Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / İlham Əliyevdən Sergey Lavrova və Turan İbrahimova DİPLOMATİYA DƏRSİ

İlham Əliyevdən Sergey Lavrova və Turan İbrahimova DİPLOMATİYA DƏRSİ

Prezident İlham Əliyevin Lapşinin Azərbaycana ekstradisiyasından sonra cəmiyyətdə yaranmış yüksək ovqatın ardından Milli Qəhrəman Çingiz Qurbanovun valideynlərini qəbul edərkən verdiyi açıqlama təkcə ermənilərə deyil, onların havadarlarına tərs şillə effekti verdi. 

Xüsusən də bu bəyanatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığı haqqında Rusiyanın baş diplomatının bir müddət öncə qalmaqala səbəb olan həyasız ermənipərəst açıqlamasına da İlham Əliyevin diplomatik qulaqburması hesab etmək olar.

Dövlət başçısı ad çəkməsə də Dağlıq Qarabağ münaqişəsinə diqqəti yönəldərək bu torpaqların Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, istənilən vaxt həmin əraziləri işğaldan azad etmək haqqına sahib olduğunu bəyan etməklə bir daha Rusiyanın ermənipərəst mövqeyini qınadı:
“Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin. Çox çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, – Ermənistan təşkilatın üzvüdür, – bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.
Diqqətçəkən bir məqam da son vaxtlar yaranmış münbit şəraitdən maksimum bəhrələnməyə çalışaraq özünü politoloq kimi cəmiyyətə sırımaq istəyənlərin də pafoslu bəyanatlarının təsdiqini tapmamasıdır. Bu baxımdan ATV telekanalında səhər proqramının aparıcısı olan Turan İbrahimovun politoloq kimi təqdimatındakı siftənin də korlandığını iddia edə bilərik.
Xatırladaq ki, Turan İbrahimov az qala Lavrovun dediklərini yamsılayaraq Dağlıq Qarabağ münaqişəsinin artıq Azərbaycanın daxili işi olmadığını bəyan etmişdi. İndi sual olunur, görəsən “gənc və perspektivli politoloq” dediyini danacaqmı, İlham Əliyevin bəyanatının haqlı olduğunu etiraf edəcək, yoxsa yenə də lavrovsayağı açıqlamasının üstündə duracaq? Çətin dursun, çünki onun çürük məntiqinin artıq ayaqlarına titrətmə düşdüyünü iddia etmək heç də münəccimlik etmək anlamına gəlməməlidir. Bu olay bir daha digər öncəgörənlərə də dərs olmalıdır ki, danışanda diqqətli olsunlar, sözü ağızlarında bişirdikdən sonra çıxarsınlar, yoxsa sonradan Turan İbrahimovun acınacaqlı aqibətini yaşamasınlar. (Moderator.az)

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın