Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İqbal Ağazadə: “Müxalifət artıq yorulub və möcüzələr gözləyir”…

İqbal Ağazadə: “Müxalifət artıq yorulub və möcüzələr gözləyir”…

Millət vəkili İqbal Ağazadə: “Demokratiya artıq əvvəlki illərdə olduğu kimi, xalq hakimiyyəti məsələsi deyil”

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat” qəzetinin qonağı olub və noyabrda gözlənilən seçki prosesi, regiondakı durumla bağlı qəzetin suallarını cavablandırıb.

– İqbal bəy, seçkiyə bir neçə ay qalır, ancaq ölkədə seçki atmosferi yoxdur. Bunun səbəbi nədir?

– Bütün hakimiyyətlər çalışır və arzu edir ki, seçki marafonu sakit keçsin. Seçki kimi böyük siyasi teatrı normal müstəviyə iqtidarlar gətirir. Lakin Azərbaycan hakimiyyəti bu gün fərqli durum yaradıb. Azərbaycan müxalifəti də bunu dəyişməyi bacarmalıdır.

– “Bacarmalıdır” ifadəsini hansı zaman üçün deyirsiz – 2015-ci il üçünmü, yoxsa daha uzun müddət üçün?

– Ümumiyyətlə deyirəm. Müxalifətçiliyin fəlsəfəsi budur. Azərbaycan müxalifəti bu məsələlərdə gecikib və hesab edir ki, siyasi partiyalar və siyasi institutlar qədər də seçici seçkini gözləyir. Yox, belə deyil. Seçicinin qapısına getmək lazımdır. Seçicinin qapısını döymək lazımdır.

– Fayda olurmu?

– Çox faydası var. Seçici onu sayan, onun qapısını döyən, ondan səs istəyən namizədi dəyərləndirir.

– Bəlkə bu siyasi fəallığın olmamasının əsas səbəbi odur ki, seçici kateqoriyası ilə tövsif olunan o əsas faktor seçkinin nəticələrinə, yəni səsvermənin nəyisə dəyişəcəyinə inanmır?

– Hakimiyyətin siyasətində bu xətt çox qabarıq keçir ki, seçici prosesdə iştirak etməsin. Seçiciyə hər zaman ilk mesaj bu olub – sən nə seçmirsən, nə də seçilmirsən. Seçən də mənəm, seçilən də mənəm. Bu prosesdən sonra seçici kənara çəkilib və meydanda iki qrup qalıb – iqtidar və müxalifət qrupu. İqtidar və müxalifət qrupunun ortada qaldığı yerdə iqtidar qrupu hər zaman qalibdir. Niyə qalibdir? Ona görə ki, onun inzibati və digər resursları müxalifətin resurslarından üstündür. Müxalifətin resurslarından üstün olduğuna görə də o, hər zaman udur. Ona görə hakimiyyət çox maraqlıdır ki, meydanda xalq yox, qruplar qalsın. Müxalifət də bu müstəviyə çıxmağa məcbur olur. Baxın, siyasi partiyalar hələlik seçkidə namizədlərini müəyyən etməyiblər, hamı hələ bunu söz olaraq deyir.

– Hamı, yəni siz də?

“Azərbaycan hakimiyyəti manevr edərək bu mürəkkəb situasiyada hər kəsdən bir az məsafəli dayanıb, hakimiyyətini və ona gələcək problemləri ertələmək istəyir”

– Bu gün Azərbaycanın siyasi institutları içərisində bir istisna var – Ümid Partiyası və “125-lər” Siyasi Klubu.

– Ümid Partiyası əslində o qədər fəal görünür ki, kənardan baxanlar düşünür, bu insanlar bu qədərmi sadəlövhdür, seçkiyə inanırlar? 

– Gəlin, onda bir qədər  keçmişə qayıdaq. 1988-ci il prosesləri başlayanda xalq o qədərmi sadəlövh idi? Biz prosesə qatıldıq, müstəqillik istədik, SSRİ-nin dağılacağına ümid etdik, müstəqil dövlətin yaranacağına ümid etdik. Prosesi biz ona qatılaraq yaratdıq. İndi Azərbaycan müxalifətinin çox böyük bir qismi həddən artıq yorulub və möcüzələr gözləyir. Bu kəsim bir az da sosial şəbəkə macəraçılarıdır. Bütün güclərini buna yönəldiblər.

– Yəni real siyasətdən virtual aləmə keçiblər…

– Bəli.

– Siz burda fayda görmürsünüz?

– Qətiyyən.

– Facebookda Azərbaycan vətəndaşlarının böyük bir hissəsi toplanıb. 1 milyona yaxın azərbaycanlı bu sosial şəbəkədədir. 

– Aktiv siyasi status yazan, siyasi mövqe ifadə edən 300-dən çox adam yoxdur.

– 300?

– Bəli, 300. Biz bunu tədqiq etmişik. Siyasi proseslərə bu qədər az adam münasibət bildirir. İsrarla, iddia ilə deyirəm, siyahını da çıxara bilərəm. 250-300 nəfər saxta profillər açaraq sayı 1000-1500-ə çıxarırlar. Bundan o tərəfi yoxdur. Bu reallıqdır. İnsanları siyasətə gətirməyin yolu başqadır.

– Nədir?

– Azərbaycan müxalifəti taktiki yöndən bütün cəbhələrin hamısında yanlış istiqamət tutub. Məsələn, insanlar radikallıqdan danışır, radikal çıxışlar edir; əməlləri isə onun tam tərsi olur. Bilirsizmi bu nəyə bənzəyir? Hakimiyyətin də ritorikasında bu var – “lazım gəlsə, biz İrəvana qədər gedib çıxa bilərik”. Azərbaycan müxalifəti də nələrsə deyir. Amma ortada heç nə yoxdur. Seçici bunu görür və deyir ki, bu, sadəcə sözdür. Seçici görsə ki, siyasilər dedikləri sözün ardınca gedirlər, deyilən sözün reallaşması üçün proses aparırlar, seçici onlara dəstək verər. Ancaq seçici bunu görmür. Bundan başqa, radikallıq bu gün, xüsusən son 6-7 ildə, istər Yaxın Şərq regionunda, istər postsovet ölkələrində çox böyük problemlər yaradıb. Seçici üçün də, vətəndaş üçün də, ölkə üçün də, milli maraqlar üçün də… Fəaliyyəti bunun üzərində kökləyərək seçicini qazanmaq mümkün deyil. Musavat.com-un “Kimə səs verəcəksiniz” videoreportajında bir məqam vardı, bir şəhər sakini dedi ki, başqa ölkələrə baxanda biz sakit yaşayırıq, nəyimiz kəmdi, elə bu şəkildə də gedək… İnsanları qorxutmaq olmaz. Çünki insanlar onsuz da proseslərdən qorxur. Həm siyasi proseslərdən, həm də Yaxın Şərqdə və postsovet ölkələrində baş verən proseslərdən qorxurlar.

– Həmin məkanlardakı qarışıqlıq Azərbaycana da keçə bilərmi? Bu qorxunun əsası varmı?

– Hər şey ola bilər.

– Amma Azərbaycanda radikal-dini müxalifət yoxdur…

– Azərbaycanda dini müxalifət yoxdur, radikallığın elementləri fərqlidir. Ancaq Azərbaycanda müxalifət xalqı siyasətə cəlb edə bilmədiyinə görə başqa təbəqə xalqı prosesə cəlb edə bilər. Siyasi institutların ortada olmadığı yerdə hökmən nələrsə ortaya çıxacaq.

– Sizcə, bunu hakimiyyət texnoloqları hesablamırmı?

– Hakimiyyət texnoloqları hələlik indiki cari durumu hesablayır – Ukraynada proses baş verir, biz ondan kənarda qalaq, Yaxın Şərqdə proses baş verir, biz ondan kənarda qalaq.

– Qala bilirlərmi?

– Hələlik qalırlar.

– Bunu uğurlu sayırsızmı?

– Uğurlu saymıram, keçici sayıram. Keçici uğurlar var. Lakin bu davamlı uğur olacaqmı? İqtisadiyyatın tempi aşağı düşür, manatın dəyəri aşağı düşür, sosial-iqtisadi durum geriləməyə doğru gedir. Bütün bunların fonunda bu susqunluq nə qədər davam edə bilər? Yaxud manevrlər Azərbaycan hakimiyyətinə nə qədər şans verə bilər? Bir dəfə sizə müsahibə vermişdim, ordakı fikirlərə görə tənqid olunmuşdum; deyirdilər, İqbal Ağazadə görmürmü ki, Azərbaycan hakimiyyəti Rusiyanın yanında dayanıb? Mən cavab verdim ki, xeyir, görmürəm, belə elementlər yoxdur.

“Azərbaycanda dini müxalifət yoxdur, radikallığın elementləri fərqlidir. Ancaq Azərbaycanda müxalifət xalqı siyasətə cəlb edə bilmədiyinə görə başqa təbəqə xalqı prosesə cəlb edə bilər”

– İndi də o fikrinizdə qalırsınızmı?

– Əlbəttə. Azərbaycan hakimiyyəti Rusiyanın yanında olmayacaq. Şəxsi maraqlardan dövlət maraqlarına qədər, heç bir göstərici buna imkan vermir.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın