Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / “İsa Qəmbər siyasətdən uzaqlaşmaq istəsə belə, siyasət ondan uzaqlaşa bilməz”

“İsa Qəmbər siyasətdən uzaqlaşmaq istəsə belə, siyasət ondan uzaqlaşa bilməz”

Xəbər verdiyimiz kimi, KXCP, AXP, ADP, VİP, AzDP, ALDP, BAP, Azadlıq Partiyası, GAP, AĞ blok və digər müxalifyönlü təşkilatların, QHT-lərin olduğu Müxalifətin Antiböhran Koalisiyasının təmsilçisi Sərdar Cəlaloğlu martın 9-da Müsavat Partiyasının başqanı Arif Hacılı ilə yanaşı Müsavatın sabiq başqanı İsa Qəmbərlə də görüşübmüş. Bu barədə musavat.com-a Müsavat Partiyasındakı mənbədən məlumat daxil olub. Maraqlıdır ki, Sərdar Cəlaloğlu Arif Hacılı ilə görüşdüyü və müzakirə etdiyi məsələlər barədə həmin gün məlumat versə də İsa Qəmbərlə görüşdüyü haqda heç nə açıqlamayıb.
S.Cəlaloğlu İsa Qəmbərlə görüşdüyü haqda  verilən xəbərin doğru olduğunu dedi. Bu barədə bizə məlumat verməməsini isə həm bizim ona sual ünvanlamamağımızla, həm də İsa Qəmbərlə görüşün qeyri-rəsmi xarakter daşıdığı ilə əsaslandırdı: “Xeyli vaxt idi İsa bəylə bir dost kimi görüşmürdük. Müsavatın qərargahına gəlmişkən, dedim, İsa bəylə görüşüm, hal-əhval tutum. Onunla qeyri-rəsmi şəkildə, bir dost kimi görüşdük”.
“Xeyli vaxtdır görüşmədiyiniz İsa Qəmbərin əhval-ruhiyyəsini necə gördünüz?” sualına ADP sədri belə cavab verdi: “İsa bəy son zamanlar özünü sanki siyasi proseslərdən bir qədər kənarda görən kimi, analitik kimi təqdim eləmək istəyir. Amma mümkün deyil ki, bu qədər böyük siyasi təcrübən ola və siyasi prosesdən uzaqlaşa biləsən. Hətta İsa Qəmbər siyasətdən bir az uzaqlaşmaq istəsə belə, siyasət ondan uzaqlaşa bilməz. Siyasətçilərin siyasi ömür tarixi siyasətçilər öləndə başa çatır. Baxın, Klinton 20 il öncə prezident olub, ancaq bu gün də ABŞ-ın siyasi həyatında onun adı çəkilir, fikirləri dinlənilir. Yəni əsl siyasətçi həyatdan getməyincə, siyasətdən getmir. Bu baxımdan İsa Qəmbər istəsə də siyasətdən heç yana gedə bilməz. Bugünkü Azərbaycan siyasətinin memarlarından biri də odur”.
S.Cəlaloğlu onu da bildirdi ki, İsa Qəmbərlə görüşdə Müsavat-Antiböhran Koalisiyası məsələsi, debat təklifi məsələsini müzakirə etməyib: “Partiyanın başqanı var və bu məsələləri rəsmi olaraq onunla müzakirə etmişdim. Siyasi etika baxımından mən bu mövzuları başqandan kənarda da gedib müzakirə etməyi doğru hesab etmədim. Ona görə də İsa bəylə bu məsələləri müzakirə etmədim. Heç İsa bəy də Arif Hacılı ilə nə danışdığımızı, hansı nəticəyə gəldiyimizi öyrənməyə meyl eləmədi”.( “Yeni Müsavat”)

Həmçinin oxuyun

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 845 nəfər müalicə olunaraq sağalıb, 322 yeni yoluxma faktı qeydə alınıb. …

Bir cavab yazın