Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Sosial / İstanbul-Gəncə-Bakı avtobusu Şəmkirdə hansı hoqqalardan çıxdı? – VİDEO

İstanbul-Gəncə-Bakı avtobusu Şəmkirdə hansı hoqqalardan çıxdı? – VİDEO

Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində beynəlxalq sərnişindaşıma ilə məşğul olan 50 DK 079 nömrəli “Mercedes Benz” markalı avtobusun çox yüksək sürətlə idarə edilməsi ilə bağlı video-görüntülər yayılıb.

“Kanal 1 TV” internet səhifəsinə yerləşdirilmiş görüntüdən aydın olur ki, sürücü içərisində sərnişinlər olan avtobusu 60 km/saat sürət həddi müəyyən olunan yolda 130 km saat sürətlə idarə edir. Bundan başqa, çox təhlükəli manevrlər edərək sərnişinlərin həyatını təhlükəyə atır.

Avtobusu təhlükəli şəkildə idarə edən sürücü ilə bağlı görüntülər həmin yolla hərəkət edən digər minik avtomobilindən qeydə alınıb. Görüntünü çəkən şəxs avtobusun İstanbul-Gəncə-Bakı reysi ilə hərəkət etdiyini bildirir. Kadrlardan da aydın olur ki, sürücü çox yüksək sürətlə hərəkət etməklə yanaşı gah sol, gah da sağ zolağa çıxır, qarşıdan gələn avtomobillər üçün qəza şəraiti yaradır. Bu sürətlə hərəkət edən avtobusun qarşısına hər hansı mane çıxarsa, yol nəqliyyat hadisəsinin baş verməsi qaçılmazdır.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etdik. Xidmətdən virtualaz.org-a yol-hərəkət qaydalarını pozan sürücü ilə bağlı tədbir görülməsi üçün müvafiq qurumlara müraciət olunacağını bildirdilər.

“Həmin videokadrlardan sürücünün avtobusu həqiqətən çox yüksək sürətlə idarə etdiyi görünür. Biz bununla bağlı nazirliyin tabeliyində fəaliyyət göstərən “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edəcəyik. Çünki sərnişin daşınması marşrut xətləri bizim tərəfimizdən müəyyən olunur, amma daşıyıcı şirkətlər həmin qurum tərəfindən müəyyənləşdirilir. Yəqin ki, həmin sürücü müəyyən olunaraq barəsində müvafiq tədbir görüləcək. Amma bizim hər hansı cəza tədbiri görmək səlahiyyətimiz yoxdur. Bu barədə polis tədbir görə bilər. Biz yayılmış videokadrlarla bağlı onlara da müraciət edəcəyik”, – deyə DANX-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Yayılmış görüntülərlə bağlı Respublika Dölət Yol Polisi İdarəsi ilə də əlaqə saxlamağa çalışdıq. Ancaq mümkün olmadı…

Qeyd edək ki, bu, sərnişin avtobusunun yüksək sürətlə iadrə olunması ilə bağlı ilk hadisə deyil. Daha əvvəl də şəhərlərarası yollarda, o cümlədən Bakı-Qazax yolunda içərisində sərnişinlər olan avtobusun 120 km/saat sürətlə idarə olunması ilə bağlı videogörüntülər yayılmışdı.Virtualaz.org

Həmçinin oxuyun

Bakıda harda tıxac var? – Video

Bu gündən Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günü başlayır. “Qafqazinfo” xəbər verir ki, bu …