Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Sosial / “İnsan tək böyrəklə 30 il də yaşayır, 40 il də”

“İnsan tək böyrəklə 30 il də yaşayır, 40 il də”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni açıqlaması ilə gündəmə öz damğasını vurub. 

Nazirlik bir böyrəyi olmayan şəxslərə əlillik verilməyəcəyini açıqlayıb. Bunu həmin şəxslərin tibbi rəyə əsasən insanların tək böyrəklə 30 il yaşaya biləcəyi ilə əlaqələndirib. 

Sözügedən xəbər sosial şəbəkədə etirazla qarşılanıb. İzləyicilər tək böyrəkli insanların sağlam həyat sürməyəcəklərini absurd hesab edərək, nazirliyi, bu qərarı verənləri kəskin tənqid ediblər.

Bununla bağlı Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı Cebhe.info-ya danışıb:

“Bayaq mən mətbuatda oxudum. Sözsüz ki, insan tək böyrəklə 30 il də yaşayır, 40 il də. Mən ailəmizdə buna şahid olmuşam. Amma bir məsələ var də… Bu, o demək deyil ki, böyrəyi olmayana əmək qabiliyyətini itirmiş statusu verə bilməzlər. Elə insan var ki, bir böyrəyi yoxdur, amma gümrahdır, sağlamdır. Əmək qabiliyyətini də itirməyib. Elə insan da var ki, iki böyrəyi var, amma sağlamlığında problemlər, böyrəyində hansısa xəstəliklər var. Əmək qabiliyyətini itirib, sağlamlığı yaxşı deyil”. 

Deputat əlilliyin verilməsi ilə bağlı yeni islahatın olduğunu, yeni sistemə keçildiyini diqqətə çatdırıb. Bu mənada o, hər bir insana bu məsələdə fərdi yanaşılacağını açıqlayıb: 

“Sözsüz ki, Allah insana iki böyrək veribsə, bu, o demək deyil ki, böyrəyin biri ona ehtiyat üçün verilib. Bir böyrəyi xarab olanda o birisini işlədir. Bu, elə deyil. İnsanın iki gözü var. Bu, o demək deyil ki, iki gözü varsa, biri çıxarılırsa, onun sağlamlığı pozulmur”. 

Parlament üzvü bildirib ki, yaradan insana iki göz veribsə, deməli, ona iki göz lazımdır: 

“İki qulaq veribsə, deməli, iki qulaq lazımdır. Allah bilir ki, insana nə üçün iki qulaq lazımdır, nə üçün iki göz lazımdır, yaxud da nə üçün iki böyrək lazımdır. Bir daha qeyd edim ki, insana əlillik dərəcəsi veriləndə, qiymətləndirmə olanda fərdi yanaşacaqlar. Bütövlükdə durumu necədir, tələb olunan suallara sağlamlığı cavab verirmi? Bunlar aydınlaşacaq. Buna belə yanaşılmalıdır. İnkişaf etmiş ölkələrdə də belədir”. 

Həmçinin oxuyun

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor – ARAŞDIRMA

Kənd təsərrüfatı naziri İnam Kərimov müsahibəsində bildimişdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş …