Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Sosial / Karantin sərtləşdirilir? – AÇIQLAMA

Karantin sərtləşdirilir? – AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxmuş aktiv xəstə sayı 30 minə çatır. Virusdan ölənlərin də sayında  artım var. Ölənlərin və aktiv xəstələrin sayı artsa da, Operativ Qərargah hələ ki sərt karantin rejiminin tətbiqi ilə bağlı qərar verməyib. Bununla belə, “Ramazan başlayandan sərtləşmə qərarı olacaq”, – deyə xəbərlər yayılıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bizimlə söhbətdə bildirib ki, Ramazan ayında sərt karantinlə bağlı hər hansı qərarın olacağı haqqında məlumatsızdır.

Bu arada Azərbaycanda vaksinasiya olunanların sayı da 1 milyonu ötüb. Müəllimlərin də kütləvi vaksinasiyasına  başlanılır. Bəs görəsən, vaksinasiyadan sonra təhsil əyani formada davam etdiriləcəkmi?

Təhsil naziri Emin Əmrullayev ötən gün mediaya açıqlamasında sentyabrdan dərslərin bərpasını mümkün sayıb. Bildirib ki, yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin Bakıda 54 %-i, Sumqayıtda 69 %-i, Abşeronda 60 %-i, digər bölgələrdə isə 50 %-i koronavirus əleyhinə peyvənd olunub. Nazir deyib ki, bu rəqəmlər hər gün dəyişir: “Hər hansı məktəbin işçi heyətinin 85 %-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik. Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90 % müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda, sadəcə, hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektiv üsul peyvəndləmədir”.

O, həmçinin xatırladıb ki, son aylarda gündəlik yoluxanların təxminən 4-6 %-ni müəllimlər təşkil edib: “Həmin faiz sırf məktəblərdə yoluxmalarla bağlı deyil. Müəllimin də ailələri var və ailədaxili yoluxmalar qeydə alınır. Şagird yoluxması da 6-8 % təşkil edib. Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib”.

Yada salaq ki, distant təhsilə keçməzdən əvvəl təkcə Bakı məktəblərində 1086 şagird və 695 müəllim virusa yoluxub. 739 şagird və 460 müəllim son 14 gün ərzində xəstələnib. Bu səbəbdən də paytaxt Bakı da daxil olmaqla, bəzi şəhər və rayonlarda təhsilin distant formasına keçilib.

Təhsil Nazirliyunin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Yeni Müsavat”a bildirib ki,  bu həftədən başlayaraq bütün yaş qruplarına aid olan müəllimlərin, texniki işçilərin, ümumiyyətlə, məktəbdə çalışan heyətin vaksin olunmasına başlanılıb: “Düzdür, bu proses fevralın axırı, martın əvvəlindən başlanılmışdı. Yəni 50 yaşdan yuxarı olan müəllim və texniki işçilər peyvənd olunublar. Bu həftədən isə proses daha da intensivləşdi. Bizim yaxşı bir  kampamiyamız var. “Təhsil üçün vaksinasiya” adlı bir təşəbbüsdür. Bu kampaniya çərçivəsində biz bütün mesajlarımızı vermək istəyirik. Bununla da bölgədə, şəhərdə yaşamasından asılı olmayaraq hamı bu prosesdə iştirak etməlidir. Çünki bu olmadan biz ənənəvi təhsilə qayıda bilməyəcəyik”.

C.Valehov onu da əlavə edib ki,  bu vaxta kimi vaksin olunan müəllimlərdə problem, yan təsirlərin olması barədə də eşitməyib: “Bizdə belə bir məlumat yoxdur ki, kimsə vaksindən sonra vəfat etsin və ya ağırlaşma olsun”.

Həkim-infeksionist Nilufər Məmmədova isə hesab edir ki, məktəblər sentyabradək bağlı qalmalıdır: “Əhalinin 70-80 faizindən çoxu vaksinasiya olunarsa, paralel olaraq infeksiyanın ötürülmə mənbəyinin də qarşısını  ala bilsək, pandemiya bitə bilər. Ötürülmə mənbəyinin əsas faktorları isə uşaqlardır. Həm xəstələnirlər, həm də ötürülmə mənbəyi kimi uşaqların rolu böyükdür. Bu səbəbdən də düşünürəm ki, məktəb və bağçaların fəaliyyəti bu ilin sentyabrına kimi dayandırılmalıdır. Təhsil müəssisələri açıq olduğu müddətdə istər-istəməz ictimai nəqliyyat yüklənmiş vəziyyətdə çalışır. Hazırda mövcud şəraitlə bağlı olaraq metro da açıla bilməz. Metroların açılması pandemiya vəziyyətinə uyğun deyil. Avtobusların yüklənmiş vəziyyətdə çalışması sosial məsafənin tamamilə pozulması deməkdir. Sosial məsafə gözlənilməyən yerdə digər qorunma tədbirlərindən danışa bilmərik. Məktəblər, bağçalarda uşaqlardan əl gigiyenası, sosial  məsafə, maskanın taxılması tələb oluna bilmir. Üstəlik, uşaqlar vaksinasiya olunmadığı üçün bütün qaydalar pozulur. Yəni əl gigiyenası, sosial məsafə saxlanmalıdır, maska taxılmalı, vaksinasiya olunmalıdır, otaqlar havalandırılmalıdır.

Direktorlar, müəllimlərin nəzarəti ilə otaqlar havalandırılır. Amma bu yetərincə deyil. Yoluxmanın qarşısını ala bilmir. Bu baxımdan düşünürəm ki, hazırkı dövrdə məktəblər, məktəbəqədər hazırlıq kursları, bağçalar bağlanmalıdır”.

Həmçinin oxuyun

Hava kəskin dəyişəcək – Xəbərdarlıq

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və …