Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / İlham Əliyev erməni diplomatını peşman etdi

İlham Əliyev erməni diplomatını peşman etdi

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı Ermənistanın XİN əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsində ittiham etməsinə dair sualına cavabında Prezident İlham Əliyev bu fikirlərin tam yanlış olduğunu bildirib.
O, Azərbaycanın Ermənistanı yalnız işğalda günahlandırdığını vurğulayıb: “Ermənistanı nəinki biz, o cümlədən, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib.
Biz erməni xalqını deyil, Ermənistan hökumətini Xocalıda soyqırımı törətməkdə ittiham edirik. Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni bandaları tərəfindən qətlə yetirilib. Bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən qəbul olunub. Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağda, 750 mini Azərbaycanın digər işğal olunmuş ərazilərində, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkəyə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın”.
Göründüyü kimi, Prezident erməni diplomatiyasını tam ifşa edən kəskin bir mövqe ortaya qoyub. Ölkə başçısının bu prinsipial mövqeyinin Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında nə kimi rolu olacaq?
Millət vəkili Zahid Oruc qəzetimizə bildirdi ki, Azərbaycan Prezidentinin beynəlxalq siyasi hadisələri dərindən təhlil etmək və orada ölkəmizin maraqlarını güclü bir şəkildə qorumaq üçün də həm Davos Forumu, sonra Londonda Suriyaya dəstək konfransı, ardınca isə Münhen Təhlükəsizlik Konfransında iştirak etməsi çox önəmlidir: “Açıq demək lazımdır ki, bu tədbirlərin tribunası kifayət qədər böyükdür. Dünyanın əsas informasiya vasitələri bu tədbirləri hər gün işıqlandırır və onun üzərindən həm ölkəmizin müxtəlif diplomatik maraqlarını təqdim etmək, mövqeyini ortalığa qoymaq imkanları əldə edilir. Bir çoxları düşünə bilərdi ki, Azərbaycanı bu və ya digər səbəblərə görə sanksiya rejimi altına salmaq istəyən dairələrin mövqeyi üstünlük təşkil edəcək, Azərbaycan əsas siyasi qərarları verən beynəlxalq qüvvələrdən kənar düşəcək, Azərbaycanın yolları bloklanacaq, bizim ölkəmizlə tərəfdaşlıq etmək istəyən Qərb dairələrinin əlaqələri kəsiləcək və sair.
Bunlar baş vermədi. Həm Davosda keçirilən görüşlər, həm London və Münhendəki görüşlərin ümumi dairəsi, həmçinin cənab Prezidentin orada istər Qarabağ problemi ilə bağlı, istərsə də regional və beynəlxalq təhlükəsizliklə bağlı mövqeyi sübut edir ki, Azərbaycan bu ailənin tamhüquqlu üzvüdür. Ölkəmiz maksimum dərəcədə çalışır ki, Suriya ətrafındakı problemlər çözülsün, eləcə də Rusiya ilə Türkiyə arasında son dövr daha da intensivləşən soyuq münasibətlərin mənfi istiqamətdə dərinləşməsinin qarşısı alınsın. Yəqin ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Gəncəyə səfəri zamanı da Azərbaycan Prezidenti təkcə bizim coğrafiyanın problemləri deyil, regionüstü məsələlərdə də bir daha öz rolunu uğurla ifadə edəcək. Hesab edirəm ki, cənab Prezident bütün beynəlxalq əlaqələri yüksək səviyyədə saxlamaqla Azərbaycanın təcrid olunmasının qarşısını alır. Bu istəkdə olan dairələrin mövqeyinə zərbə vurur”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın