Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / İqtisadçılar hansı banka güvənib əmanət qoyar? – SORĞU

İqtisadçılar hansı banka güvənib əmanət qoyar? – SORĞU

Azərbaycan Mərkəzi Bankı “AGBank” ASC və “NBCBank” ASC-ni öz müvəqqəti idarəetməsində saxlayıb, “AtaBank” və “Amrah Bank”ın lisenziyalarını ləğv edib.
Mövcud durum, yəni bankların bağlanması insanlarda narahatlıq və banklara qarşı bir qədər etibarsızlıq yaradır.

Maraqlıdır, belə olan halda vətəndaşlarımız banklara əmanət qoymaqda davam edəcək, ya bunu risk hesab edib banklardan uzaq duracaq?
Bu sualı iqtisadiyyatdan yazan media nümayəndələrimizə və iqtisadçı-ekspertlərə ünvanladıq. Görəsən onlar necə, banklara güvənib əmanət qoyacaqlarmı?

Modern.az iqtisadiyyat bilicilərinin sayta olan fərqli cavablarını təqdim edir:

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, uzun müddətdir ki, bankda əmanəti yoxdur:

“Bankda depozitim bizneslə məşğul olduğum dövrdə olub, bir də 2016-cı ilə qədər böyük hesabım olub ki, o da konsaltinq xidməti göstərməyimlə əlaqədar idi. Sonradan da həmin hesabı bağladım. O vaxtdan bu yana banklarda əmanətim olmayıb. Amma bu o demək deyil ki, Azərbaycan banklarına güvənmək, əmanət yerləşdirmək olmaz. Ölkədə dayanıqlı banklar var ki, onların ən böyük aktivləri, dövriyyələri kifayət qədər güclüdür. Sadəcə bankların işləmə mexanizmdə dəyişiklik olmasına ehtiyac var. Belə ki, banklar çox primitiv qaydada depozit götürüb kredit verib pul qazanmaqla kifayətlənməməlidir. Depozit sahiblərini maraqlandırmaq üçün banklar onları investorlara dönüşdürə bilərlər. Bununla da həmin şəxslər gələcəkdə iş adamılarına çevrilə bilərlər. Yəni banklar bir növ insanlara şərait yaradıb, dəstək ola bilər”.

İqtisadçı, “Fed.az” saytının baş redaktoru Əli Əhmədov deyir ki, istənilən banka vəsait yatıra bilər:

“Hər hansı bank yatırılan əmanətə yüksək faiz verirsə və üstəlik hansısa bonuslar təklif edirsə, bu zaman hüquqşünas, yaxud da Mərkəzi Bankdan soruşmaq lazımdır ki, əlavə bonusun verilməsi əlavə faiz sayıla bilərmi? Əgər bu əlavə faiz sayılsa, səhəri gün bir hadisə baş versə, şəxsin əmanəti sığortalanmaya bilər? Məsələn, indi əmanətin sığortalanması 12 faizdir və bu faiz çox olarsa, əmanət sığortalanmır. Bəzən olur ki, banklar 12 faizlə müqavilə bağlayırlar və əlavə bonus da verirlər. Sonra əmanət yerləşdirən şəxsə deyilə bilər ki, bonusun olması 12 faizi aşdığı olduğu üçün sizin əmanətiniz sığortalanmış sayılmır. Ona görə müştəri belə halla rastlaşmamaq üçün mütləq Mərkəzi Bankdan yazılı rəy almalıdır ki, bonus əlavə faiz sayılır, ya yox. Bildiyiniz kimi dekabr ayının sonuna kimi banka nə qədər əmanət qoyursan, qoy, o, sığortalanmış hesab olunacaq. Ola bilsin ki, bu müddət uzadılsın, ya da əskinə. Əgər əvvəlki qayda tətbiq olunsa və müəyyən hədd qoyulsa, vətəndaş pulu çox olduğu halda məbləğin hamısını eyni banka yox, müxtəlif banklara yerləşdirsə yaxşıdır. Yəni sığortalanan məbləğlə banka qoyulan pul arasında müəyyən məsafə saxlanılmalıdır ki, səhəri gün faiz hesablananda əlavə pulu almaq mümkün olsun”.

Tanınmış hüquqşünas, bank mübahisələri üzrə mütəxəssis Əkrəm Həsənov banka pul qoymağının banka inamından irəli gələn bir məsələ olmadığını bildirib:

“Banklara pul qoyulması banklara pul etibar etmək anlamına gəlmir. Azərbaycanda “Əmanətlərin sığortalanması haqqında qanun” var və prinsipcə vətəndaşın hansı bankda sığortalı əmanət yerləşdirməsinin önəmi yoxdur. Yəni hansı şərait olur-olsun Əmanətlərin Sığortası Fondu həmin əmanəti vətəndaşa qaytarmalıdır. Bu baxımdan, söhbət banka deyil, dövlətə etibar etməkdən gedir. Yəni dövlət həmin əmanəti sığortalaşdıracaq ya yox, budur əsas məsələ. Burada isə müəyyən problemlər var. Belə ki, son bağlanan “AtaBank” 1 ildir ki, vətəndaşların əmanətlərini qaytara bilmir. Qanuna görə 1 il əvvəl bu bank bağlanmalı idi və vətəndaşlar 3 ay ərzində əmanətlərini geri almalı idilər. Düzdür, vətəndaş bağlanan bankda olan əmanətini alacaq, amma bu proses gecikəcək. Bu baxımdan mən əmanətlərin sığortalanması məsələsi olmasaydı, vətəndaşlara deyərdim ki, banklara pul qoymasınlar”.

“Report.az” informasiya agntliyinin iqtisadiyyat departamentinin redaktoru Namiq Hüseynov deyir ki, banklara pul qoya bilər, amma müəyyən şərtlərlə:

“Azərbaycan banklarına pul qoymaq olar. Sadəcə əmanət yerləşdiriləndə bağlanma ehtimalı az olan, iri, sistem əhəmiyyətli banklara üstünlük vermək, seçilmiş bankın maliyyə göstəricilərinə, son bir ildə olan fəaliyyətinə diqqət yetirmək lazımdır. Əmanətin sığortalı olması da mühüm şərtdir. Yəni, əmanətin illik gəlirliliyi Azərbaycan manatında 10 faizdən, xarici valyutada isə 2,5 faizdən çox olmasa yaxşıdır. Və nəhayət, bir bankda 30 min manatdan çox əmanət yerləşdirilməməsi məsləhətdir. Doğrudur, bu il dekabrın 4-nə qədər ölkədəki bütün əmanətlər sığortalıdır, amma əmanət müqaviləsinin vaxtı həmin tarixdən sonra bitirsə, yaxşı olar ki, bəri başdan məbləğ məhdudiyyətinə əməl edəsiniz. Çünki, “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddətinin yenidən uzadılıb-uzadılmayacağı məlum deyil”.

İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, indiki mühitdə elə bir bank yoxdur ki, ona güvənib pul qoysun:

“Banklar arasında soruşsanız ki, hansı banka güvənim var, “Beynəlxalq Bank” və “Paşa Bank”ın adını çəkə bilərəm. Amma yenə də iqtisadçı kimi vəziyyəti qiymətləndirib deyirəm ki, hansısa banka güvənib əmanət yerləşdirə bilmərəm. Çünki belə hal mövcuddur ki, banklar uğursuzluqla üzləşsin və bağlansın”.

“Azərtac” informasiya agentliyinin iqtisadiyyat müxbiri Elvin Camalov hələ də etibar edəcəyi bankların olduğunu bildirdi:

“Etibar edəcəyim banklar var. Məncə çox adam banklara etibar edir. Sadəcə faizlərin aşağı olması heç kəsi banka pul qoymağa həvəsləndirmir. Gərək əlində böyük vəsait ola ki, faizlə artım səni qane edə. Banklar bağlana bilər, banklarda olan əmanət bankın bağlanması ilə itmir. Faiz azlığı insanların banklara əmanət qoyması üçün stimul vermir”.

İqtisadçı-ekspert Azər Mehdiyev deyir ki, heç bir bank sığortalanmayıb ki, ona əmanət qoysa, bağlanmayacaq:

“Ölkənin bank sisteminin müəyyən problemləri siyasi amillərə bağlılığı ilə özünü göstərir. İkinci bir məsələ isə banklar sanki rəqabətyönlü səviyyədə deyil, məqsədyönlü şəkildə sıradan çıxarılır. Amma yenə də bankda hesab açıb, əmanət yerləşdirərkən bankların durumuna baxmaq və müştərilərin tələblərini vaxtında yerinə yetirən bankları seçmək lazımdır”.

“Mediapost.az” saytının iqtisadiyyat yazarı Xeybər Heydərov böhran dönəmində ən yaxşı üsulun pulun nağd şəkildə saxlanılması olduğunu deyir:

“Bütün dünyanı cənginə alan koronavirus pandemiyası əksər ölkələrdə olduğu kimi Azərbaycanda da maliyyə sektoruna təsirsiz ötüşməyib. Belə ki, ölkəmizdə fəaliyyət göstərən bəzi bankların maliyyə göstəricisi “ürək açan” olmadığı halda pandemiyanın yaratdığı fəsadlar da bir tərəfdən belə banklara zərbə oldu. Belə ki, bunun məntiqi nəticəsi olaraq Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin etdi. Bütün bu baş verənlər müəyyən qədər əsaslı olaraq əhalinin ölkə banklarına inamını azaltdı. Onsuz da 2015-ci ildə ardıcıl baş verən iki devalvasiya və 2016-cı ildə 6 bankın lisenziyasının ləğv edilməsi bank sektoruna ciddi ziyan vurmuşdu. Hesab edirəm ki, banklara inamın qorunması üçün bağlanan banklardakı əmanətlərin köçürüləcəyi agent bankda saxlanılması üçün, əmanətçilərə müəyyən güzəştlər olmalıdır. Belə ki, Mərkəzi Bankın təqdim etdiyi statistikaya baxsaq görərik ki, son bir ayda banklara qoyulan əmanətlər 442,7 milyon manat və ya 5,1% azalıb. Hansı bankın daha etibarlı olması üçün vətəndaşlara tövsiyə edərdim ki, daim medianı izləsinlər. Əsasən də onlayn medianı təqib edib, analizlər etmək lazımdır. Belə saytlara misal olaraq çalışdığım “MediaPost” agentliyni nümunə göstərə bilərəm. O ki, qaldı hansı banka əmanət yatırmağın daha etibarlı olması sualına, qeyd etmək istərdim ki, böhran dönəmlərində ən etibarlı hal, pulun likvid olmasıdır. Yəni nağd şəkildə saxlanılmasıdır. Bu zaman yaranacaq münbit vəziyyətdən tez və səmərəli istifadə etməklə faydalanmaq olar”.

“Abc.az” maliyyə portalının redaktoru Elmir Murad deyir ki, ölkədə banklara güvən olmalıdır:

“Təbii ki, ölkədə hər dəfə bank və ya kredit qurumunun bağlanması insanlarda biraz narahatlıq yaradır. Banklara, maliyyə qurumlarına olan inam sarsılır. Amma bankın bağlanması da, yenisinin açılması da normal haldır. Əgər kapitalizm dövründə yaşayırıqsa, onun standartlarını qəbul ediriksə, belə halları da normal qarşılamalıyıq. Çünki hər sahədə olduğu kimi bank sektorunda da rəqabət var. Hansısa bank bu rəqabatə duruş gətirə bilir, hansınınsa maliyyə durumu buna imkan vermir. Azərbaycanda kifayət qədər sağlam banklar var. Açığını deyim mənim tanıdığım xeyli insanın bir sıra banklarda hazırda əmanəti var. Onların əksəriyyəti də bank sektorundakı vəziyyətə yaxşı bələd olduqları üçün pullarını onlara etibar ediblər. Bununla yanaşı Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu fəaliyyət gəstərir. Bu fond məhz həmin əmanətlərin qarantı rolunda çıxış edir. Yəni hər hansı bank bağlanarsa və ya problemi yaranarsa, adıçəkilən fond müştərilərin pulunu qaytarmağa borcludur və qaytarır. Ona görə də mən Azərbaycanda insanların rahat şəkildə banklara əmanətlərini yatırmalarında problem görnürəm. İnsanlar banklara etibar etməlidir. Etibar, güvən olmasa, nə banklar fəaliyyət göstərə bilməz, nə də maliyyə sektoru inkişaf edə bilməz. Təbii ki, burada bankların da üzərinə böyük yük düşür. Onlar da bundan sonra insanlarla daha aktiv işləməli və müştərilərin daha çox etibarını qazanmalıdırlar”.

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …