Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Sosial / İşdən çıxarılan 3 Nehrəmli və kütləvi həbslər…

İşdən çıxarılan 3 Nehrəmli və kütləvi həbslər…

Beynəlxalq Bankdan kredit alan iş adamları ilə bağlı başlanmış istintaq günlər keçdikcə “oliqarxgeyt” prosesinə çevrilir. Demək olar ki, hər gün kimlərinsə istintaqa çağırılması, həbslərin davam etməsi barədə xəbərlər yayılır. İş adamlarının həbsi barədə yayılan məlumatların fonunda hüquq-mühafizə orqanları susmaqda davam edirlər.

Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat” qəzetinin yaydığı xəbərdə bildirilir ki, bu susqunluğun səbəbi istintaqın miqyası ilə bağlıdır və “oliqarxqeyt” işi üçün DİN və Respublika Prokurorluğu birgə istintaq qrupu yaradıb. Qrupa hər iki tərəfdən hüquq-mühafizə strukturlarının rəhbərləri nəzarət edir. Belə bir ehtimal var ki, rəsmi məlumatın yubanmasına səbəb Beynəlxalq Bank işi ilə bağlı mənzərənin  tam aydınlaşmamasıdır, üstəlik, xeyli şübhəlilər də var ki, onları əvvəlcədən xüsusi təlaşa salmaq istəmirlər. Bəzi ekspertlər isə güman edirlər ki, biznesmenlərə qarşı “yumşaq güc”dən istifadə olunacaq. Onlar “oğurladıqları” pulları geri qaytarmaqla xilas ola biləcəklər.

Qəzetə xəbər verən mənbə bildirib ki, bu həftənin əvvəlindən başlayaraq Heydər Əliyev adına beynəlxalq hava limanına “xüsusi nəzarət qrupu” göndərilib. Bu qrupa ölkədən çıxmaq istəyən iş adamlarını, onların ailə üzvlərini, yaxın qohumlarını yoxlamaq, sorğu-suala tutmaq, hətta ölkədən buraxmamaq səlahiyyəti verilib. Mənbə deyib ki, bu qrupda “qara siyahı” da var və aeroportdan çıxmaları mümkünsüzdür.

Mənbə daha bir sensasion xəbəri mayın 13-də ölkənin sərhədlərində üç gömrük rəisinin qəfil sərəncama göndərilməsinin səbəbləri ilə bağlıdır. Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mayın 13-də Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin  rəisləri- Ədalət Hüseynəliyev, Elçin Quliyev və Sahib Axundovu işdən çıxarıb. A.Əliyev rəisləri işdən azad etməsinin səbəblərini rotasiya ilə izah edib. Amma işdən çıxarılanların rotasiya ilə niyə yenidən vəzifəyə yox, sərəncama göndərildiklərini açıqlamayıb. Saytlardan biri işdən çıxarılan hər üç gömrükçünün Naxçıvanın Nehrəm kəndindən olması faktına diqqət çəkib. Bizim mənbə isə deyib ki, sərhədlərin möhkəmləndirilməsi yuxarıdan gələn əmrdir və istintaq altında olan Hacı İbrahim Nehrəmli ilə əlaqəsi yoxdur.

“Sərhəd Qoşunlarına və Gömrük Komitəsinə tapşırılıb ki, xüsusilə Rusiya sərhədindən ölkədən çıxanlara nəzarət daha da gücləndirilsin, etibarlılıq artırılsın. Xəbərə görə, sərhəddən bəzi adamların ”sızmaları” ilə bağlı siqnallar alınıb”.  Mənbə deyib ki, yeni təyinatlar da əslində dəyişikliyin rotasiyaya aidiyyəti olmadığını göstərir. “Xaçmaz Gömrük İdarəsinə rəisi  təyin edilən Azər Məmmədov (o sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir)  əvvəl də kifayət qədər yüksək vəzifədə – Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin birinci müavini işləyib. Fövqəladə Hallar Nazirliyinin generalı İlham Abdullayevin qardaşı Biləsuvar Gömrük İdarəsinə rəis təyin edilib. Bu təyinatlar onu göstərir ki, iqtidar gömrüyü daha etibarlı əllərə verir”, –  deyə, qaynağımız bildirib.

Medianın ciddi önəm verdiyi bu mövzunun cəmiyyətdə doğurduğu effekt iqtidar dairələrində birmənalı qarşılanmayıb. Telekanallara həbslərlə bağlı məlumat verməmək tapşırılıb, iqtidar qəzetləri də bu mövzuya toxunmurlar. Parlamentin bu gün keçiriləcək iclasında da bu mövzunun xüsusi gündəmə gətirilməsinə ehtiyac olmadığı deyilib.

Həmçinin oxuyun

Deputat “Leş Tofiq”, “Bala Tofiq”, “Beluqa Tahir” barədə: Onlara haram olsun!

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev əhaliyə yararsız ət satan “Bala Tofiq” …

Bir cavab yazın