Ana səhifə / Sosial / Kirayə evlər bahalaşıb: vəziyyət daha da çətinləşəcək… – Ekspertlər

Kirayə evlər bahalaşıb: vəziyyət daha da çətinləşəcək… – Ekspertlər

Paytaxtda yerləşən kirayə mənzillərin qiyməti yenidən artıb. Bu isə cibinə uyğun ev axtaran ailələrin, xüsusilə də tələbələrin vəziyyətini daha da çətinləşdirir. Dərslərin bir neçə aydır ki, başlamasına baxmayaraq, onlar hələ də uyğun ev tapa bilmirlər.

Araşdırmamıza görə, əvvəllər 220 manata metro yaxınlığında 1 otaqlı mənzil tapmaq mümkün idisə, bu gün həmin mənzillərin qiyməti 300 manatdır. Ümumiyyətlə isə əvvəllər 200 manata tutulan mənzillərin qiyməti bu gün 250 manatdan aşağı deyil. 1 otaqlı mənzillər 250-450 manatadək, 2 otaqlı 350-600 manatadək, 3 otaqlı mənzillər isə minimum 500 manatdan başlayaraq təklif olunur. 4 otaqlı mənzillər isə 800-1000 manatdan başlayır.
Bəs qiymətlərin bu qədər “əlyandıran” olmasının səbəbi nədir?
Məsələ ilə bağlı Bakupost.az -a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, paytaxtda köhnə, ucuz mənzillər sökülüb yeniləri ilə əvəzləndikcə kirayə bazarında qiymətlər iki dəfə bahalaşacaq:



“Bu proseslər 1990-cı ilin əvvəllərindən, ermənilərin torpaqlarımızı işğal etməsindən sonra keçmiş məcburi köçkünlərin yurd-yuvalarından Bakı və digər ərazilərə gəlməsi ilə başladı. Keçmiş məcburi köçkünlərin bir hissəsi tələbə yataqxanalarına sığındılar. O vaxtdan bu günə kimi tələbələr üçün yataqxana və yaxud normal şəraitdə ucuz ev tapmaq çətin məsələ olub.
Digər bir səbəb isə əvvəllər tələbələr daha çox universitetlərə yaxın ucuz həyət evlərinə müraciət edirdilər. Artıq neçə ildir ki, əsasən Yasamal və Nərimanov rayonunda gedən söküntü işləri həmin fərdi həyət evlərinin sökülməsi ilə nəticələnib. Bu səbəbdən artıq ucuz kirayəlik mənzillərin bir hissəsi mərkəzdən söküldü, bir sözlə ləğv olundu.
Artıq torpaqlarımız azad olunub. Həmçinin neçə illərdir, keçmiş məcburi köçkünlər üçün kompleks binalar tikilir və onlar yataqxanalardan çıxırlar. Həmin yataqxanaların böyük hissəsi artıq boşalıb. Lakin o yataqxanalar, yaşayış üçün yararlı deyil. Onlar istismar müddətini bitirib, qəzalı vəziyyətdədir.
Eyni zamanda, Bakıda artıq 5 ildir ki, Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə istismar müddətini bitirmiş binaların sökülməsi və yerində yeni binaların tikilməsi səbəbindən köhnə binalar sökülür.
Həmin binalardakı kirayəlik mənzillər artıq bazardan çıxmış olur və orada yaşayan sakinlərin özləri də məcburən onlara bina tikilib təhvil verilənə qədər, minimum iki il müddətində kirayədə qalmaq məcburiyyətindədirlər.
Həmin ucuz qiymətə olan köhnə tikili binalardakı mənzillər sökülür, yerində yeni binalar tikilir və qiymətləri demək olar ki, köhnədən iki dəfə baha olur. Tutaq ki, beşmərtəbəli binada 1 otaqlı kirayə mənzili 250 manata tapmaq olursa, ərazidə yerləşən yeni tikili binadakı 1 otaqlı mənzilin kirayə qiyməti təxminən 500-600 manat arasında dəyişir. Çünki həm təmir yeni, həm də kvadrat daha genişdir və onun kommunal xərcləri də təsir etdiyinə görə qiymətlərdə artım baş verir. Bu proses davamlı olaraq sürətlə gedir. Müəyyən illərdən sonra şəhərdə köhnə tikili binalar qalmayacaq. Bu da o deməkdir ki, artıq ucuz kirayəlik mənzillər olmayacaq”.

Problemin çıxış yollarından danışan ekspert bildirib ki, universitetlərin balansında geniş torpaq sahələrindən istifadə etmək olar:
“İlk addım kimi həmin torpaq sahələrində tələbələr üçün tələbə yataqxanaları tikilməlidir. Tələbə yataqxanaları tikməklə, ucuz qiymətə verməklə həm tələbələrin ev, həm də nəqliyyat problemi aradan qalxmış olar. Çünki yataqxanalar universitetlərə ən yaxın məsafələrdə yerləşir.
Nəzərə alsaq ki, bölgələrdən gəlib paytaxtda kirayə qalan tələbələrin sayı minlərlədir. Tələbələrin ev problemi aradan qalxsa, kirayə mənzilində stabillik yaranar, qiymətlərdə yumşalmalar, hətta enmələr belə müşahidə olunar. Zaman keçdikcə paytaxt ərazisindən köhnə, ucuz mənzillər sökülüb yeniləri ilə əvəzlənəcək və qiymətlər iki dəfə baha olacaq. Yəni paytaxt ərazisində ucuz ev tapmaq zamanla çətinləşəcək və problem daha da ciddi olacaq”.
İqtisadçı-ekspert Elşad Məmmədov isə problemin səbəbini tikinti sektorunda inhisarçılığın olması ilə əlaqələndirib:

“Son illər xüsusilə Bakı şəhərində tikinti bolluğunun olmasına baxmayaraq mənzillərin qiymətlərində real alıcılıq qabiliyyətindən çox uzaq rəqəmlər mövcuddur. Sözsüz ki, bu kirayə mənzil bazarında da öz əksini tapır. Hesab edirəm ki, keçmiş sovet dövründən qalan mənzil fondu olmasaydı bu gün Azərbaycanda kirayə bazarındakı vəziyyət ümumiyyətlə “katastrofik” olardı. Çünki yeni tikili mənzillərdə həm onların satışı, həm də kirayəsi ilə bağlı mövcud olan qiymətlər əhalinin alıcılıq qabiliyyəti ilə heç bir bağlılıq göstərmir.
Çıxış yolu isə tikinti sektorunda inhisarçılığın aradan qaldırılması və bank sektorunun real faiz siyasətinin həyata keçirilməsidir. Bir zamanlar İpoteka Fondu ilə bağlı qərar oldu ki, tikilən binaların kirayə verilməsi məsələsi öz əksini tapsın. Amma faizlər o dərəcədə yüksəkdir ki, heç kim bu qərarın effektivliyini hiss etmədi. Yalnız dövlət tərəfindən hansısa proqramların reallaşdırılması olmalıdır ki, mənzil satışına və kirayəsinə əlçatanlıq təmin olunsun. Bugünkü maaşlarla mənzil bazarındakı vəziyyət tərs mütənasibdir. Düşünürəm ki, bu problem dövlətin iştirakı olmadan həll olunmayacaq. Çünki tikinti şirkətləri əksər hallarda inhisarçılıq meyilləri ilə idarə olunur. Ona görə də qiymətlərin azalması üçün həmin şirkətlər heç bir səy göstərmir”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …