Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “İlqar Məmmədov və Əli İnsanovla bağlı qərarın icrası baş tutacaq”

“İlqar Məmmədov və Əli İnsanovla bağlı qərarın icrası baş tutacaq”

Dekabrın əvvəlində Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Guido Raymondi ilə görüşü olub.
Azinforum.az  “Yeni Müsavat”-a istinadən xəbər verir ki, 2015-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 22-24-də Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarların icra vəziyyətini araşdırmağa başlayıb. Narahatlıq doğuran ölkələr arasında Azərbaycanın da adı var. Komitə hələ ötən il Azərbaycanla bağlı bir neçə qərarın icra vəziyyətini araşdırmağı planlaşdırıb. Onların arasında hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovla keçmiş səhiyyə naziri Əli İnsanov da var.
Avropa Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin həmin qərarına əsasən, İlqar Məmmədov azad olunmalı, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona 22 min avro təzminat ödəməlidir. Amma Azərbaycan hökuməti həmin il avqustun 8-də Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edib. Kollegiya oktyabrın 13-də müraciətə baxıb və onu Böyük Palatanın baxışına verməkdən imtina edib. Bununla da məhkəmənin mayda çıxardığı qərar qəti qüvvəyə minib. Amma bugünədək qərar icra edilməyib.
Avropa İnsan Haqları Məhkəməsi 2013-cü il martın 14-də keçmiş səhiyyə naziri Əli İnsanovun da İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan edilməsi) və 6-cı maddələri (ədalətli məhkəmə çəkişməsi hüququ) ilə zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb və ona 10 min avro həcmində kompensasiya verilməsi barədə qərar çıxarıb. Bu qərar da indiyədək icra olunmayıb.
Avropa Məhkəməsinin qərarları qəbul edildikdən 3 ay sonra icra edilməlidir. İcra yubandıqda, hökumət hər günə görə əlavə faiz ödəməlidir.
Konstitusiya Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti ümumən yaxşıdır. O, bəzi problemlərin olduğunu da gizlətmir: “Avropa Konvensiyası Azərbaycanda ratifikasiya olunub və müvafiq olaraq Avropa Məhkəməsinin qərarları Azərbaycanda icra olunmalıdır. Bu, ölkəmizin üzərinə götürdüyü öhdəlikdir. İndiyə qədər Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarların mütləq əksəriyyətini icra edib. Bəzi qərarların icrasının ləngiməsi də var. Ümid edirəm ki, bu qərarların icrası da baş tutacaq”.
– Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlər əsasən məhkəmələrdə qanunlara əməl olunmaması ilə çıxarılan hökmlərdəndir. Belə hökmlərin çıxarılmasının səbəbi hakimlərin qanunları düzgün tətbiq etməməsidir, yoxsa başqa səbəb var?
– Nəzərə almaq lazımdır ki, Azərbaycandan bu məhkəməyə daxil olan şikayətlərin cəmi 5-6 faizi təmin olunub. Başqa ölkələrdə bu faizlər yüksəkdir. Avropa Məhkəməsinə göndərilən şikayətləri yaradan mübahisə mümkündür ki, kamil olmayan qanunlardan doğsun. Bu da var. Avropa Məhkəməsinin çıxardığı bəzi qərarlarda şəxsin təqsirsizliyi ilə yanaşı, qanunvericilikdə bəzi təkmilləşdirilmələrin aparılması da tövsiyə olunur. Elə hakimlər də var ki, Avropa Məhkəməsnin qərarlarına diqqət yetirmirlər və əvvəllər baş verən səhvlər təkrarlana bilər. Məsələ burasındadır ki, Azərbaycanda çoxpilləli məhkəmə sistemidir. Bir məhkəmənin qərarını digər məhkəmədə asanlıqla qaldırmaq mümkündür. Düşünürəm ki, Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icrasına diqqət yetirməli, ölkəmizlə bağlı çıxarılan qərarlar diqqətlə öyrənilməlidir. Düzdür, bu istiqamətdə Ədliyyə Nazirliyi çox geniş iş aparır, təcrübə mübadiləsi də var. Sadəcə olaraq, hakimlərin məsuliyyətini artırmaq lazımdır ki, daha diqqətli olsunlar.
– Avropa Məhkəməsinin çıxardığı qərarlar üzrə cərimələrin məbləğləri də getdikcə artır. Belə bir vəziyyətdə ölkənin cərimələnməsi ilə nəticələnən qərarların maddi təzminat hissəsinin qanunauyğun olmayan hökmləri çıxarmış hakimlərin şəxsi vəsaitləri hesabına ödənilməsi haqda təkliflər də çoxlamaqdadır…
– Düşünmürəm ki, bu çıxış yoludur. Məhkəmə hər şeydən əvvəl dövlətin adından qərar qəbul edir. Hakimlər qərarları öz adlarından çıxarmırlar. Bu baxımdan, düzgün qərar qəbul etməyən hakimin maddi təzminat ödəməsi doğru yol deyil. Bu, hakimlərin müstəqilliyinin qarşısını ala bilər. Bunun əvəzində hakimlərin peşəkarlığının artırılması vacibdir. Kompensasiya məsələsini hakimin üzərinə qoymaq bütövlükdə məhkəmə sisteminin sonu olardı.
– Azərbaycanda elə məhkəmə prosesləri keçirilir ki, son nəticədə qanunauyğun olmayan hökmün çıxarılacağı haqda qəti bir fikir formalaşır. Yaxşı olmazmı ki, belə proseslərin gedişatı zamanı hakim dəyişdirilsin və ya ona qanunun düzgün tətbiqi haqda məsləhətlər və ya tövsiyələr verilsin?
– Azərbaycanda çox doğru olmayan bir ictimai təpki forması var. Məhkəmənin gedişatı zamanı vəkillər, ictimaiyyət nümayəndələri mətbuatda ən müxtəlif fikirlər söyləyir, belə deyək ki, məhkəmələrə kənar təzyiq olur. Məhkəmələr təzyiqdən azad olunmalıdır. Bunun qarşısı alınmalıdır. Bu praktika o qədər genişlənib ki, iş məhkəmə instansiyasına daxil olan andan artıq beynəlxalq təşkilatlar şəxsin azad olunmasını tələb edirlər. Bu yanaşma kökündən səhvdir. Bu, qanunun zorlanmasıdır. Bu işlər hakimlərə təzyiqdir. Hakimlərdə belə vərdişlər formalaşdırır ki, “gözləyək görək hökumət qurumları nə deyəcək”. Bu vərdişlər, davranışlar sistemi də çox ziyanlıdır.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın