Bazar , Yanvar 23 2022
Ana səhifə / Sosial / İnsanları zəhərləyən spirtli içkilər – saxta məhsulları necə tanıyaq?

İnsanları zəhərləyən spirtli içkilər – saxta məhsulları necə tanıyaq?

Bayram günlərində (31 dekabrdan 5 yanvaradək) təkcə paytaxt Bakıda zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub. Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata bildirilib. Məlumata  görə, müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan birinin (qadın) həyatını xilas etmək mümkün olmayıb.

İlkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbi ilə müraciət edib.

Müraciət edən digər 36 nəfərdə isə zəhərlənmə faktı qeydə alınmayıb.

Göründüyü kimi, bayram günlərində adəti üzrə yenə də daha çox alkoqollu içkilərdən zəhərlənmə müşahidə olunub.

Təbii ki, alkoqollu içkilərdən zəhərlənmə səbəbi demək olar ki, hər zaman saxta içkilərlə bağlı olur.

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da saxta spirtli içkilər mövcuddur. Heç də gizlin deyil ki, müxtəlif iaşə obyektlərində  Rusiya arağı adı altında gizli sexlərdə hazılanmış saxta məhsullar satılır. Hətta kustar üsulla hazırlanan keyfiyyətsiz və təhlükəli araqların və yaxud digər spirtli içkilərin üzərinə məşhur markaların vurularaq baha qiymətə satılması faktları da var. Etiketləri ayırd etmək mümkündür, saxta etiketlər tam dəqiq, düz vurula bilmir, keyfiyyəti fərqlənir. Mütəxəssislər bildirirlər ki, kustar üsulla, ev şəraitində hazırlanan məhsulun butulkasında, boğaz hissədə, qapağın yerləşdiyi yerdəki boşluq xəttində üzük formasında maska deyilən iz qalır, buna səbəb isə  məhsul hazırlanarkən təmizlənmiş sudan istifadə edilməməsidir. Adi suyun tərkibində duz olduğuna görə orada iz buraxır. Zavod şəraitində isə su tamamilə duzdan təmizləndiyinə görə həmin iz qalmır, keyfiyyətli arağın rəngi ağ olur, aseton iyi verməməli, iyindən bilinməlidir.

Eyyub Hüseynov: “Əmtəə bazarında qaçaq yolla gətirilmiş siqaretlər var”

Eyyub Hüseynov 

Eyyub Hüseynov: “Brend dükanlarda, restoranlarında belə dünyanın ən məşhur markalarının saxta spirtli içki variantları mövcuddur”

 Mövzu ilə bağlı “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb: “Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vaxtaşırı olaraq saxta içkiləri müəyyən edir, ifşa edir, insanlar həbs olunur. Qurumun apardığı iş göstərir ki, brend dükanlarda, restoranlarda belə dünyanın ən məşhur markalarının saxta spirtli içki variantları mövcuddur. Təəssüflər olsun ki, heç bir dövlət orqanı keyfiyyəti yoxlamır.

Məlum olduğu kimi, spirtli içkilərin böyük əksəriyyəti təhlükəlidir. “Azad İstehlakçılar” Birliyi olaraq hər zaman qeyd edirik ki, spirtli içkilərin də digər məhsullar kimi yaralılıq müddəti var. Məsələn, araqların yaralılıq müddəti bir ildən artıq deyil və yaxud konyaklar 3 il, şərabların isə 6 aydan artıq yararlılıq müddəti var. Lakin ölkənin əmtəə bazarında dəfələrlə apardığımız monitorinqlərdə şahidi olmuşuq ki, spirtli içkilərin demək olar ki, 90 faizinin üstündə yaralılıq müddəti yazılmayıb. “Spirtli  içki uzun müddət qalanda daha yaxşı olar” anlayışı xüsusi şəraitdə, xüsusi qablarda, temperaturda saxlanılan məhsullardan gedir söhbət.

Spirtli içkinin yararlılıq müddəti bitdikdən sonra onun tərkibindəki sivuş yağlarının miqdarı getdikcə artır və insanlar da bundan zəhərlənə bilir.

Beləliklə, insanların sağlamlıqlarının qorunması üçün bu sahədə daha  ciddi işlər görülməlidir. Biznes qurumları üçün elə bir rahat şərait yaradılıb ki, onlara toxunmaq, yoxlamaq olmaz və onlar da bundan istifadə edərək zərərli spirtli içkilər hazırlayırlar.

Bu baxımdan istehlakçılar spirtli içkilər alarkən onun üzərindəki yaralılıq müddətinə, markasına mütləq  şəkildə baxmalı, diqqət etməlidir. Məsələn, bugünlərdə qurumunuza bir araq gətirilmişdi, üstü tam Ukrayna dilində markalanmışdı, çox kiçik bir yerdə Azərbaycan istehsalı olduğu yazılmışdı. Yəni istehlakçıları aldadan jestlərə yol verilir”.

Eyyub Hüseynov qeyd etdi ki, saxta içkilər xarici ölkələrdən də Azərbaycana gətirilir. Və bu da bəzi hallarda ölümlə nəticələnir, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur.

Bəs saxta spirtli içkilər necə hazırlanır?

Normal şəraitdə spirtli içkilər etil spirti ilə hazırlanır. Ancaq bəzi işbazlar daha çox qazanmaq məqsədilə içkiləri metil spirti ilə hazırlayırlar. Metil spirti isə zəhərlənməyə səbəb olur. Çünki metil spirti antifriz, şüşə təmizləyən məhlullar, boyanı durultmaq üçün nəzərdə tutulmuş vasitələr və bu kimi maddələrin hazırlanmasında istifadə edilir. Yəni metil spirti daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb. Metil spirtinin daxilə qəbul edilməsi zəhərlənməyə səbəb olur. Metil spirti bədəndə metobolizma nəticəsində formaldehid və formik turşuya çevrilir. Zəhərlənmə isə formik turşusunun yaratdığı asidozla əlaqəlidir. Asidoz nəticəsində sinirlər zədə görür və bununla əlaqəli korluq və yaxud ölüm baş verir.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov: “Vətəndaşlara tövsiyə olunur ki, güvənmədikləri içkini, yeməyi qəbul etməsinlər”

Ancaq bəzən metil spirti metobalizmaya uğramır və bu zaman sadə sərxoşluq müşahidə edilir. Metil spirtinin səviyyəsi 20 milliqram – 100 ml -dən yüksək olan zaman zəhərli hədd hesab edilir. 100 ml-40 ml olduqda bu ciddi problemlərə yol açır. 100 ml-80 milliqram olduğu zaman isə ölüm baş verir. Yəni qısacası içilən metil spirtinin miqdarından asılı olaraq 4-15 ml korluğa, 15-100 ml ölümə səbəb olur.

Bəs zəhərlənmənin əlamətləri hansılardır və ilk hansı tədbir görülməlidir?

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov bu haqda danışıb: “Zəhərlənmələr bir sıra məsələlərlə bağlı olur. Məsələn, qidaların hazırlanmasında, inqridentlərin saxlanılmasında yol verilən nöqsanlar zamanı. Bu baxımdan iaşə müəssisələri və vətəndaşlar bu məsələlərdə diqqətli olmalıdırlar”.

Həkim zəhərlənmənin əlamətlərindən də söz açıb:

“Zəhərlənmənin ilkin əlamətləri bunlardır: halsızlıq, ürəkbulanma, mədə-bağırsaq pozuntusu, temperaturun qalxması. Bu kimi şikayətlər olarsa zəhərlənmə əlaməti kimi şübhələnmək olar.

Amma bu əlamətlərin başqa səbəbləri də ola bilər. Məsələn, şəxs soyuqlamış ola bilər və yediyi qida da ağır olarkən bu zaman da zəhərlənməyə bənzər simptomlar baş verə bilər.

Bunun üçün də ilk növbədə diqqət etmək lazımdır ki, qidanı qəbul edərkən onun dozasına nəzər yetirilsin, çox qida qarışdırılmasın. Mümkün qədər spirtli içki qəbul etməmək tövsiyə olunur. Lakin qəbul olunarsa, cüzi doza ilə qəbul etmək lazımdır. Və ən əsası, vətəndaşlara tövsiyə olunur ki, güvənmədikləri içkini, yeməyi qəbul etməsinlər. Əlbəttə ki, hər hansı  bir şikayət olarsa, mütləq şəkildə həkimə müraciət olunmalıdır və bu ən düzgün yoldur”.

Həmçinin oxuyun

Təqaüddə olan hərbçilər pensiyalarının azaldılmasına görə nazirliyi ittiham edirlər

Hərbi təqaüdçülər – ehtiyatda olan hərbçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək pensiyaları …