Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “İnsanlarda laqeydlik var, vaksinlərə ciddi yanaşmırlar” – İnfeksionist

“İnsanlarda laqeydlik var, vaksinlərə ciddi yanaşmırlar” – İnfeksionist

Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı durmadan artır. Artıq Avropada koronavirus infeksiyasının üçüncü dalğasının başlandığı deyilir. Yeni epidemiya COVİD-19 mutasiyaları və zəif vaksinasiya kampaniyası ilə əlaqələndirilir. “COVİD pandemiyasının üçüncü dalğası hazırda Avropanın əksər hissəsində sürətlə yayılır. Nəticə olaraq peyvənd kampaniyalarının ləngliyində boğulan bir çox ölkələrdə infeksiya nisbətlərində və hadisələrin sayında kəskin artımlar müşahidə olunur”, – deyə “The Guardian” yazır. Qəzet bəzi ölkələrin yenidən sərt təcridetmə tədbirləri və komendant saatı tətbiq etdiyini açıqlayıb.

Məsələn, İtaliyanın və Fransanın əksər şəhərlərində yenidən qapanmaya başlanılıb. Epidemiya və ölüm sayının artdığı Almaniya, Polşa, Macarıstan və Çex Respublikası səlahiyyətliləri tərəfindən də bildirilir. Bu ölkələrdə mağazalar, iaşə müəssisələri və məktəblər bağlanır. Səhiyyə rəsmiləri vəziyyətin yaxın həftələrdə daha da pisləşəcəyi barədə xəbərdarlıq edirlər.

Bundan əvvəl elm adamları Rusiyada üçüncü koronavirus dalğasının payızda gözlənildiyini bildirmişdilər. RT bildirir ki, həkimlər yoluxmanın artmaması üçün əhaliyə peyvənd edilməsini tövsiyə edir.

Azərbaycanda da son günlər koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Yaxın günlərdə sərt karantin rejiminin tətbiq olunacağı barədə fikirlər də bildirilir. Bəzi ekspertlərsə, artımın səbəbini bizdə də peyvəndləmə prosesinin ləng aparılması ilə əlaqələndirirlər.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyir ki, koronavirusa yoluxanların sayı artır: “Mart ayı bayramlar ayıdır. İnsanların bir-birinə get-gəl etməsi, qapalı məkanlara daha çox üz tutması səbəbindən yoluxanların sayında artımın olması gözlənilən idi. Keçən həftə iki yüz idi, artıq bu həftədən bu say 600 nəfər oldu. Qardaş ölkə Türkiyədə də artıb, Almaniyada, digər Avropa ölkələrində də artım müşahidə edilir. Təbii ki, ilin son aylarıdır. Qış aylarıdır, mövsümi xəstəliklər çox olduğu üçün bu ayda daha çox yoluxmalar müşahidə edilir. O ki qaldı sərt karantin rejimi ilə bağlı məsələyə, inanmıram ki, 600-700 nəfərlə sərt karantin tətbiq olunsun. Hazırda vəziyyət stabildir və nəzarət altındadır. 600-700 ciddi göstərici deyil, amma insanların düşünməsi üçün yetərlidir. Qarşıdakı bayram günlərində daha ciddi olmalıyıq,  profilaktik tədbirlərə daha çox  riayət etməliyik ki, artım  baş verməsin. Bayramda insanlar qaydalara riayət etməsə, ola bilər ki, sərt karantinlə bağlı addımlar atılsın”.

Yoluxub xəstəliyi ağır keçirməkdənsə, vaksinasiya olunub özünüzu qoruyun Vüqar  Cavadzadə - İki sahil

Vüqar Cavadzadə

İnfeksionist ölkəmizdə vaksinasiya prosesinin ləng getməsi ilə bağlı deyilənlərə də münasibət bildirib: “Azərbaycanda vaksinasiya könüllü olduğu üçün insanlar burada könüllü iştirak edirlər. Hesab edirəm ki, insanlar bir az zəif iştirak edirlər. Bu günə kimi 450 min insan vaksinasiyada iştirak edib. Bu, ümumi əhalinin 4.5 faizi deməkdir. Bu da az rəqəmdir. Çünki bizdə vaksinasiya yanvar ayının 18-dən başlayıb. Bu gün də artıq martın 15-dir, artıq iki aydır ki, vaksinləmə işləri aparılır. İki ay üçün bu az rəqəmdir. Yenə də deyirəm, bu, hökumətlə  bağlı deyil, o, üzərinə düşəni edib, vaksin gətirib.  Almaniya kimi ölkədə vaksin tapılmır. İnsanlarda laqeydlik var, vaksinlərə ciddi yanaşmırlar. Gərək vaxt itirmədən, vaksinasiya getsin ki, yoluxma sayında da azalmalar müşahidə edək”.

Bu arada məktəblərdə virus sürətlə yayılmaqdadır. Ötən gün də həm rayonlarda, həm də Bakıda  bir neçə məktəb koronavirus infeksiyası səbəbindən  qapadılıb.

Ağdaş şəhərində yerləşən Bəkir Nəbiyev adına tam orta məktəb distant təhsilə keçib. Gəncədə isə iki orta məktəb bağlanıb. Buna səbəb 31 nömrəli tam orta məktəbdə 4 şagirdin, 36 nömrəli tam orta məktəbdə isə 3 müəllimin COVİD-19 infeksiyasına yoluxmaları olub.

Bakıda isə Xətai rayonu 27 nömrəli tam orta məktəbdə  koronavirusa yoluxma qeydə alınıb və təhsil  onlayn qaydada davam etdirilir.

Səhiyyə Nazirliyindən “Yeni Müsavat”a bildirilib ki, bağlanan məktəblərdə dezinfeksiya işləri aparılır.

Koronavirusa yoluxma qeydə alınan məktəblər yoluxma ocağı hesab olunur

Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədovun sözlərinə görə,  məktəbdə infeksion xəstəlik aşkar olunarsa, həmin ərazi ocaqlı dezinfeksiya olunur: “Dezinfeksiyaedici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə edilir. Bu məqsədlə virus və bakteriyaların daha cox yayılmasına səbəb olan yerlər – əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur”.

A.Məmmədovun sözlərinə görə, dezinfeksiyaedici maddələr mikroorqanizimləri, yəni xəstəlikləri virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalıdır, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır: “Təhsil müəssisələrində dezinfeksiya işləri adətən nəm üsulla aparılır. Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmalla silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqlarının partaları, pəncərəaltlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa, istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı məktəblərdə növbələrarası cari dezinfeksiya işləri də aparılmalıdır”.

Baş həkim həmin maddələrin insan sağlamlığına  zərəri barədə də danışıb: “Bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə və yaxud da hər hansı nahiyəmizə təmas etsə, ziyanı ola bilər. Əldə, dəridə qaşınma, qızartı gözdə göynəmə hissi yarana bilər”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …