçkilərilə bağlı bədgüman deyiləm və hələ qəbul edə bilmirəm ki, ABŞ-dakı siyasi sistemdə oliqarxiya çalarları var.

Amma ki, amerikalı politoloqlar, xüsusən də demokratiya nəzəriyyəçiləri çoxdan iddia edirlər ki, ABŞ-ı oliqarxlar idarə edir.

Sübut kimi də belə bir detala diqqət yetirirlər. ABŞ-da hər hansı qanunvericilik təşəbbüsünün qəbul edilməsi ehtimalı o vaxt artır ki, ona oliqarxlar dəstək vermiş olsun.

Hətta bunun konkret, dəqiq mexanizmi də göstərilir. Mexanizm ABŞ-da mövcud olan lobbiçilk institutudur…

Qoy, bu, ABŞ politoloqlarının “şəxsi fikri” olsun. Yeni prezidentə “oliqarx” sözünü yapışdırmamaq da olar. Amma D.Trampın “ucqarlar”dakı oliqarxların “dərd-sər”inə daha həssas olacağını da istisna etmək olmaz…

Üstəlik, onun seçkilər vaxtı “Bundan sonra ABŞ heç bir ölkədə hakimiyyəti dəyişməyə çalışmayacaq!” deməsi də çoxunun, ən əsası da dünyanın sərt rejimlərinin ruhunu oxşamaya bilməz…

D.Trampın Dağlıq Qarabağ məsələsinə, Azərbaycan və Türkiyəyə daha açıq münasibətinə gəldikdə isə, o, “ABŞ Yaxın Şərqdə kürd yaraqlılarını silahlandıracaq!” deyən H.Klintondan fərqli olaraq bu xüsusda hər hansı açıqlama verməyib…

Əslində bilirsiniz, ABŞ-ın Dağlıq Qarabağla bağlı siyasətini tənzimləyən əsas amil nədir? Təəssüf ki, erməni əsilli amerikalı seçicilərin səsləri respublikaçılar üçün də, demokratlar üçün də eyni dərəcədə vacibdir…

Onlar bu səslərdən heç bir halda imtina edə bilməzlər. Bəs onda ABŞ-ın Qarabağa siyasi münasibəti Rusiyanınkından nə ilə fərqlənir? Yoxsa belə fərq heç yerli-dibli yoxdur?..

Yox, var. ABŞ-ın Ermənistanda açıq ifadə olunan geosiyasi maraqları yoxdur. Amma Rusiya belə deyil, onun burada geosiyasi maraqları var və hər şey bir tərəfə, ruslar daima ermənilərin beyninə yeritməyə çalışırlar ki, biz olmasaq, Azərbaycanın və Türkiyənin ayaqları altında qalarsınız!..

Nə gizlədək, belə söhbətləri eşidəndə biz də fərqinə varmadan lovğalanırıq və başa düşmək istəmirik ki, bununla əslində Rusiya bizə böyük zərbə vurur…

Heç kim köçüb başqa planetə getməyəcək. Ermənistanla bir bölgədə olmağımız isə bir reallıqdır. Dağlıq Qarabağ probleminin də həlli həm də ermənilərin xəstə təxəyyülünün müalicəsindən, tərəflər arasında barış və etimadın yaranmasından asılıdır…

Bir daha deyirəm ki, ABŞ Ermənistanı Azərbaycan və Türkiyə ilə şantaj etmir. Fəqət, amerikalı siyasətçilər erməni əsilli seçicilərin səslərindən də imtina etmirlər. Məsələnin qəliz tərəfi də budur…

Dəfələrlə yazmışdıq ki, xanım Hillarinin də seçiləcəyi təqdirdə Qarabağ problemində hər hansı dəyişikliyin ola biləcəyinə inanmırdıq, çünki nə o, nə də Barak Obama bu konteksdə qətiyyən yadda qalmayıblar.

Üstəlik, bir vaxtlar H.Klintonun Sürix protokollarının imzalanması mərasimindəki sevincini unutmaq olmaz – Hillarinin üzündə elə şadyanalıq və təntənə vardı ki, sanki həyatının ən böyük anını yaşayırdı!

Oxucu deyə bilər ki, əgər Hillari seçilsəydi Rusiya ilə münasibətlər daha çox soyuqlaşacaqdı… Mən də bunu inkar etmirəm. Onun V.Putini “Rusiya diktatoru” adlandırması hər halda çox şeylər deyirdi. Amma heç bir halda nəinki Qarabağa, hətta Ukraynaya görə ABŞ Rusiya ilə vuruşmayacaqdı. Ola bilsin, sanksiyalar bir az artacaqdı və sərtləşəcəkdi və Rusiya da müəyyən iqtisadi problemlər yaşayacaqdı, fəqət, bundan o tərəfə getməyəcəkdi…

Trampın gəlişilə Putinin güclənə bilməsi ehtimalı mənim də ürəyimi açmır. Amma D.Trampın “Putinin adamı” olması haqdakı söhbətlər də adama gülməli görünür…

Bir neçə il əvvəl, təkrar – ikinci dəfə prezident seçilməyə hazırlaşarkən B.Obamanın D.Medvedevə “Volodyaya deyin ki…” deməsi hələ də yaddan çıxmır. Bəli, o vaxt mikrofonun açıq olması ABŞ prezidentinin tamam diqqətindən qaçmışdı…

Bəli, D.Tramp biznes adamıdır və bəzən siyasətbazlıqla siyasəti qarışdıranlardan fərqli olaraq daha praqmatikdir… Hər halda, biz buna ümid edirik, çünki başqa çarəmiz də yoxdur. Necə deyərlər, oturduğumuz yerdə işə düşdük, qardaş amerikalılar başımıza lap iş açdılar…

Hələ D.Tramp bir tərəfə, Ukraynanın prezidenti də biznes adamıdır, hətta onun da Rusiyada çox böyük biznesinin olduğu deyilirdi. İndi nə edək? Durub deyək ki, P.Poroşenko V.Putinin və yaxud da Rusiyanın adamıdır?..

Təbii, D.Tramp hələ bundan sonra özünün böyük siyasət və dövlət adamı olduğunu sübut etməldir. İndi çoxu üçün, xüsusən də ona dəstək verməyən xeyli insanlar üçün o, bir növ tapmacadır, özü də çox qorxulu tapmaca!..

Biz də etiraf edirik ki, bu adam bir az Vladimir Volfoviç Jirinovski cənablarına bənzəyir və avantürizmə çox meyllidir. Deyirdi ki, ABŞ-da seçkiləri saxtalaşdırırlar, “karusel” eləyirlər, dünyasını dəyişmiş adamları belə siyahılara salırlar!..

Ümid edək ki, prezidentliyə başlayandan sonra daha Trampın gözünə belə qarabasmalar görünməyəcək. O ki qaldı Jirinovskiyə, bu adam bir daha sübut etdi ki, heç də ağılsız deyil. V.Jirinovski tək-tük adamlardan oldu ki, seçkiyə bir neçə gün qalmış Trampın seçiləcəyini dedi…

Nə isə… Biz azərbaycanlılar zamana apelyasiya etməyi sevirik. Elə düz də edirik. Çünki zaman bütün dərdlərin çarəsidir və üstəlik də, insanın sərəncamında olan ən böyük kapitaldır – təəssüf ki, biz insanlar bunu yalnız ölümün astanasındaanlayırıq… İndi Trampın da götür-qoy üçün yanvara qədər vaxtı var. İndiyə qədər o, prezidentliyə namizəd və bir də biznesmen idi. İndi isə prezident olmalıdır. Bacaracaqmı?.

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın