Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İntihar edən tələbənin atası – “Oğlumu öldürüblər”

İntihar edən tələbənin atası – “Oğlumu öldürüblər”

Ötən ay Bakıda kirayə yaşadığı mənzildə intihar edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədlinin atası Şahin Səmədli oğlunun qəsdən öldürüldüyünü iddia edib.
Masallıda yaşayan və bu rayonda ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Şahin Səmədli övladının ölümündə müəmmalı məqamların olduğunu deyib. O, sosial şəbəkə səhifəsində hadisə barədə yazıb: “Oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu, Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olmuşdu. 2019 -cu ildə buraxılış imtahanından maksimum 300 bal toplamışdı. Yaşının az olmasına baxmayaraq, öz istedadı, savadı ilə tanınmışdı.

Oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapılmışdı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyirdi. Yəni onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın? Həmin gün fakültənin dekanlığından praktika üçün arayış alıb. Xaricdə magistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçmişdi, ikincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportu götürmək üçün ASAN Xidmətə müraciət etmişdi. 4 gündən sonra əmisi oğlunun toyunda iştirak etmək üçün rayona gəlməyə hazırlaşırdı. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etdi?”

Şahin Səmədli məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. O, hələ də cinayət işi açılmadığını bildirərək Nizami Rayon Prokurorluğuna qarşı ittihamlar səsləndirib.

Xatırladaq ki, Şəhriyar Səmədlinin oktyabrın 7-nə keçən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asdığı haqda məlumat yayılmışdı. Onun meyiti saat 01 radələrində aşkar edilib. 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Atanın iddiaları ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanlamışıq.(qafqazinfo)

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …