Ana səhifə / Sosial / İqtidar-müxalifət görüşü niyə yubadılır?

İqtidar-müxalifət görüşü niyə yubadılır?

Mirmahmud Mirəlioğlu ləngimənin səbəbindən danışdı

Son iqtidar-müxalifət görüşünün keçirilməsindən iki aydan çox vaxt ötür. Üçüncü görüşün aprel ayında olacağı deyilsə də, göründüyü kimi, mümkün olmadı. Sonuncu görüşdə iki aydan bir tədbirin təşkil olunması barədə qərar qəbul edilmişdi.

Müxalifət tərəfdən görüşün təşkil edilməsində əlaqələndirici funksiyanı yerinə yetirən KXCP sədri Mirmahmud Mirəlioğlu tədbirin yubadılmasından danışdı: “Görüşün nə üçün keçirilməməsi ilə bağlı bir söz söyləmək çətindir. Bu, Prezident Administrasiyasının işidir. Ora ilə maraqlansanız, daha yaxşı olar.  Biz görüşə hazırıq. Ola bilsin ki, sabah məlumat versinlər, bir-iki günə görüş olacaq. Əli Həsənovun özü iki aydan bir görüşün təşkil olunmasının məqsədəuyğun olması barədə məlumat vermişdi. Amma nədənsə yubadılır. Görüşün nə zaman olacağı barədə bizdə də hər hansı məlumat yoxdur. Çünki əlaqə saxlamayıblar. Ola bilər ki, Avropa Oyunları ərəfəsində hansısa bir planları olsun. Təkliflərimiz hazırdır. Mövzular üzərində işləyirik.
Bu barədə indidən mətbuata məlumat vermək düzgün olmaz. Amma söz verirəm ki, görüş günü müəyyən olunan kimi, mətbuata təkliflərimiz haqda açıqlama verəcəyik. Birinci görüşdə iki partiyanın iştirakı ilə bağlı bəzi müzakirələr var idi. İkinci görüşdə bunu həll etdik. Siyasi məhbusların müzakirəsi bizim üçün daim aktual olub. Əfvlə bağlı dəqiq bir məlumat yoxdur. Gah mayın 10-da, gah da 28-də əfv olacağı deyilir. İndi görüş baş tutarsa, bu məsələlərin müzakirə olunması istisna edilmir”.
KXCP sədri iqtidarla görüşə gedən partiya sədrlərini tənqid edənlər barədə də danışdı: “İnsan doğru bildiyi işdə sona qədər getməlidir. İndiki şəraitdə hesab edirik ki, bu doğru addımdır. Keçirdiyimiz iki görüşün müsbət nəticələri olub. Hər iki görüşdən sonra əfv sərəncamı verilib. Az sayda olsa da, siyasi məhbuslarımızın bir qismi azad oldu. Kiminsə fikirlərinin önəmi yoxdur. Kimin doğru addım atdığını zaman göstərəcək. Əslində üçüncü iqtidar-müxalifət görüşünün baş tutmamasına səbəb də bu qüvvələrdir. Yarışlardan öncə görüşün baş tutması daha yaxşı olar. Amma yenə deyirəm ki, hər şey onlardan asılıdır. Hazırda ölkədə seçki mühiti yoxdur. Hər şey Avropa Oyunlarına yönəlib. Bu bir reallıqdır. Düşünürəm ki, seçki mühiti yarışlardan sonra start götürəcək”.
Qeyd edək ki, ilk iqtidar-müxalifət görüşü ötən il dekabrın 12-də, ikinci görüş isə fevralın 12-də baş tutub.

 

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın