Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / JTI şirkəti Azərbaycanda 11-ci kəndi su ilə təmin etdi

JTI şirkəti Azərbaycanda 11-ci kəndi su ilə təmin etdi

“Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

Azinforum.az-ın xəbərinə görə, sayca 11-ci olan layihə Samux rayonunun Sərkar kəndində Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Samux Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirilib.

Layihənin açılış mərasimində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və MQF-nin prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin Samux rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər. Qeyd edilib ki, layihə əhalinin sosial-iqtisadi məsələlərinin həllində vacib rol oynayacaq. Şirkətin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev isə layihənin özəl sektor, vətəndaş cəmiyyəti və icra hakimiyyəti orqanının birgə əməkdaşlığı nəticəsində mümkün olduğunu qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, təxminən, iki ay davam edən işlər nəticəsində subartezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. Layihənin icrasına qədər Sərkar kəndinin 6000-ə yaxın olan əhalisi içməli su çatışmazlığından əziyyət çəkirdi.

İndiyə qədər JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi və Tovuz rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin 2014-cü ildən bəri icrası nəticəsində 40 mindən çox adam təmiz içməli su ilə təmin edilib.

Həmçinin oxuyun

ADA Universiteti daha bir 8 mərtəbəli bina tikəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ADA Universitetinə …