Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Sosial / İş adamlarının qənimi: “Gömrük orqanları sahibkarların dostu olmalıdır”

İş adamlarının qənimi: “Gömrük orqanları sahibkarların dostu olmalıdır”

Sahibkarlar üçün çətinliklər yaranıb.

Belə ki, yüksək cərimələr əlavə yükə səbəb olur. Bugünlərdə Azərbaycan Sahibkarlar Konfederasiyası və Dövlət Gömrük Komitəsi arasında Əməkdaşlıq Şurasının iclasında sahibkarlar tərəfindən bəzi məsələlər qaldırılıb.

Xüsusən də ƏDV-nin məhsulun realizasiyası zamanı ödənilməsi, AQTA sertifikatı olmadan gömrük rəsmiləşdirilməsi ilə əlaqədar yaranan çətinliklər, qısa idxal bəyannamələri ilə bağlı yüksək cərimələrin əlavə yükə səbəb olduğu qeyd edilib. 

Həmçinin gömrük rəsmiləşdirilməsi zamanı ekspertiza müddətinin çox vaxt alması, nəticədə yükün sərhəddə ləngiməsi, əlavə logistik və saxlanma kimi xərclərin artmasına səbəb olduğu vurğulanıb.

Sahibkarlar hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində ödənilməsi müddətinin 1 ilə uzadılmasını da təklif ediblər.

Dövlət Gömrük Komitəsinin nümayəndələri qaldırılan hər bir məsələyə həssas yanaşaraq, gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı qanun çərçivəsində sahibkarlara dəstək verməyə hazır olduqlarını qeyd ediblər.

Eyni zamanda qərara alınıb ki, təkliflər üzrə müzakirələrin aparılması və iqtisadiyyatın inkişafı üçün birgə səyləri gücləndirmək məqsədilə işçi qrupu yaradılsın.

Qeyd edək ki, sahibkarların bir çoxu gömrük prosedurları ilə bağlı mövcud  çətinliklərə daim etirazlarını bildirirlər. Yəni bu sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsi, prosedurların daha da asanlaşdırılması əvəzinə, əksini gördüklərini deyirlər.

Dövlət Gömrük Komitəsinin sahibkarlara bu kimi maneələr yaratması nə dərəcədə doğrudur və sahibkarların təqdim etdikləri təkliflər müsbət nəticələrə gətirib çıxaracaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri sahibkarların ən çox şikayət etdiyi orqanlardan biri də Dövlət Gömrük Komitəsidir:

“Zaman-zaman rəhbərlikdə dəyişikliklər olsa da, prinsiplərdə dəyişikliklərin olduğu təəssüf ki, nəzərə çarpmır. Gömrük orqanları sahibkarların dostu olmalıdır. Təəssüf ki, sahibkarlar hər dəfə Gömrük Komitəsi ilə bağlı öz şikayətlərini dilə gətirirlər. İstənilən halda həm Gömrük Komitəsi, həm də digər dövlət qurumlarının əsas vəzifəsi, qayəsi, gündəlik fəaliyyəti sahibkarlara bacardığı qədər dəstək verməlidirlər.

Bizim dövlət, hökumət oqranlarlı zaman-zaman onlara qarşı yönəlmiş hansısa tənqidlərdə qanun və qaydalara istinad edirlər. Bu da doğru deyil. Əgər doğrudan da problem qanunlarda, qaydalarda, yazılmış hansısa bir müddəalardadırsa, o zaman onlar dəyişdirilməlidir. Yəni bütün qanunlar və qaydalar ixracatı, istehsalı, shaibkarlıq fəaliyyəıtini stimullaşdırmalıdır, maneə yaradan istənilən hallar aradan qaldırılmalıdır”.

Həmçinin oxuyun

Sumqayıt sakini: “Yollara görə maşın hər gün ustadadır” – Video

Sumqayıtda yaşayan sakinlər yolların keçilməz olmasından şikayətçidirlər. Burada elə küçələr var ki, 42 ildir asfalt …