Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “İlham Əliyev bu məktubla Obamaya ciddi mesaj göndərdi” 

“İlham Əliyev bu məktubla Obamaya ciddi mesaj göndərdi” 

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın müstəqillik günü münasibətilə Barak Obamaya göndərdiyi məktubunda iki ölkə arasında əməkdaşlığın konkret sahələrinin vurğulanması diqqət çəkməyə bilməz.

Axar.az xəbər verir ki, bu açıqlama ilə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu çıxış edib. Politoloq sözügedən məktubda Vaşinqtona Dağlıq Qarabağla bağlı mühüm bir mesajın olduğunu bildirib:

“Məktubda Azərbaycanla ABŞ arasında əməkdaşlığın konkret sahələri vurğulanıb. Bu, enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə, sülhyaratma missiyasında birgə iştirak və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfədir. Bunların hər biri ABŞ üçün vacibdir. İlham Əliyev bununla bildirir ki, Azərbaycan ABŞ-ın maraq kəsb etdiyi bütün sahələrdə Vaşinqtonla əməkdaşlığı davam etdirməyə hazırdır. Məktubda Dağlıq Qarabağla bağlı Vaşinqtona çox mühüm mesaj var: “ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın və cənab prezident, şəxsən sizin Dağlıq Qarabağ münaqişəsinin həlli, işğal edilmiş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox həmvətənimizin doğma yerlərinə qaytarılması üzrə səylərinizin tezliklə nəticə verəcəyinə ümid edirik”.

Bu, o deməkdir ki, ökə başçısı Obamanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik siyasətindən razı deyil”.   ABŞ-ın Bakıdakı səfirliyinin müstəqillik günü ilə bağlı tədbirində Azərbaycan rəsmilərinin iştirak etməməsini rəsmi Bakının ABŞ-ın regional siyasətindən narazılığına dair açıq mesaj olduğunu vurğulayan ekspert Dövlət Departamentinin illik hesabatında ölkəmizin tənqid olunmasının münasibətlərə problem yaratdığını xatırladıb:

“ABŞ-dan başqa heç bir ölkə digər ölkələrin vəziyyəti ilə bağlı rəsmi hesabat yayımlamır. Həmin hesabatlardakı tənqidi qeydlər ABŞ-ın bir çox ölkə ilə münasibətlərinə mənfi təsir edir. Bu cür praktika Fransa, Almaniya, Böyük Britaniya və digər demokratik ölkələrdə yoxdur”.

Politoloqun sözlərinə görə, Bakı ilə Vaşinqton arasında münasibətlərin istiləşməsinə ehtiyac var və bunun üçün də ilk növbədə qarşı tərəf bəzi addımlar atmalıdır:

“Azərbaycana qarşı 907-cü düzəlişin ləğvindən tutmuş Dağlıq Qarabağ münaqişəsinin həllində Vaşinqton tərəfindən fəallaşmaya qədər atılan addımlar münasibətlərə impuls verə bilər. Dağlıq Qarabağla bağlı növbəti müzakirə məhz ABŞ-da keçiriləcək. ATƏT-in Minsk Qrupu həmsədrləri keçən həftə Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında görüşlər keçiriblər. Bu görüşlərdə münaqişənin həlli yolları müzakirə olunub. İkinci dəfə isə Azərbaycan və Ermənistan prezidentləri BMT sessiyası çərçivəsində sentyabrda Nyu-Yorkda görüşəcəklər. Əlbəttə, bu görüşlərdə ciddi nəticənin əldə olunacağı problematikdir. Ancaq görüşlərin Rusiya ərazisindən tədricən ABŞ ərazisinə köçürülməsi Vaşinqtonun danışıqlar prosesindəki rolunun artmasına xidmət edir. Vaşinqton verdiyi mesajlarla da Bakı ilə münasibətləri istiləşdirə bilər.

Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollarlıq kredit verib və bu ölkədə “İsgəndər” raketlərini yerləşdirəcək. Vaşinqton bu faktlara münasibət bildirsə, narahatlığını ortaya qoysa, bu, Azərbaycanda müsbət qarşılanacaq. Həmçinin Ceyms Uorlik və digər amerikalı diplomatlar Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovun azad olunması vacibliyini bildiriblər. ABŞ Ruisyada həbsdə saxlanılan ukraynalı döyüşçü Nadejda Savşenkonun azadlığa buraxılması mövzusunu daima gündəmdə saxlayır. Vaşinqtonun iki azərbaycanlı girovla bağlı da İrəvana təzyiqləri artırması imkanı var.

Eyni zamanada, ABŞ-ın Azərbaycanda sıçrayışa səbəb olacaq hansısa iqtisadi layihəni reallaşdırmasına ehtiyac var. 1990-cı illərdə neft kontraktı imzalandıqda ABŞ-ın AMOCO şirkəti Azərbaycanda böyük paya sahib idi. AMOCO-nun mövqeyi ABŞ-ın mövqeyi kimi qiymətləndirilirdi. Bu səbədən rəsmi Bakı o illərdə ABŞ-la çox sıx əlaqələr qurmuşdu. AMOCO siyasi lobbiçiliklə də məşğul olurdu. Məhz AMOCO şirkətinin vasitəçiliyi ilə məşhur amerikalı politoloq və keçmiş müşavir Zbiqnev Bjezinski Bakıya səfərə gəlmişdi. Vaşinqton indi də TAP layihəsinə siyasi dəstəyini artıra bilər. Bu faktor iki ölkə arasında münasibətlərin istiləşməsi üçün yeni istiqamət olar.   Hazırda Qərb ölkələrindən Azərbaycanla əməkdaşlıqda ən fəalı Fransadır. Bu ölkə Azərbaycanda sənaye müəssisələrinin tikintisində iştirak edir, nüvə mərkəzinin tikintisi ilə bağlı geniş fikir mübadiləsi aparır, Bakıda böyük Paris məhəlləsi tikilir, yeni ortaq layihələr müzakirə olunur. ABŞ-ın da Azərbaycanda oxşar strategiyaya ehtiyacı var. ABŞ iqtisadi sahədə Azərbaycanla əməkdaşlığı genişləndirməyə nail ola bilər. Bunun siyasi əlaqələrə də müsbət təsiri olar. Hazırda isə iki ölkənin iqtisadi müstəvidə ortaq maraqları azdır.

ABŞ Azərbaycanla münasibətlərə yenidən baxmalıdır. Vaşinqton Kuba və Venesuella ilə bağlı siyasətini ona görə dəyişdi ki, Rusiya Cənubi Amerikada fəallaşmağa başlamışdı. Bunun qarşısını almaq üçün Obama administrasiyası nəticəsi olmayan sanksiya siyasətindən əl çəkdi. ABŞ hökuməti eyni ilə Azərbaycanda da Rusiyanın maraqlarının artmasını istəmirsə, Bakı ilə münasibətlərdə dəyişiklik etməli, maraqlı iqtisadi, sosial və mədəni layihələr təklif etməlidir”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın