Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Kirayə mənzil bazarında nə baş verir? – “Ev tapmaq çətinləşib”
Xəbər Şəkli
Kirayə mənzil bazarında nə baş verir? – “Ev tapmaq çətinləşib”
11 June 2026, 09:18
Sosial
Kirayə evlər hər zaman yaz-yay aylarında boşaldığı üçün qiymətlərdə endirim, mənzillərin sayında isə artım müşahidə edilirdi. Hazırda isə tam əksidir, kirayə mənzillərin sayı məhdud, qiymətlər isə əl yandırır. Bu isə yeni təhsil ilinin başlayacağı ərəfədə qiymətlərin necə olacağı mövzusunu aktuallaşdırıb.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirovun sözlərinə görə, 2019-cu ildən başlayaraq kirayə evlərin qiymətlərində hər il keçdikcə müvafiq faiz dərəcələrində qiymət artımı yaşanır.O deyib ki, əmlak bazarı tələb və təklif üzərində qurulub: “Bazar özü-özünü tənzimləyir. İstər kirayə, istərsə də alqı-satqı olsun, tələbat çox olanda qiymət artımı yaşanır, əksinə təlabat az, təklif çox olanda isə rəqabət yaranır, qiymətlər aşağı düşür. Bu səbəbdən 2019-cu ildən başlayaraq hər il keçdikcə kirayə mənzillərə təlabat artır. Bir sıra hallarda əmlak sahibləri kirayə mənzil götürənlərin çox olmasından istifadə edərək süni qiymət artımı edirlər. Bilirlər ki, mənzil çatışmazlığı var, xüsusilə də kirayə mənzillərin sayı az olduğundan yaxşı bilirlər ki, bir şəxsə edilən qiymət təklifi uyğun olmazsa belə, digər şəxsə uyğun olacaq və götürəcək. Əmlak sahibləri bunu fürsətə çevirirlər. Əksər zaman da bu qiymət bazar göstəricilərindən yüksək olur. Bunun da əsaslı səbəblərindən biri budur ki, Bakının Baş Planına əsasən, 2040-cı ilədək şəhərin bir çox istiqamətlərində söküntü və yenidənqurma işləri aparılır. Söküntülərin aparılması səbəbindən şəhərin bəzi küçə və prospektlərində istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan binalar və həyət evləri sökülür, əvəzində müasir standartalara cavab verən görkəmli binalar salınır. Bu binalar sökülüb, yenisi inşa edilərkən həmin tikinti şirkəti burada olan əmlak sahiblərini binanın tikintisi başa çatana qədər pulunu ödəyərək kirayə mənzillərlə təmin edir. Bu da təxminən 2-3 il davam edir. Bu səbəbdən həmin mənzil bu müddətdə kirayə mənzil bazarına qayıtmır. Hər il də kirayə mənzillərin sayı azalmağa doğru davam edir. Kirayəyə tələbat daha çox artsa da, mənzil çatışmazlığı mövcuddur. Mənzil götürmək istəyənlərin sayında isə artım müşahidə edilir. Bu həm söküntülərlə əlaqəlidir, digər hissəsi isə tələbələrin və rayonlardan işləmək üçün gələn sakinlərin payına düşür. 2019-cu ildən əvvəl sakinlər yaz-yay aylarında öz yurdlarına qayıtdıqları üçün kirayə mənzil qiymətləri aşağı enirdi. Hazırda gedənlər belə əmlak bazarına təsir etmir. Çünki onlar getsə də, kirayə mənzil axtaranların sayı çoxdur. Hər il vəziyyət ağırlaşır. Bunun da əsas səbəbi kirayəyə verilən mənzillərin sayının məhdud olmasıdır”.
Ekspert bildirib ki, yeni binalarda kirayə evlər daha yüksək qiymətə təklif edilir: “Bu vəziyyətdən də sui-istifadə edilir. Bir çox vətəndaşın da 1000-1200 manata kirayə mənzil tutmaq imkanı yoxdur. Əksər insan 600 manatadək kirayə mənzil axtarır. Belə mənzillərin sayı da həddindən artıq məhduddur. Avqustun sonlarından universitetlərə qəbul olunan tələbələr Bakıya üz tutur, tətil üçün bölgələrə gedənlər olsa da, digər qismi də mənzili itirməmək üçün ev boş qalsa da, ödənişləri edirlər. Avqustun sonu sentyabrın əvvəlində kirayə bazarında qiymət artımı gözlənilir. Tələbat artdıqca bunu fürsətə çevirənlərin sayı daha da artır. Bu da qiymətlərə birbaşa təsir göstərir. Əvvəllər kirayə mənzil istəyənlər 8-10 ev içərisindən dəyərləndirib seçirdilərsə, hazırda isə kirayə ev axtaranların belə bir şansı yoxdur. Hər kəs bilir ki, tapdıqları mənzili götürməsələr, digər vətəndaş tərəfindən dərhal götürüləcək. Bu səbəbdən seçim etmək şansları olmur. Tələb və təklif üzərində qurulan bu bazar tələbatın çox olduğu halda qiymətlərin artımı qaçınılmazdır. Hələlik qiymətlərdə o qədər artım olmasa da, avqustun sonu sentyabrda daha nəzərəçarpacaq dərəcədə görməyimiz mümkün olacaq”.