Ana səhifə / Sosial / İranda prezident seçkisi baş tutdu – yola kimlə davam?

İranda prezident seçkisi baş tutdu – yola kimlə davam?

Xameneyi iranlıları səsverməyə çağırdı: “Çünki ölkənin gələcəyi səsləri ilə idarəetmə orqanının rəhbərini seçən millətin əlindədir”
Mayın 19-da İranda 12-ci prezident seçkiləri keçirildi. Səsvermə yerli vaxtla səhər saat 8-də başlayıb. İranda rəsmi rəqəmlərə görə, 56 milyon 410 min 234 seçici var. Səsvermə 12 saat davam edib və saat 20-də başa çatıb.
Qeyd edək ki, seçkilərdə 6 namizəd qeydə alınsa da, seçkiyə bir neçə gün qalmış onlardan ikisi – vitse-prezident İshaq Cahangiri və Məhəmmədbaqir Qalibaf – namizədliyini geri götürüb. Daha bir namizəd (Mustafa Haşimtəba) isə seçiciləri Həsən Ruhaniyə səs verməyə çağırıb. Ancaq seçkilərdə iki favorit şəxs var. Bunlar islahatçı qanadın əsas simalarından biri, hazırkı prezident Həsən Ruhani və mühafizəkar qanadın təmsilçisi, ruhani, keçmiş məhkəmə hakimi, İmam Rza (ə) ziyarətgah-kompleksinin rəhbəri Seyid İbrahim Rəisidir.
Seçkilərin birinci turunda namizədlərdən biri 50 faizdən çox səs toplaya bilməsə, ikinci tur keçiriləcək. Qeyd edək ki, dini dairələr və ali dini liderə yaxın hərbi rəhbərliyin İbrahim Rəisini müdafiə etdiyi deyilsə də, ali dini lider mövqe nümayiş etdirməyib. Seçkilərdən 3 gün əvvəl hərbçilərlə görüşündə xalqı seçkilərdə iştirak etməyə çağıran Ayətullah Seyid Əli Xameneyi xalqı seçkilərdə kütləvi şəkildə iştirak etməyə çağırıb.

Image result for Seyid Əli

Sitat: “Mən mümkün olduğu qədər daha çox iştirakı tövsiyə edirəm. Mənə görə xeyirli bir iş heç gecikmədən dərhal yerinə yetirilməlidir. Mənim qənaətimə görə, prezident seçkiləri çox vacibdir. Çünki ölkənin gələcəyi səsləri ilə idarəetmə orqanının rəhbərini seçən millətin əlindədir”.
Ölkənin əsas rəhbərliyi də sabah saatlarında seçki məntəqələrinə gedərək səs verib. Prezident Həsən Ruhani seçki məntəqəsinə gedərkən kütlənin dəstəyi ilə qarşılaşıb. Qeyd edək ki, İrandakı prezident seçkilərini 42 ölkədən 570 KİV əməkdaşı izləyəcək. İran Mədəniyyət və İslami İrşad Nazirliyindən verilən məlumata görə, seçki gününü izləmək üçün müraciət edən 29 ölkədən olan 119 media orqanında çalışan 252 jurnalistdə viza verilib. Seçkiləri 44 agentlik, 144 tv və radio, 71 qəzet və jurnal, 14 foto agentliyi və 2 internet saytı təmsilçiləri izləyəcək.
Qeyd edək ki, güclü regional dövlət olan İran bölgədə aktiv siyasət aparır. Suriya və İraqda ciddi hərbi və kəşfiyyat fəaliyyətlərinə malikdir. Eyni zamanda Fələstin və Livanın silahlı qrupları vasitəsilə İsrailə qarşı güclü hərbi müqavimət cəbhəsi yarada bilib. Bu səbəbdən də hazırda İran-İsrail və İran-ABŞ münasibətləri xeyli gərgindir. ABŞ və regional müttəfiqləri, körfəz ərəb ölkələrindən ibarət anti-İran koalisiyası mövcuddur.

Image result for iranda seçkilər
Ancaq bütün bunlar hər nə qədər İranın xarici siyasətində özünü göstərsə də, daxili siyasətdə əsas faktor iqtisadi və sosial vəziyyətdir. Seçkilərin taleyini böyük ölçüdə məhz bu faktor həll edir. 2013-cü ildə indiki prezident Həsən Ruhani məhz iqtisadi vəziyyəti düzəltmək, Qərbin embarqolarını yumşaltmaq şüarı ilə prezident seçkilərini qazandı. Qərblə nüvə anlaşması imzalandı və bir sıra sanksiyalar götürüldü. Ancaq bütün bunlarla yanaşı hələ də ciddi problemlər mövcuddur.

Image result for iranda seçkilər
Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə, 2016-c ildə İranda 6,5 faizlik iqtisadi artım qeydə alınıb. 2017-ci ildə isə iqtisadi artım 3,3 faizə enəcək. Bundan başqa Həsən Ruhani prezident seçildiyi 2013-cü ildə İranda 34,7 faizlik inflyasiya qeydə alınıb. 2014-cü ildə İranda inflyasiya faizi 15,6-ya, 2016-cı ildə isə 8,9 faizə enib. Ancaq işsizlik 1,7 faiz artaraq 12,7 faizə qalıb. Hazırda İranda xüsusən də gənclər arasında ciddi işsizlik problemi var. Əhalisinin gənc olması və davamlı embarqolar, xarici yatırımın qarşısının alınması İranda işsizliyin həcmini yüksəldir. Gənc yaşda qadınların isə yarısı işsizdir. Bütün bunların əsas səbəbi uzun müddətdir daxili iqtisadiyyata ciddi yatırım qoyula bilməməsi, xarici investisiyanın qarşısını alan embarqolar və yerli qanunların yaratdığı məhdudiyyətlər, sanksiyalar və sairdir. Ölkənin ciddi yatırım potensialı olsa da, Qərblə davamlı müharibə vəziyyəti, embarqolar İran iqtisadiyyatının inkişafına ağır zərbə vurur. Üstəlik neft qiymətlərinin yüksək olduğu dönəmdə embarqoların da təsiri ilə İran iqtisadiyyatı neft və qaz gəlirlərindən ciddi asılılığa məruz qalıb və bu da özünün mənfi təsirini son illərdə, neftin qiymətinin ucuzlaşması ilə göstərir.

Image result for Seyid İbrahim Rəisi
Bütün bunlar iranlı seçiciləri daha yüksək iqtisadi inkişaf, yeni iş yerləri və rifah vəd edən namizədə doğru yönəldib.

Alınan son məlumatlara əsasən, İranın hazırkı prezidenti Həsən Ruhani səslərin sayına görə liderlik edir.

Röyterin verdiyi xəbərə görə, 40 milyonluq seçki bülleteninin 37 milyonunun hesablanmasına əsasən Ruhani 21,6 milyon seçici səsi toplayıb.

Həmçinin oxuyun

Sabah Bakıda 35 dərəcə isti olacaq, bölgələrdə yağış yağacaq – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. …

Bir cavab yazın