Ana səhifə / Sosial / İlham Əliyev:”OPEC-ə üzv olmayan ölkələr açıq əməkdaşlıq etməlidirlər”

İlham Əliyev:”OPEC-ə üzv olmayan ölkələr açıq əməkdaşlıq etməlidirlər”

“Bu gün biz cənab Prezidentlə çox geniş və səmimi şəkildə dünyanın enerji bazarında mövcud olan vəziyyəti müzakirə və təhlil etdik. Mən Prezident Maduronun bu sahədə gördüyü işləri, göstərdiyi səyləri yüksək qiymətləndirirəm”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
Ölkə başçısı bildirib: “Prezident Maduro regiona səfər edir. Bu turda neft hasil edən bir neçə ölkəyə səfər edəcəkdir. Birinci ölkə isə Azərbaycandır. Mən cənab Prezidentə dedim və eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir. Mən bu yaxınlarda rəsmi qaydada bildirdim ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik. Neftlə zəngin olan ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti də alacaqlar.
Əlbəttə, burada ölkələrarası koordinasiya işlərinə gərək bütün ölkələr çox diqqətlə yanaşsınlar, xüsusilə OPEC ölkələri və müstəqil hasilatçılar. OPEC-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər, birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu, olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin. Yəni, burada balans olmalıdır. Bu gün bu balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər.
Bu, ədalətsizlikdir və bu balans bərpa edilməlidir. Əminəm ki, belə olarsa, hər kəs ancaq mənfəət götürə və burada maraqlar balansı da təmin edilə bilər. Çünki artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir. Mən bu münasibətlə Prezident Maduronun bu xüsusi missiyasını bir daha qeyd etmək istəyirəm. Prezident Maduro çox böyük səylər göstərir ki, OPEC və qeyri-OPEC hasilatçılarını bu ədalətin bərpa edilməsinə inandırsın. Mən bu missiyaya uğurlar arzulayıram. Azərbaycan artıq öz sözünü deyib. Siz bizə istinad edə bilərsiniz ki, artıq Azərbaycan bu öhdəliyi öz üzərinə götürüb və gözləyirik ki, digər ölkələr də oxşar addımlar atsınlar”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın