Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / “Karayev City” şirkəti kimsəyə məhəl qoymadan yaşayış olan binanı sökür- FOTO

“Karayev City” şirkəti kimsəyə məhəl qoymadan yaşayış olan binanı sökür- FOTO

Bakıda vətəndaş tikinti şirkətinin özbaşınalığına etiraz edir. Tikinti şirkəti yaşayış olduğu halda binanın bir hissəsini söküb. Buna isə qanun icazə vermir.

Bu cür tikinti özbaşınalıqları son illər Bakıda tez-tez baş verir. Belə hadisələrdən biri də Nizami rayonu, Şirin Mirzəyev küçəsində yaşanır.

Hazırda  ikimərtəbəli yaşayış binasında sakinlər yaşadığı halda “Karayev City” tikinti şirkəti tərəfindən söküntü işləri aparılır. Qeyd edilən ünvanda ev 46 mənzil 1-də yaşayan Məmmədağa Abdullayev II qrup əlildir.

Narazı sakin deyir ki, şirkət sonuncu sakinlə razılaşmadığı halda qanunsuz olaraq söküntüyə başlayıb. Binada yaşayış olduğu halda qonşu evlər sökülüb.

Vətəndaşın narazılığını və şirkətin özbaşınalığını hüquqşünas, vəkil Elməddin Məhərrəmov Musavat.com-a şərh edib.

Vəkil deyib ki, belə halda vətəndaşa kompensasiya ödənilməlidir və ya o, başqa bir yerə köçürülməlidir. Hüquqşünasın sözlərinə görə yalnız bundan sonra şirkət həmin ərazini dövlət icrayə götürüb, dövlət resyterində qeydiyyata alınandan sonra söküntü və tikinti işlərinə başlaya bilər.

Qanunvericiliyə uyğun olaraq həmin ərazidə tam köçürülmə aparılmadan, son sakin köçürülmədən söküntünün aparılması mümkün deyil.

Vəkil bildirib ki, bundan başqa bütün sakinlərin birgə pay hüququ var:
“Binanın bloku, həyəti, sakinlərin ümumi payındadır. Buna görə də sakin orada yaşadığı halda, ümumi payda payı olduğu üçün şirkətin söküntü aparması qanunsuzdur”.

Müşahidə etdik ki, söküntü işləri aparılan zaman təhlükəsizlik qaydalarına da əməl olunmayıb.
Vəkil əlavə edib ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu göndərilib.

Nazirlikdən bildirilib ki, söküntü işləri dayandırılmalıdır. Çünki qaz və işıq xətlərinin üstü açıq qalıb. Yaşayış olan bina qəzalı vəziyyətə salınıb.

Vəkilin sözlərinə görə, qanunsuz söküntü ilə bağlı bütün rəsmi qurumlara müraciət edilib. Məsələ araşdırılması üçün aidiyyəti üzrə Nizami Rayon İcra Hakimiyyətinə göndərilib.

Müdafiəçinin sözlərinə görə şirkətin rəsmi nümayəndəsinin tapılması, danışıqların aparılması mümkün olmayıb. Arif adlı şəxs özünü şirkətin rəsmisi kimi təqdim etsə də kompensasiya ilə bağlı heç bir konkret söz deyə bilmir.

“Vətəndaş məhkəmə ilə hədələnir, evinin söküləcəyi deyilir. Şirkət tikinti və söküntü işlərini pilot layihə adından həyata keçirdiyini deyir. Pilot layihələr dayandırıldığı halda şirkət dövlət adından istifadə edir”,- deyə vəkil açıqlamasına əlavə edib.

Mövzu ilə bağlı şirkətlə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərmiz baş tutmadı. İnternet resurslarında isə “Karayev City” ilə bağlı axtarış aparan zaman yalnız şirkətin qanunsuz ağac kəsiminə görə cərimələnməsi ilə bağlı məlumatı tapa bildik…

Həmçinin oxuyun

Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işə düşəcək? – Açıqlama

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulmasından sonra bərpa ediləcək.“ Azərbaycan …