Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Keçən il Xaçın çayına atırdılar, bu il isə qıtdır…” – Azərbaycan soğanı: Kiyevdə və Bakıda

“Keçən il Xaçın çayına atırdılar, bu il isə qıtdır…” – Azərbaycan soğanı: Kiyevdə və Bakıda

Ukraynanın kənd təsərrüfatı məhsullarının topdansatış bazarlarında soğanının qiyməti sürətlə bahalaşır. Ukrayna Meyvə-tərəvəz Assosiasiyasının analitiklərinin bildirdiyinə görə, həm yerli, həm də idxal məhsulda qiymət artımı rekord həddə çatıb. Virtualaz.org Ukrayna KİV-nə istinadən xəbər verir ki, Assosiasiyanın Odessa, Kiyev, Lvov  bazarlarda keçirdiyi monitorinqin nəticələrinə əsasən, soğanın kiloqramı 15 qrivenə (0.91 AZN-ə) satılır. Satıcılar ən ucuz məhsulun kiloqramını 11 qrivendən (0.67 AZN) aşağı satmırlar.

Qiymətlərin yüksək olmasını fermerlərin daha çox qazanmaq istəməsi ilə yanaşı həm də xarici ölkələrdən, daha çox Azərbaycandan və Qazaxıstandan idxal olunan məhsulun baha başa gəlməsi ilə izah edirlər. Mənbənin yazdığına görə, Azərbaycandan Ukraynaya gətirilən soğanın qiyməti orta hesabla hər kiloqramı 67 qəpiyə təklif olunur. Builki qiymət ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4 dəfə bahadır.

Bəs Azərbaycan soğanı yerli bazarlarda neçəyə satılır? Məhsulun xaricə daşınması ölkədə soğanın qiymətində bahalaşma yaratmayıb ki? Bu suala cavab tapmaq üçün Bakının ən ucuz bazarı kimi tanınan “8-ci km bazarı”na (“Vosmoy bazarı”) üz tutduq.

 

Məlum oldu ki, bu il bazarlarda soğan ötən illərlə müqayisədə xeyli qıtdır. Qıtlıq əlbəttə ki, qiymətə də təsirsiz ötüşmür. Bu bazarda ən ucuz soğanın kiloqramı 40 qəpiyə təklif olunur.

Satıcı Saleh Seyidov deyir ki, ən keyfiyyətli və seçmə məhsul ixraca göndərilir. Yerli bazarlara çıxarılan isə o qədər də keyfiyyətli deyil, amma bununla belə qıtlıq qiymətlərdə bahalaşmaya səbəb olub: “Soğanın yaxşısı Rusiya bazarlarına gedir. Azərbaycana yaxşı soğan qalmır. Mən məhsulu Ağdam rayonundan gətirib burada satıram . İnanın ki, rayonda da kisəsini 6-6,5 manata alırıq. Bir kisəyə 35 kiloqram gedir, bu da hər kiloqramı 20 qəpik deməkdir.

Satıcı deyir ki, hər il bu vaxtı Rusiyaya, Ukraynaya və digər qonşu ölkələrə soğan aparılsa da, bu ilki qədər qıtlıq müşahidə olunmurdu.

Digər Valeh adlı satıcı deyir ki, bazara soğan ən çox Beyləqan və Ağdam rayonlarından gətirilir. Digər rayonlardan gələn məhsul isə bazarda həlledici rol oynamır. Əgər sadalanan rayonlardan soğan az gəlirsə, demək il boyu qıtlıq olacaq: “Keçən il Xaçmaz rayonundan da gəlirdi, amma bu il gəlməyib. Ağdam və Beyləqan rayonlarından da bol məhsul gəlməyib. Bəlkə də rayonlarda var, amma satışa çıxarmırlar, anbarlarda saxlanılır. Fikirləşirlər ki, bahalaşacaq, onda çıxaracaqlar”.

Satıcı Saleh Seyidov deyir ki, ötən ilin analoji ilə müqayisədə məhsulda xeyli bahalaşma hiss olunur: “Əlbəttə, bu il soğan bahadır. Ötən il bol idi, fermerlərin əlində qalmışdı, satılmırdı. Bizim rayonda Xaçın çayı var, fermerlər əllərindəki məhsulu o çaya atırdılar. Çünki cücərmişdi. Bu vaxt soğanın ayılan vaxtıdır, satmadınsa, cücərir. Ancaq xüsusi kamerası, avadanlıqları olanlar saxlayırlar”, – deyə satıcı bildirir.

Bazarda qırmızı soğan 1-1.20 manata təklif olunur. Hövsan soğanını kiloqramı isə 2.5 – 3 manatdır. Satıcılar bu soğan növlərinin həmişə baha olduğunu deyirlər. Onların sözlərinə görə, hələ Hövsan soğanının qiymətində bir qədər də artım ola bilər. Çünki ötən ilin sonunda Hövsan soğanı 4 manata qalxmışdı.

Kənd Təsərrüfatı Nazirliyindən isə qiymət bahalığını məhsulun qıtlığı ilə əlaqəli hesab etmirlər. Nazirliyin  İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynovun virtualaz.org-a bildirdiyinə görə, bu il ötən ildəkindən daha çox məhsul yığılıb.

“2018-ci ilin statistikası hələ hazır deyil. Ona görə də nə qədər məhsulun istehsal olunduğunu, nə qədərin ixraca getdiyini deyə bilmirik. Amma nazirliyin bu illə bağlı proqnozları var idi. 2018-ci il üçün nazirliyin bitkiçilik şöbəsinin hazırladığı proqnoza əsasən, 13 min hektar ərazidə soğan əkilməsi proqnozlaşdırılıb. Məhsuldarlığın hər hektardan 170 sentner olacağı gözlənilir. Ümumilikdə isə ölkə üzrə 221 min ton baş soğanın istehsal olunacağı proqnoz edilib. 2017-ci ildə 12 min 373 hektar ərazidə baş soğan əkilib. 207 min 497 ton soğan istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 116, 7 sentner olub”.

Nazirlik rəsmisi deyir ki, yay aylarında soğan yığımının qızğın vaxtında Ağdamda, Bərdədə 50 kiloqramlıq kisə 2-3 manata satılırdı. Payızın əvvəlinə, oktyabr ayına qədər də soğanın kiloqramı paytaxt bazarlarında, xüsusən “8-ci km bazarı”nda 15-20 qəpik idi. Bu barədə sosial şəbəkələrdə də məlumat yerləşdirilmişdi.

V. Hüseynov deyir ki, fermerlər planlı şəkildə əkin aparmadıqlarına, yalnız bir kriteriyanı nəzərə aldıqlarına görə bəzi problemlərlə üzləşirlər. Bu il nə baha olubsa, gələn il hamı həmin məhsuldan əkir. Nəticədə növbəti il həmin məhsul baha olur, qiymət xeyli ucuzlaşır, əvvəlki ildən xeyli fərqlənir: “Keçən il də, bu il də eyni proses olub, soğan tələbatdan çox əkilib, soğan soyuducu anbarlarda saxlanmadığına görə məhsul kifayət qədər ucuz olub. Bazardakı kimi qiymətin baha olması iddiası artıq məhsuldarlığın aşağı və ya yuxarı olması ilə bağlı deyil. Bu heç fermerin də günahı deyil. Burada bütün məhsullarda olduğu kimi işbazlar, fürsətcillər var. Onların əldə etdiyi qazanc fermerin il ərzində əziyyət çəkib götürdüyü qazancdan dəfələrlə çox olur. Sahədə müəyyən qiymətə aldıqları məhsulu Bakıda bazarda beş qat baha qiymətə satırlar”.

Nazirlik rəsmisi deyir ki, bazar iqtisadiyyatı olduğuna görə, onu ancaq iqtisadi üsullarla tənzimləmək olar, burada zorakılıq, yönləndirmək, müəyən qiymət qoymaq funksiyası mümkün deyil. Proseslər insan faktoru ilə əlaqədardır.

 ““Soğan yoxdur, ona görə baha eləmişik” məsələsi inandırıcı görünmür. Keçən ilin məhsuldarlığı məlumdur, bu il ondan bir qədər də artıqdır. Ehtiyaclar üzrə müəyyənləşdirəndə, keçən ilki qiymətlə builki qiymət arasında elə bir ciddi fərq olmamalıdır. Bir az da olsa qiymət artımı varsa, bu alverçilərin, işbazların yaratdığı süni qiymət artımıdır”, – deyə V. Hüseynov bildirib.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …