Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Sosial / “ “Kapitalbank” mənim Şuşanın müdafiəsi uğrunda yaralandığımı nəzərə almadı…”

“ “Kapitalbank” mənim Şuşanın müdafiəsi uğrunda yaralandığımı nəzərə almadı…”

Moderator.az saytının baş redaktorunun ünvanına Şuşa şəhərindən məcburi köçkün, hal-hazırda Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Qızıl-qum” sanatoriyasında məskunlaşmış, istefada olan polis kapitanı, 2-ci qrup Qarabağ əlili Babayev Şünasi Cümşüd oğlu tərəfindən müraciət daxil olub. Müraciətdə deyilir:
“Hörmətli baş redaktor! Mən 2009-cu ildə Şuşanın erməni işğalçılarından müdafiəsi zamanı aldığım ağır yaralarımı xaricdə müalicə etdirmək üçün  “Kapital bank”dan ABŞ dolları ilə kredit almışam. Həmin kreditin ödəniş müddəti 1 il olduğuna görə vaxtında ödəyib qurtara bilmədim. Lakin 2013-cü ildə borcumun hamısını cədvəl üzrə olan faizləri ilə birgə tamamilə ödəyib qurtardım. Lakin buna baxmayaraq – mənə: 7.403 ABŞ dolları sonradan gecikmələrə görə, dəbbə pulu olaraq yazdılar və əgər vaxtında: 5-3 ay, 1 il sonra işi məhkəməyə versəydilər, cəmi: 100-200-500, ən pis halda 1.000 ABŞ dolları faiz toplanardı. Amma ki, 2009-cu ildən 2015-ci ilə qədər işi məhkəməyə verməyib, 6 il ərzində əlavə yazılmış gecikmə faizi borcumun ildən-ilə artaraq 7.403 ABŞ dollarına qədər çoxalmasına səbəb oldular. Və yalnız 2015-ci ildə (devalvasiya başlayanda) işi məhkəməyə göndərdilər. Təəssüf ki, nə “Kapitalbank”, nə də ki, Şuşa məhkəməsi hamısı faiz borcu olan bu kredit borcumu Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsinə baxılıb araşdırılması üçün göndərilsə də,  1(bir) dollar borcumu belə silmədilər. Qarabağ əlili olduğumu, bu krediti Vətənin erməni işğalçılarından müdafiəsi zamanı aldığım ağır yaralarımı xaricdə müalicə etdirmək üçün aldığımı nəzərə almadılar. Yəni humanistlik göstərərək- onsuz da hamısı əlavə yazılmış gecikmə faizi borcu olduğunu bilərək bu faiz borcumun 1 dollarını belə silmədilər. Aradan keçən 10 il ərzində də indiyədək müxtəlif instansiyalara elə “Kapitalbank”ın özünə də saysız-hesabsız ərizələr yazsam da, mənim bu hamısı faizdən ibarət olan borcumu silmirlər. Və mən də ailəmlə birgə neçə illərdir bu və başqa kredit borclarıma görə əzab-əziyyət, sıxıntı çəkməkdə davam edirik. Səsimizə səs verən, bizə kömək əli uzadan tapılmır… 
Nəhayət ki, hörmətli Prezidentin 28.02.2019-cu il tarixli problemli kreditlərlə bağlı Fərmanı oldu və bu mənim, ailəmin böyük sevincinə səbəb oldu. Lakin sonra məlum oldu ki, fərman yalnız 2012-ci il və ondan sonrakı illərdə alınan kreditlərə şamil olunur. ( Yəni mən krediti 2012-ci ildən 3 il daha əvvəl aldığıma görə fərman mənə aid edilmir). Bu isə bizi çox məyus etdi…
28.02.2019-cu il tarixli Prezident fərmanından sonra mən yenə də müxtəlif instansiyalara çoxsaylı ərizələr yazdım. Xahiş etdim ki, fərmana uyğun olmasa da, Qarabağ əlili olduğumu nəzərə alıb bir istisna olaraq mənə də kömək olunsun…
Eləcə də 3 may 2019-cu il tarixdə 1-ci vitse Prezident Mehriban xanım Əliyevanın köməkçisinin qəbulunda oldum. Daha sonra  8 may 2019-cu il tarixdə Prezidentin köməkçisi Natiq Əmirovun da əməkdaşlarının qəbulunda oldum. Hər iki qəbulda məni çox hörmətlə qəbul etdilər və dedilər ki, sən Qarabağ əlilisən, mütləq bu nəzərə alınacaq və sənə kömək olunacaq (həm də borcumun yalnız faiz borcu olmasının da mənə kömək edilməsini asanlaşdırdığını bildirdilər). Mən də sevinə-sevinə evə qayıtdım. Lakin həm Prezident Administrasiyasından, həm də ki, Mehriban xanımın köməkçisinin qəbulundan mənim sənədlərimi Maliyyə Bazarlarına Nəzarət Palatasına(MBNP) göndərdilər. Onlar isə 2 dəfə qəbullarında olub vəziyyətimin ağırlığını dönə-dönə desəm də, mənə, sadəcə, qulaq asmaqla kifayətlənirlər. Mən onlara deyirəm ki, (bütün sənədlərimi göstərərək) axı mənim bu borcumun hamısı sonradan yazılmış gecikmə, dəbbə faizi borcudur. Məlum Prezident fərmanından yalnız 3 il daha əvvəl (2009-cu ildə) aldığıma görə düşməsə də, mənə hər hansı bir formada kömək etmək olar axı?! Axı Cənab Prezident İlham  Əliyev də deyir ki, Qarabağ əlillərinə hər yerdə, hər problemlərində xüsusi bir yanaşma ilə kömək edin, dəstək olun və s.  O cümlədən, MBNP-da deyirəm ki, axı Prezident bu fərmana əsasən problemli kreditlərin həll olunması üçün, əhalinin sıxıntıdan qurtulması üçün əsas vəzifələri sizə həvalə edib.  Siz isə mənim sıxıntıdan qurtulmağım üçün heç bir kömək etmir və etmək də istəmirsiniz. Mən əlçatmaz bir şey xahiş etmirəm, hətta heç fərman mənə şamil olunmasa da, bu faiz borcumu silmək olar axı… Təəssüf ki, MBNP-da mənə yalnız bunu dedilər: işini “Kapitalbank”a göndərəcəyik. Yəni heç bir kömək etmədən, heç bir təşəbbüs etmədən mənim həm Prezident Administrasiyasından, həm də 1-ci Vitse-prezident Mehriban xanımın köməkçisinin qəbulundan onlara göndərilən ərizəmi, sadəcə, üstünə özlərindən bir məktub yazıb əlavə edərək, hər şeyi olduğu kimi saxlayıb «Kapitalbank”a göndərəcəklər… 
Hörmətli baş redaktor!  Xahiş edirəm bu müraciətimi ictimailəşdirərək müvafiq qurumların nəzərinə çatdırmaq üçün saytınızda dərc edəsiniz. Bəlkə bundan sonra Vətən, Azərbaycan xalqı, dövlətçiliyi naminə canını fəda etmiş bu Qarabağ əlilinə kömək, dəstək verən, məni bu ağır sıxıntıdan, bu faiz borcundan xilas edə bilən dövlət qurumu və ya şəxs üzə çıxar.
Bu günə cəmi: 6.600 ABŞ dolları borcum qalıb(Hamısı da sonradan yazılmış faiz borcudur). Diqqətinizə çatdırım ki, mən 29 mart 1992-ci il tarixdə Şuşada erməni silahlılarının mövqelərimizə atdıqları “QRAD” raketi ilə ağır yaralanmışam. O vaxtdan indiyədək 22 dəfə (dəfələrlə Bakıda, eləcə də Ukraynada, Almaniyada və Türkiyədə əməliyyat olunmuşam). Hal-hazırda yazdığım və alıb ödəyib qurtardığım krediti də yaralarımı xaricdə müalicə etdirmək üçün almışdım. Təəssüf ki, həmin yaralarım xeyli yaxşılaşsa da, ondan qalan kredit borcum hələ də məni sıxmaqda, əzab verməkdə davam edir…
Bir daha saytınız vasitəsilə  cənab Prezident İlham Əliyevdən, 1-ci Vitse-prezident Mehriban xanım Əliyevadan mənə kömək  etmələrini xahiş edirəm. Çünki MBNP-da, eləcə də “Kapitalbank”da mənə illərdir ki, dəfələrlə yazdığım ərizələrdən, dəfələrlə qəbullara getdiyim vəziyyətlərdən aydın oldu ki, onlar mənə kömək etməyəcəklər.  Belə çıxır ki, onlar Prezident Administrasiyasından gələn göstərişləri layiqincə yerinə yetirmirlər. Amma bunu mənə özləri də deyirdilər ki, onlar heç nə edə bilməzlər, yalnız bizə göstəriş olarsa, onda kömək edə bilərik. Mənim hamısı dəbbə faizi olan bu borcum ömrümün sonunadək mənə əzab və sıxıntı verməkdə davam edəcək. 
Sizdən xahiş edirəm, hətta 28.02.2019 tarixli problemli kreditlər haqqında fərmana düşməsə də mənə kömək edin, bu hamısı faiz borcu olan (həm də ABŞ dolları ilə ikiqat çoxalıb artmış)-borcumun hamısının silinməsinə kömək edin.
Cənab Prezident! Cənab Vitse-Prezident! İnanıram ki, nəhayət, neçə illər ərzində bu kredit borcuma görə çəkdiyim sıxıntılara son qoyacaqsınız. Buna görə də öncədən Sizə böyük minnətdarlıq hissi ilə çox sağ olun deyirəm!
Hörmətlə:  
Şünasi Babayev,  Şuşa şəhərindən məcburi köçkün, 2-ci qrup Qarabağ əlili, istefada olan polis kapitanı”.

Həmçinin oxuyun

“Ulduz” və “Xalqlar Dostluğu” stansiyalarının adları dəyişəcək

“Bakı Metropoliteni” QSC “Ulduz” və “Xalqlar Dostluğu” stansiyalarının adlarını dəyişmək istəyir. Bu barədə “Report”a açıqlamasında qurumun …