Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “İt sığınacağı” boşdur: Bakıda küçə işlərini hansı tale gözləyir – REPORTAJ

“İt sığınacağı” boşdur: Bakıda küçə işlərini hansı tale gözləyir – REPORTAJ

Bakı şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin əməkdaşları küçə itlərini tutur və onları idarənin sığınacağına yerləşdirmək əvəzinə güllələyirlər.

Bu barədə Sputnik Azərbaycan-a Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin nümayəndəsi Anar Süleymanov və Ətraf Mühitin Mühafizəsi Alyansının könüllüləri Hicran Məmmədova və Nigar Hüseynova bildiriblər.

Onların sözlərinə görə, idarənin əməkdaşları köməksiz itlərlə çox qəddarcasına davranır, onları incidir, onlara ağır xəsarət yetirirlər. Paytaxt sakinlərinin gözü qarşısında ovçular insanların dostu olan itləri güllələyirlər və bu zaman onları hətta şahidlərin qəzəbi də dayandırmır. Mənbə sübut kimi Bakı küçələrində idarənin əməkdaşlarının qanı axan itləri tutmağa çalışarkən çəkilmiş bir neçə videokadrını da təqdim edib.

“Siz ki insansız! Başa düşməlisiz ki, bu qəddarlıqdır. Axı bu, canlıdır, ona ağrı verir. Ən nəhayət bu, günahdır” – deyə paytaxt sakinləri Bakı İH-nin işçilərinin vicdanını oyatmağa çalışır.

“İdarədən bildirirlər ki, onlar hər gün küçədən 30-40 it tutarlar və guya onları “İt sığınacağı”nda yerləşdirirlər” – deyə Sputnik-in həmsöhbətləri bildirib.

Müdafiəçilərin sözlərinə görə, hazırda sığınacaqda 50-yə qədər it var. Əvvəl nə qədər idisə, elə o qədər də qalıb: “Bəs tutulmuş itlər hara yox edilir? Biz şübhələnirik ki, onlar heyvanları öldürürlər, bizimsə bundan xəbərimiz yoxdur. Bilmək istəyirik ki, onlar bu itləri hara yox edirlər və bizim bunu bilmək hüququmuz var. Əvvəllər sərbəst şəkildə sığınacağın ərazisinə daxil olur və heyvanlara baş çəkirdik. İndi biz bunu edə bilmirik, çünki idarənin rəisi Mübariz Hüseynov göstəriş verib ki, bizi ora buraxmasınlar”.

Könüllülər qeyd ediblər ki, onlar sığınacaqdakı heyvanlara baş çəkərkən onları öz güclərinə müalicə edir, yedizdirirdilər, bir sözlə, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının görəcəyi işləri özləri görürlər.

“İtlərin yeməyi yox idi, biz onları yedirirdik. Sığınacaqdakı itlər ac saxlanılır və xəstələnirlər. Baxmayaraq ki, dövlət onların qorunması üçün kifayət qədər vəsait ayırır, amma bu vəsaitlər itlərə gedib çatmır” – deyə alyansın nümayəndələri bildiriblər.

Süleymanov və könüllülər həmçinin ona da diqqət yetiriblər ki, idarənin əməkdaşları hətta sterilizasiya edilmiş sahibsiz itləri də tuturlar, halbuki bu, qanuna ziddir.

“Leyla Əliyeva tərəfindən 2016-cı ildə yaradılmış IDEA Heyvanlara Qayğı Mərkəzində itləri kastrasiya edilir və qulaqlarına birka vuraraq küçəyə buraxırlar. Bu heyvanlar heç kəsə zərər vermirlər. Amma ovçular itlərə fərq qoymadan güllələyirlər” – könüllülər deyir.

Lakin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bəyan edib ki, Süleymanovun və Ətraf Mühitin Mühafizəsi Alyansının könüllülərinin dediklərinin hamısı yalandır.

“İtlərin sığınacağında hazırda 200-dən artıq it var. Üstəlik 60 iti də biz kastrasiya üçün IDEA-ya vermişik. Hər gün 10-a qədər it kastrasiya edilir, onların qulaqlarına birka vurulur və şəhərin küçələrinə buraxılır. Biz itləri öldürmürük. Onlar nə istəsələr, danışa bilərlər, amma sübutları yoxdur” – Hüseynov deyib.

Könüllülərin sığınacaq ərazisinə buraxılmamasına gəlincə, Hüseynov deyib ki, bunun səbəbi var. Könüllülər sığınacağa gəlir, itləri necə yedirdiklərini, onlara necə qayğı göstərdiklərini telefona çəkirlər. Bunları isə qrant almaq məqsədilə edirlər.

İt ovçuları
İt ovçuları

“Onların hər birinin bank hesabları var. Bütün bunlar pul qazanmaq üçündür” – deyə Hüseynov əlavə edib.

İtlər tutularkən onlara qarşı qəddar rəftara gəlincə, idarə rəisi bildirib ki, heyvanlar xüsusi avadanlıqlar və tor vasitəsilə tutulur. Heyvanlar müqavimət göstərir və bu səbəbdən də zədə alırlar. Lakin sığınacaqda həkimlər işləyir, onlar itlərə zəruri tibbi yardımı göstərirlər.

Hüseynovun sözlərinə görə, hazırda şəhərin küçələrində 50 mindən artıq sahibsiz it var və onların hər biri təhlükə yaradır.

“Biz itlərin sayına nəzarət edirik, onları kastrasiya edir, quduzluqdan müalicə edirik (quduzluq müalicə olunan deyil — red.), amma öldürmürük. Əgər belə etməsək, onda onların populyasiyası sürətlə çoxalır” – deyə Hüseynov bildirib.

Hüseynov qeyd edib ki, paytaxt sakinləri daim quduz itlərdən şikayət edirlər ki, onlar uşaqlara hücum edir. Ötən il Sumqayıtda it dişləməsi səbəbindən beş yaşlı qız dünyasını dəyişib.

Lakin könüllülər qeyd edirlər ki, itlər nadir hallarda səbəbsiz yerə insanlara hücum edirlər. Bir qudurmuş itin uşağa hücum etməsi isə heyvanlarla qəddar rəftar etmək üçün əsas vermir.

Bununla belə, Süleymanov qeyd edib ki, Sumqayıtda sahibsiz itlər günün günorta çağında uşaqların gözü qarşısında güllələnir. Bu barədə əmri Sumqayıt İcra Hakimiyyətinin rəhbərliyi verib. Bu işdə Süleymanov Sumqayıt İH-nin ov tüfəngi ilə silahlanmış əməkdaşı Bəhruz Vəliyevi günahlandırır. Amma polis Vəliyevin fəaliyyətində cinayət tərkibi görmür.

Könüllülər həmçinin qeyd edirlər ki, heyvanlarla qəddarcasına rəftar hallarına tez-tez rast gəlinir. Bir çox hallarda valideynlərin susqun razılığı nəticəsində uşaqlar heyvanları incidir. Heyvan hüquqlarının müdafiəçilərinin fikrincə, böyüklər canlı varlıqlarla qəddar rəftara imkan verməməlidirlər. Və başa düşməlidirlər ki, bununla heyvanları ağrıdırlar. Bu isə qeyri-insani hərəkətdir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …