Ana səhifə / Sosial / İmtahanlarda tələbələrə bu güzəştlər ediləcək — VİDEO

İmtahanlarda tələbələrə bu güzəştlər ediləcək — VİDEO

Pandemiya dövrü ilə əlaqədar universitetlər tələbələrə imtahan sessiyalarında tətbiq edəcəkləri güzəştləri açıqlayıblar. Bəzi ali məktəblər sualların sayını azaldıb, bəziləri sualları sadələşdirib,bəziləri isəümumiyyətlə imtahanları ləğv edib…


Bakı Dövlət Universitetində hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək, müvafiq qaydada azaldılıb və sadələşdirilib. Üstəlik, bütün tələbələr maksimal 50 balla imtahana girəcəklər.


Azərbaycan Dövlət İqtisad Universiteti də tələbələrin xeyrinə qərar verib. Universitet dünyanın qabaqcıl ölkələrinin də qatıldığı ey-si-si təhsil proqramına qatılıb nailiyyət əldə etmiş bütün tələbələrini müvafiq fənnlərin imtahanlarından azad edib. Tələbələrə əlavə seçimlər də verilib.


Azərbaycan Tibb Universitetində bütün kurslar üzrə açıq formalı testlər imtahandan çıxarılıb. İmtahanda istifadə olunan bank sualları bütün fənlər üzrə tədris proqramının məzmunu gözlənməklə 30 faiz azaldılıb. Bəzi ödənişli imtahanlar da pulsuz edilib.


Azərbaycan Texniki Universitetində onlayn dərslərdə yüksək fəallıq göstərən, semestrlər üzrə göstəriciləri yüksək olan tələbələri həvəsləndirmək məqsədilə imtahandan azad etmək və ya yüksək bal yazmaq üçün imtahan qəbul edən müəllimlərə səlahiyyət verilib. Bundan başqa, cari qiymətləndirmə zamanı onlayn dərslərdə iştirak edib-etməməsindən asılı olmayaraq, əvvəlki semestrdəki qiymətlər nəzərə alınmaqla bütün tələbələrin hamısına minimum 34 bal, dərslərdə aktivlik göstərən tələbələrə isə daha yüksək balların yazılması təmin edilib.


Nazirlər Kabineti də tələbələrin xeyrinə müəyyən qərarlar qəbul edib. Baş Nazir Əli Əsədovun qərarına əsasən, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan uğurla keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Qeyd edək ki, universitetlərdə imtahanlar iyun ayında başlayıb iyul ayında sona çatacaq.

Həmçinin oxuyun

Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək …