Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İlham Əliyev: “Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir”

İlham Əliyev: “Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir”

İyulun 9-da Varşavada NATO Sammiti çərçivəsində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş” keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində dünya birliyinin irəli sürdüyü təşəbbüslərə Azərbaycan da öz dəstəyini verir. Ölkəmiz Əfqanıstana sülhməramlı qüvvələrimizin orada təmsil olunması, müəyyən təlimlərin keçirilməsi ilə və digər müxtəlif proseslərdə dəstək göstərir.

NATO-nun Varşava Sammitində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş”də bu məsələlərə toxunan Prezident İlham Əliyev dedi:

«- Cənab baş katib, həmkarlar.

Əfqanıstanın təhlükəsizliyi və davamlı inkişafı regional və qlobal sabitlik üçün olduqca əhəmiyyətlidir.

NATO-nun etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycan “Qətiyyətli dəstək” missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcək və müxtəlif növ tranzit daşımalarını təmin edəcək.

Azərbaycan Əfqanıstanın milli ordusunun Qəyyumluq Fonduna artıq bir neçə dəfə əhəmiyyətli yardımlar göstərib. Biz götürdüyümüz öhdəliklərə uyğun olaraq, həmin Fondu maliyyə baxımından dəstəkləməkdə davam edəcəyik.

Biz Əfqanıstan ilə uzunmüddətli siyasi tərəfdaşlığa və praktiki əməkdaşlığa sadiq qalırıq və “Qətiyyətli dəstək” missiyası başa çatdıqdan sonra geniş Davamlı Tərəfdaşlıq Proqramı çərçivəsində töhfəmizi verməyi nəzərdə tuturuq.

Azərbaycanın Əfqanıstanda sabitliyə və inkişafa verdiyi töhfə NATO əməliyyatlarındakı iştirakımızdan əlavə olaraq həyata keçirilir.

Biz hərbi tədris, təhsil, infrastruktur, daşıma, sərmayələr və qadınların cəmiyyətdə rolunun artırılması kimi sahələrdə praktiki yardım göstərməklə, Əfqanıstanı etibarlı gələcəyə doğru islahatlar yolunda ikitərəfli qaydada dəstəkləyirik.

Azərbaycan yaxın gələcəkdə başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə maliyyə və texniki dəstəyini göstərib. Bu layihə Avropa və Asiyanın dəmir yolu xətlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Əfqanıstan, həmçinin bu mühüm daşımalar şəbəkəsinə qoşula bilər.

Xəzər regionunda ölkəmizin ən iri Beynəlxalq Ticarət Limanının tikintisi Avrasiyada əməkdaşlıq üçün yeni imkanları yaradır. Əminəm ki, Əfqanıstan, həmçinin bu layihədən faydalanacaq.

Azərbaycan–NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır. Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır.

İyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir. Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk.

Sağ olun».

Virtualaz.org

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın