Şənbə , Avqust 24 2019
Ana səhifə / Sosial / İran sanksiyalarının ləğvi niyə Azərbaycan üçün yaxşı xəbər deyil?

İran sanksiyalarının ləğvi niyə Azərbaycan üçün yaxşı xəbər deyil?

Ötən həftə sonu İrana uzun illərdən bəri tətbiq edilən, nüvə proqramı ilə bağlı sansksiyalar Avropa İttifaqı tərəfindən qaldırıldı.

O cümlədən İran neftinin alınmasına qoyulmuş qadağalar da götürüldü. İndi İranla ticarət, yükdaşıma və sığorta biznesləri qadağan deyil. Bu, iqtisadi imkanlarla zəngin İranla ticarət aparmağa hazır dayanan biznesmenlər, ölkələr və hətta İranın bəzi qonşuları üçün yaxşı xəbər ola bilər. Yalnız Azərbaycandan başqa.

Azərbaycan regionda İrana çıxışı olan yeganə strateji partnyor kimi əhəmiyyətini itirə bilər.

Image copyrightBBC World Service

Qərb üçün Azərbaycanın önəmi onun İran və Rusiya ilə sərhədlərinin olmasındadır.

Azərbaycan müstəqillik qazandıqdan sonra regionda ABŞ və İsrailin müttəfiqinə çevrilib.

Bu, İranı hər zaman qıcıqlandırıb, Azərbaycana isə “ABŞ-ın regionda mühüm strateji müttəfiqi” statusunu qazandırıb. Onun ərazisindən ABŞ-ın Əfqanıstandakı qoşunlarına sursat daşınması üçün istifadə olunub.

İndi isə, İran Amerikanın müttəfiqinə çevrilir, Azərbaycan dünyanın ən güclü ölkəsinin müttəfiqi kimi əhəmiyyətini itirə bilər.

Azərbaycan artıq Xəzər neftinə yeganə marşrut olmayacaq.

Image copyrightGetty

Azərbaycan regionda Qərbin Xəzər neftinə Rusiyadan yan keçməklə əli çatan yeganə ölkədir.

İran dünyaya qapılarını açanda isə, Azərbaycan artıq Qərb üçün mühüm neft və qaz təchizatçısı olmayacaq. Dünya bazarlarında neftin qiyməti durmadan düşür və İran sanksiyalarının qaldırılmasından sonra düşməkdə davam edəcəyi gözlənilir.

Azərbaycan neftinin isə bir neçə ilə tükənəcəyi proqnozlaşdırılır.

Ölkənin qaz ehtiyatları böyük olsa da, İranla müqayisədə çox kiçikdir – İran Rusiyadan sonra qaz ehtiyatlarına görə dünyada ikinci böyük ölkədir. Azərbaycan isə, ilk 20-likdə belə yer almır.

Azərbaycan “İran təhlükəsi” kartını oynaya bilməyəcək.

Opponentlərini həbsə atdırmaqda və insan haqlarını pozmaqda ittiham olunan Azərbaycan hökuməti hər zaman “İran təhlükəsi” kartını oynayıb.

“Biz sizin strateji partnyorunuzuq, İranda təhlükə və təzyiqlərə baxmayaraq, biz sizə kömək edirik. Tonunuza diqqət edin!” – ABŞ Dövlət Departamentinin təzyiqlərinə Azərbaycan hökumətinin verdiyi cavablarda təxminən bu mənanı oxumaq olar.

Dünyanın İrana birbaşa girişi olanda isə, Azərbaycanın İrana təzyiqlər üçün yardımçı mövqeyi zəifləyə bilər.

ABŞ İranın Azərbaycana mümkün müdaxiləsinə və ölkəni, iddia olunan, İslam dövlətinə çevirmək cəhdlərinə məhəl qoymaya bilər.

Image copyrightBBC World Service
Image captionAzərbaycandakı “hicab etirazları”nda İranın təsiri olmasına inanılırdı. Foto: Turkhan Kerimov/Reuters

Sekulyar Azərbaycan hər zaman cənub qonşusunun ölkədə “sabitliyi pozmaq cəhdləri”ndən narahat olub.

Hökumət İslam partiyasını ləğv edib, onun liderlərini digər dindarlarla birlikdə həbsə atıb və onları İranın “xüsusi qüvvələri” ilə Azərbaycanda “hökuməti devirmək” üçün əməkdaşlıqda ittiham edib.

İranın nüfuzunun xüsusilə güclü olduğu deyilən Nardaranda məktəblərə hicab geyinilməsinə icazə verilməsi tələbilə nümayişlər keçirilib.

Ötən ilin noyabrında Nardaranda xüsusi əməliyyat keçirildikdən sonra həbs olunanlar “ölkənin konstitusional quruluşunu çevirməyə cəhddə” ittiham olundu.

İranda yaşayan “25-30 milyon azərbaycanlının hüquqlarına məhəl qoyulmaması” halları arta bilər.

Image copyrightBBC World Service

İranda yaşayan azərbaycanlılar deyir ki, hökumət onların öz dilində təhsil almaq kimi əsas hüquqlarını tanımır və azərbaycanlı fəalları siyasi motivlərlə həbs edir.

İnanılırdı ki, ABŞ və beynəlxalq təşkilatlar son illər belə hallarla bağlı tənqidləri artırıb.

İndi isə, bəzi təhlilçilərə görə, ABŞ İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması barədə məlumatlara göz yuma bilər.

Həmçinin oxuyun

Yetkinlik yaşına çatmadan fahişəliyə cəlb edilənlər – RƏQƏMLƏR

Hər il Azərbaycanda yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb edilməsi halları qeydə alınır. Ölkə üzrə …

Bir cavab yazın