Ana səhifə / Sosial / Jirayr Libaredyan Ter-Petrosyanın sülh çağırışını dəstəklədi

Jirayr Libaredyan Ter-Petrosyanın sülh çağırışını dəstəklədi

Ermənistanın prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş (90-cı illərin əvvəli) nüfuzlu diplomat, hazırda ABŞ-ın Miçiqan universitetinin professoru olan Jirayr Libaredyan eks-prezident Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağıran çıxışına tam dəstək verib. 

Belə ki, vaxtilə Levon  Ter-Petrosyanın milli təhlükəsizlik müşaviri kimi Qarabağ danışıqlarında iştirak etmiş Jirayr Libaredyan “Aravot” qəzetinə müsahibəsində bu haqda danışıb.

Xatırladaq ki, Levon Ter-Petrosyan başçılıq etdiyi Ermənistan Milli Konqresinin qurultayında indiki hakimiyyətin, habelə Köçəryan hakimiyyətinin Qarabağda status-kvonu saxlamağa yönəlmiş siyasətini kəskin tənqid edib. Bu siyasətin Ermənistanı və Dağlıq Qarabağ ermənilərini uçuruma apardığını bildirib. Ter-Petrosyan deyib ki, münaqişənin mərhələli həllindən başqa həlli yolu yoxdur və əgər hakimiyyət status-kvonu saxlamağa yönəlmiş siyasətini davam etdirsə indikindən də əlverişsiz nizamlama variantı ilə qarşılaşmalı olacaq. Ter-Petrosyan Azərbaycan prezidenti İlham Əliyevi “davakar ritorikasına” baxmayaraq rasional düşüncəli dövlət xadimi adlandırıb və onun sülh istiqamətində addımlar atmağa hazır olduğunu bildirib.

“Mənim heç bir şübhəm yoxdur ki, Ter-Petrosyanın çıxışı tarixi çıxışdır, siyasi və tarixi baxımdan olduqca mühümdür. Bu, onun 1997-ci ilin noyabrında yazdığı “Müharibə, yoxsa sülh?” məqaləsi qədər mühümdür”-Jirayr Libaredyan bildirib.

Keçmiş diplomat deyib ki, o, Ter-Petrosyanın çıxışında əksini tapan faktlarla, ortaya qoyduğu məntiqlə və gəldiyi nəticələrlə tam razıdır. “Bəzi reallıqlar var ki, onu görməmə mümkün deyil. Münaqişə ətrafındakı indiki situasiya bizim düşmənlərimiz, qonşularımız və beynəlxalq ictimayyət üçün qəbuledilməzdir. İndiki situasiya yeni müharibəyə aparıb çıxarır. Keçmişdə olduğu kimi beynəlxalq birlik hərbi əməliyyatlarınyenidən başlamasına laqeyd qalacaq, apreldə olduğu kimi. İndiki situasiya Ermənistan və Dağlıq Qarabağ üçün daha təhlükəlidir”-Libaredyan bildirib.

Jirayr Libaredyan xatıradıb ki, Ermənistan büdcəsi boşalır. Həlak olan əsgərlərin ailələrinə yardım etmək üçün yeni vergi toplamağı qərara alırlar. Dövlət pulsuz səhiyyəni belə maliyyələşdirmək gücündə deyil. Daxili və xarici borc yükü artır, mühacirət davam edir, vergi bazası kiçilir. Hərbi xidmət zamanı həlak olan, yaralanan hərbçilər artır. “Bu reallıqların siyahısı uzundur, bunlar dövlət sirri deyil. Ter-Petrosyan öz çıxışında bunlardan danışıb. Və bütün bunlara baxmayaraq mən onun “millət-ordu” konsepsiyası haqda dediklərinə bəzi əlavələr etmək istərdim. İsraildə bu konsepsiya ona görə uğur qazandı ki, ABŞ ona hərbi, siyasi, maliyyə və diplomatik baxımdan böyük dəstək verdi. Ermənistana isə nə Rusiya, nə İran belə dəstək verəsi deyil. Rusiya ciddi dövlətdir və 20 ildən çoxdur bizə ancaq özünə sərfəli olanı deyib”-keçmiş erməni diplomat bildirib.

Jirayr Liberedyanın sözlərinə görə, Ter-Petrosyanın bəhs etdiyi nizamlama variantı Rusiya xarici işlər naziri Sergey Lavrovun təklif etdiyi planla aşağı-yuxarı eynidir. Üstəlik bu, heç Lavrovun da irəli sürdüyü plan deyil, ABŞ, Avropa həmin variantı dəstəkləyir. Və bu, erməni tərəfi üçün 1997-ci ildəki mərhələli həll planından daha pis plandır. Keçmiş milli təhlükəsizlik müşavirinin bildirdiyinə görə, 1997-ci ildə Ter-Petrosyanı mərhələli həllə razılıq verdiyi üçün devirənlər indi daha əlverişsiz situasiyanın yaranmasına görə məsuliyyət daşıyırlar. “Onlar ölkəni Rusiyadan asılı vəziyyətə saldılar və indiki reallıqların yaranmasına gətirib çıxardılar”-Libaredyan bildirib.

Keçmiş erməni diplomat deyib ki, Ter-Petrosyan bu məsələdə də tam haqlıdır: münaqişənin həlli nə qədər uzansa ermənilər üçün daha pis olacaq. Libaredyan qeyd edib ki, Ter-Petrosyanın çıxışı dərindən təhlil edilmədi, hətta onu “satqınlıqda” ittham edənlər də tapılıb. “Mən bu ucuz arqumentlərə diqqəti cəlb etmək istəmirəm. Ancaq satqın onlardır ki, bilərəkdən, ya bilməyərəkdən acı gerçəkliklərə məhəl qoymayaraq xalqımızı hələ də təhlükəli istiqamətə aparırlar, qəhrəmanlıq və əzabkeşlik “strategiyasına” üstünlük verirlər. Erməni xalqının mövcudluğunun məqsədi ancaq qəhrəmanlıq və əzabkeşlik ola bilməz. Biz müəyyən müddətdən sonra yox olub gedə bilərik. Bu günkü reallıqlara görə kimin məsuliyyət daşımasından asılı olmayaraq reallıq odur ki, biz Qarabağ münaqişəsinin ən sərfəli həll imkanını əldən vermişik”.

Jirayr Libaredyanın sözlərinə görə, Ter-Petrosyanın nitqi erməni cəmiyyəti üçün reallığı dərk etmə və profilaktika məqamıdır. O cümlədən prezident Serj Sərkisyan qərar verməlidir ki, o, təkcə siyasətçi deyil, həm də dövlət xadimidir.

Keçmiş diplomat Ermənistanın keçmiş müdafiə naziri, bu günlərdə fəal siyasətə başlayan Seyran Ohanyanın Azərbaycanla sülhə çağıran bəyanatına da şərh verib. Hansı ki, bu bəyanat Ter-Petrosyanın çıxışına cavab idi, ancaq keçmiş prezidentin irəli sürdüyü tezislərin, arqumentlərin tərsi üzərində qurulmuşdu.

Jirayr Libaredyan deyir ki, Ohanyan Bakıyla birbaşa danışıqlar tərəfdarı olduğunu bildirir. “Mən özüm də vaxtilə birbaşa danışıqlara üstünlük vermişəm. Və bunu bir neçə dəfə etmişəm, hərdən uğurlu alınıb, hərdən yox, ancaq sülh prosesinə dair səylərə zərər vurmayıb. Ohanyana gəldikdə o deyir ki, münaqişə ilkin mərhələdə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması, üstəlik indiki sərhədlərini saxlaması şərtilə nizamlana bilər, yəni ətraf rayonları qaytarmaqdan  da söhbət getmir. Mən bilmirəm, bütün bunlardan sonra danışıqlar aparmaq üçün nəsə qalırmı? Belə çıxır ki, Bakıya gedib deyirik ki, Azərbaycan bizim versiyamızı dəstəkləməlidir. Digər tərəfdən nazir deyir ki, Azərbaycan ancaq hərbi ritorikaya üstünlük verir. Beləliklə, biz onlara ultimatum veririk və müharibə elan etmiş oluruq”-Libaredyan bildirir.

“Aravot” qəzeti müsahibənin ardını daha sonra dərc edəcəyini anons edib. (Virtualaz.org)

Həmçinin oxuyun

Mənzil bazarında bu evlərə kirayəçi tapılmır

“Mart ayında kirayə mənzil bazarında qiymətlərdə heç bir dəyişiklik baş verməyib. Bu da kirayənişin qıtlığı …

Bir cavab yazın