Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / İnternetin sürətinə görə Hondurasdan sonrayıq – niyə?

İnternetin sürətinə görə Hondurasdan sonrayıq – niyə?

Azərbaycan hər il sürəti artan qlobal internet şəbəkəsi ilə ayaqlaşa bilmir. “Wisevoter.com” saytı ən sürətli internetə sahib ölkələrin siyahısını açıqlayıb.  Göstəricilərə əsasən, Azərbaycan ən sürətli internetə sahib ölkələrin siyahısında 35.7 Mbps orta sürətlə 124-cü yerdə qərarlaşıb. Maraqlı məqam ondan ibarətdir ki, sıralamada Madaqaskar 119, Qvatemala 122, Honduras 123-cu yerdə qərarlaşıb.

Ekspertlərə görə, qlobal reytinqlərdə geri qalmağımızın əsas səbəbi regionlarda internetin zəif olmasıdır. Qeyd edək ki, 2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir. İnternet niyə zəif, niyə bahadır?

Fərhad Mirəliyev: Siz elə bilirdiniz ki, bu razılaşmaya qədər Whatsapp  istifadəçi məlumatı toplamırdı?

Fərhad Mirəliyev

İKT üzrə mütəxəssis Fərhad Mirəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu, infrastrukturla bağlı yaranan problemlərdir: “Ölkədə yüksək sürətli interneti təmin edəcək infrastruktur hələ də təmin edilməyib. Hamısı bundan irəli gəlir. Misal üçün, fibroktik kanallarla internet istifadəçilərini təmin etmək üçün böyük yatırımlar tələb edən böyük infrastruktur tələb olunur. Bu yatırımlar da lokal qaydada provayderlər tərəfindən həll edildikdən sonra da internetin qiymətinə öz təsirini göstərir. Xüsusən də rayonlarda, yaxud da Bakı ətrafı bölgələrə nəzər salsaq, görərik ki, kifayət qədər işlənilməyən yerlər var ki, hazırda həmin yerlərdə iş gedir. Amma rayonlarda bu iş zəif gedir. Çünki əhalinin özünün də informasiya texnologiyaları baxımından Bakı şəhərində olduğu kimi deyil. Yəni provayder ora böyük məbləğdə yatırım etdikdə fikirləşir ki, onun yatırımı müəyyən yerə qədərdir. Çünki o, böyük məbləğdə yatırım etsə, qoyduğu investisiyanın geri qaytarılması zaman olaraq çox uzun çəkəcək, məbləğ olaraq çox cüzi gəlir əldə edəcək. Xeyli müddət də gözləməli olacaq. Ona görə kəndlərdə, qəsəbələrdə yüksək internetin əsası olan optik internet olmadığına görə də biz geriləyirik”.

Ekspert hesab edir ki, yerli icra nümayəndələri, bu işlə birbaşa məşğul olan aidiyyəti qurumlar müəyyən stimullaşdırıcı tədbirlər görməlidir: “Tutaq ki, hansısa kabel çəkilişi, yaxud qovşağın yaradılmasını təşkil edə, müəyyən bir infrastruktur qurulmalıdır, onun müəyyən hissəsini dövlət qurumları öz üzərinə götürə bilər. Misal üçün, bu kəndin müəyyən yerinə qədər o qurum qovşaq yaradır, amma abonentlərə paylamaq, infrastrukturu yaratmaq digərinə həvalə oluna bilər.”

F.Mirəliyev internet qiymətlərinin baha olmasına da fikir bildirdi: “İnternetin maya dəyərinə təsir edən amillər var. Mənim statistikaya birbaşa çıxışım olmadığına görə deyə bilmirəm ki, trafikin baha olmasına hansı amil təsir edir. Orada ən çox çəkiyə hansı amil malikdir, tutaq ki bu internetin infrastrukturu ilə bağlıdırmı, peykdənmi gəlir deyə baha çıxır, yerüstü gəlirmi, yaxud dənizin altı ilə gəlir və sairə. Razılaşıram ki, bahadır. Yəni bu detallı incələmə tələb edir. Bunu müəyyənləşdirib, fikir bildirmək, ya da uyğun alternativ yollar axtarmaq olar”.

Yeri gəlmişkən, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib ki, ölkəmizdə internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50% artaraq 26.3 Mbps təşkil edib. 2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir.

Osman Gündüz — Vikipediya

Osman Gündüz 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə bildirir ki, nazirlik 2024-cü ilin sonuna qədər minimum 25Mbit/s internet sürəti ilə bütün ölkə üzrə internet məsələsini birdəfəlik həll etməyi hədəfləyib: “Müşahidələr göstərir ki, bu istiqamətdə ciddi işlər aparılır, hələlik görülən işləri qənaətbəxş hesab etmək olar. Amma problemlər də var. Bəzən  podratçılar kabelləşmə işini aparsalar da, uzun müddət, hətta bir neçə ay istifadəçiləri şəbəkəyə qoşa bilmirlər, yəni son anda problem həll olunmur. Bəzi hallarda podratçıların işlərində məsuliyyətsiz yanaşmalar görünür. Bir çox bölgələrdə isə ümumiyyətlə bu istiqamətdə işlərə başlanmayıb. Apardığımız müşahidələr həm də onu deməyə əsas verir ki, bölgələr üzrə rəqəmsal torpaq kadastr xəritələrinin olmaması da prosesləri xeyli ləngidir. Torpaq mülkiyyətçiləri ilə problemlər, bəzi yerli qurumların dəstəyinin yetərli olmaması da ləngimələrə səbəb olur. Ümid edirəm və inanıram ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bütün resurslarını səfərbər edib vədini yerinə yetirə biləcək. Əslində prosesi sürətləndirmək üçün özəl provayderlər də layihəyə cəlb edilib. Yalnız yeraltı deyil, yerüstü GPON şəbəkəsinin qurulmasına, əlavə resurslardan, elektrik dirəklərindən də istifadəyə qərar verilib. Ötən müddət ərzində təkcə “Aztelekom” operatoru Bakı ətrafında, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə, çoxsaylı podratçıları layihəyə cəlb etməklə GPON və digər genişzolaqlı internet infrastrukturunu qurmağa başlayıb. Digər özəl provayderlər də Bakıətrafı və regionlarda bu istiqamətdə işlər aparırlar. Müşahidələr göstərir ki, ötən müddətdə əvvəlki illərlə müqayisədə keyfiyyətli internetə əlçatanlıqla bağlı hədsiz çox işlər görülüb. Nazirliyin operatorları, həmçinin dövlət-özəl tərəfdaşlıqla çalışan özəl provayderlər təkcə 2021-2022-ci il ərzində birgə 422 min müştərini GPON və digər texnologiyalarla sürətli internet şəbəkəsinə qoşub. Yalnız Bakı ətrafında 200 mindən çox istifadəçi üçün keyfiyyətli internetə əlçatanlıq təmin edilib. Bu, hətta son 5 il ərzində bu tip internet xidməti ilə təmin olunanların sayından dəfələrlə çoxdur”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …